- Mədəni adam
- 29 Noyabr 2018 13:40
- 26 191
Elektron, yoxsa kağız kitab? – SORĞU
“Kitab alıcısının bugünkü durumu necədir?”
“Kitab alıcısının bugünkü durumu necədir? İnsanlar internet resurslarından istifadə edərək mütaliə edirlər, yoxsa kitab almağa üstünlük verirlər?”
Respondentlərimizə bu suallarla müraciət elədik. AzNews.az cavabları təqdim edir:
Alpay Azər (yazıçı): İnternet, loru dildə desək, kitab bazarının belini qırdı. Statistik məlumatlara görə, kitabların çox satıldığı ölkələrdə belə, kitab satışında azalma prosesləri gedir. Kasıb, imkanı olmayanlar bir yana, indi imkanlıların da bir qismi elektron oxu vasitələrinə üstünlük verir. İnternet-kitab bazarı müstəvisində adi bir detalı deyim. Tutaq ki, oxucu internetdə sevdiyi yazıçının 5 hekayəsini oxuyur. Sonra eşidir ki, həmin yazıçının kitabı çıxıb. Gedib onu alacaqmı? Məncə, əksər oxucuların beynində bu fikir yaranacaq: əşi, saytda oxumuşam, neyniyirəm, bir də kitabını alım.
Öz adıma deyim, ayda, iki ayda bir dəfə bir ya iki kitab alıram, əsas da, hekayələr və romanlar olan kitabları. Kitabın, kağızın enerjisi başqa şeydi.
Həsən Həsənov (Auidokitab MMC-nin direktoru): Buna bir az fərqli yanaşmaq lazımdır. Çünki həqiqəti desək, yenə ortaya şəhər və bölgələr müqayisəsi gəlib çıxır. Təbii ki, bölgələrdə istənilən texniki resuslardan az istifadə olunur. Bu həm vaxtla həm də bölgənin texniki imkanlarının aşagı olması ilə əlaqələndirmək olar. Şəhərdə həm kitab mağazaları, həm kitablar, elektron kitablar, oxumaq üçün digər elektron vasitələr kifayət qədərdir. İndi daha çox internet resularından istifadə olunur. Əgər oxucunun evində həmin texniki resuslardan nəsə varsa, mağazadan pul verib, kitab almayacaq. Mənə elə gəlir ki, bölgələrdə kitab almağın üstünlüyü var. O üstünlük də texniki resursların az olmasından və ya heç olmamasından irəli gəlir. İndi metroda, avtobusda ümumiyyətlə, bütün nəqliyyat vasitələrində elektron kitablardan istifadə olunur. Təsadüfü hallarda kiminsə əlində kitab görərsən. Bir sözlə internet resuslarından daha çox istifadə olunur.
Mübariz Örən (yazıçı): Azərbaycanda kitab industriyası tədricən öz işlək tempini almaqdadı. Beş-on il əvvəllə müqayisədə bu yöndə gözəçarpacaq irəliləyişlər var. Gənclər oxuyur. Xüsusən də türk, ingilis, rus dillərində oxuyanların sayı artıb. Bu, kitab, yaxud da internet resursları hasabına baş verə bilər, bunun böyük mənada fərqi yoxdu. Əsas kitaba olan marağın artmasıdır. O ki qaldı bizim yazarların kitablarını satılmamasına, zənnimcə, bu işdə oxucunun günahı yoxdu. Gün-gündən dəyişən, yüksək təcillə yenilənən dünyada durmadan təzələnmək lazımdı, hadisələrlə ayaqlaşmaq, - təbii, sənətkarlıq məsələlərinə xələl gətirməmək şərtilə, - oxucudan bir addım irəlidə olmağı bacarmaq lazımdı. Bəlkə bu halda gözlənilən, təlabatı olan kitablar ortaya qoymaq olar.
Şərif Ağayar (yazıçı): Bizdə kitab industriyası yoxdur. Nə qədər ki, yoxdur, kitab satışından və alıcıdan ürəklə danışa bilmərik. Tək-tük nəşriyyatların və tək-tük kitab mağazalarının lokal uğurundan danışmaq isə hardasa mümkündür. Çünki 10 il əvvəllə müqayisədə daha yaxşı kitablar nəşr olunur, mağazaların da, oxucuların da sayı artıb.
İnternet, televiziya, kompüter və mobil telefonlar kitabı daha çox vaxt mənasında sıxışdırır. Adamların zamanını alır. Məncə, internet kitabı əvəz edə bilməz. Xüsusən, irihəcmli kitabı. Hətta audiokitab da kitabı tam əvəz eləmir. Bəlkə zaman keçdikcə əvəz edəcək, lakin biz bir az da klassik adamlar olduğumuz üçün bunu bütün varlığımızla hiss edə bilməyəcəyik. Kitab həm də təmas və qoxu deməkdir. Canlı ünsiyyət başqadır.
Sevinc Elsevər (yazıçı-şair): Bəzi adamlar üçün internetdən, kompüterdən oxumaq rahat deyil. Məsələn, mənim üçün. Kompüterdən, telefondan şeir oxuya bilərəm. Amma qalın bir kitabı, romanı necə oxuyasan? Mən oxumaq istədiyim kitabları alıram. Kitabxanadan da götürmək sərf eləmir. Çünki orda sənəd qoymaq lazımdı. Mənsə, bir kitabı həzz ala-ala, öz təbii sürətimlə oxumağa üstünlük verirəm. Kitabxanadan müəyyən müddətə verilir kitablar. Sevmirəm belə. Elə kitab var ki, şokolad kimi xırda-xırda dişləmək istəyirsən. Dostlardan da kitab götürmürəm. Çünki kitab çox xoşuma gəlsə, qaytarmaq zülüm olur. Oxuduğum kitabları kitabxanamda saxlayıram. Gələcəkdə uşaqlarımın oxumaları üçün. Amma tez-tez özüm də o kitablara qayıdıram, həm də buna görə. Kitab alıcısı əvvəlki illərə nisbətən artıb. Bu, maarifçi təbliğatın nəticəsində mümkün olub. Amma ölkədəki yeni nəşrlərin və yazarların bolluğu ilə müqayisədə alıcı sayı azdı, əlbəttə. Çox adamın maddi imkanı çatmır istədiyi kitabı alıb oxumağa. Kitabların qiyməti bahadı. Neçə dəfə bahalı bir kitabda gözüm qalıb. Ala bilməmişəm. Bunu da naşirlər vergilərin çoxluğu, kağızın bahalığı ilə izah ediblər dəfələrlə. Biz də dəfələrlə arzu eləmişik ki, dövlət kitab sahəsinin inkişafında maraqlı olsun. Hələ ki, belə davam edir.
İlqar Fəhmi (yazıçı-şair): Böyuk əsərləri əsasən, kitab halında mütaliə edirlər. Amma kiçikhəcmli əsərlər daha çox internetdən oxunur. Misalçün son onillikdə şeirlər əsasən, internetdən oxunur. Bu gün müəlliflərin demək olar ki, hamısı şeirlərini ilk olaraq, sosial şəbəkələrdə paylaşır, yalnız xeyli vaxt keçəndən sonra kitab kimi çap edilir.
AzNews.az