- Mədəni adam
- 31 Oktyabr 2018 13:47
- 2 904
Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edilib
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib
Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edilib.
AzNews.az xəbər verir ki, kollektiv Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyul 2018-ci il tarixli sərəncamına əsasən qeyd olunan yubiley tədbirinə əməllicə hazırlaşıb. Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, ölkənin teatr ictimaiyyətinin və şəhər ziyalılarının nümayəndələri əvvəlcə teatrdakı sərgi ilə tanış olublar.
Təntənəli mərasim Sumqayıt teatrının tarixini və bu gününü əks etdirən videoçarxın nümayişi ilə başlayıb. 1968-ci ildə hələ iyirmi yaşı tamam olmamış gənc Sumqayıt şəhərində mədəniyyət ocaqlarının tikilməsi, gənclərin dram dərnəklərinə həvəs göstərməsi, sənaye şəhərinin sürətlə böyüməsi əhalinin asudə vaxtının səmərəli və maraqlı keçirməsi üçün teatrın yaranmasını vacib amilə çeviririb. Gənclik şəhərində teatrın yaradılması barədə respublika Nazirlər Sovetinin sərəncamına əsasən, mədəniyyət naziri Rauf Hacıyevin əmri ilə 1 avqust 1968-ci ildə fəaliyyətə başlayan sənət ocağına o dövrün tanınmış teatr xadimləri, cavan rejissorlar üz tuturlar. Dövlət Gənclər Teatrı kimi işə başlayan kollektiv ilk tamaşanı 1969-cu il may ayında oynayır. Yeni teatr Cənnət Səlimovanın quruluşunda Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası ilə teatrsevərlərin görüşünə gəlir.
Respublikanın digər teatrları kimi, Sumqayıt teatrı da daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub, kirayənişin kimi məskunlaşdığı “Kimyaçı” Mədəniyyət sarayı isə Prezident İlham Əliyevin sərəncamı ilə teatrın balansına keçirilib, tikildiyi vaxtdan keçən 60 il ərzində ilk dəfə əsaslı təmir edilərək, yaradıcı kollektivin ixtiyarına verilib.
© AzNews.az