- Mədəni adam
- 19 Dekabr 2018 10:55
- 5 163
Mehdi Məmmədovun 100 illiyi təntənəli şəkildə qeyd edilib - FOTO
Tədbirdə nazir Əbülfəs Qarayev Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıb
Dekabrın 18-də Akademik Milli Dram Teatrında Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzNews.az-ın məlumatına görə əvvəlcə tədbir iştirakçıları teatrın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.
Tədbirdə əvvəl jurnalistlərə müsahibə verən mədəniyyət naziri Əbülfəs Qarayev Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıb. Bildirib ki, ölkə başçısı cari ilin 23 aprel tarixində “Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən görkəmli rejissorun yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilməkdədir.
Nazir vurğulayıb ki, 2019-cu ildə də ölkəmizdə bir-birindən rəngarəng mədəni tədbirlər keçiriləcək, görkəmli ədiblərimizin yubileyləri dövlət səviyyəsində qeyd olunacaq.
Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi Azərbaycan teatr sənətinin yaranmasında, inkişafında, təbliğində müstəsna xidmətləri olan sənətkarların qiymətləndirilməsi, o sənətkarların keçdiyi yaradıcılıq yolunun, ölkə mədəniyyətinə verdiyi töhfələrin dəyərləndirilməsi, onların əziz xatirəsinin yad olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Müxtəlif illərdə görkəmli sənətkarlar – Abbas Mirzə Şərifzadə, Ələsgər Ələkbərov, Ağadadaş Qurbanov, Hökümə Qurbanova, Əliağa Ağayev, Barat Şəkinskaya, Adil İsgəndərov, Şəmsi Bədəlbəyli, Tofiq Kazımov və başqa sənətkarların yubileyləri dövlət səviyyəsində qeyd olunub, onların keçdiyi sənət yolu, Azərbaycan mədəniyyətində qoyduqları irs işıqlandırılıb, ölkə səviyyəsində silsilə tədbirlərlə yad edilib. Teatr sənətinin inkişafında müstəsna rolu olan, belə görkəmli rejissorlardan biri də Mehdi Məmmədovdur. Ölkə başçısı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb, Mədəniyyət Nazirliyi Sərəncamın icrasını təmin etmək məqsədilə tədbirlər planı hazırlayıb. Keçirilən bugünkü tədbir də Mehdi Məmmədovun xatirəsinə həsr olunmuş növbəti ehtiramın göstəricisidir.
Mehdi Məmmədovun ömür yoluna nəzər salan V.Əliyev deyib ki, o, 1918-ci ildə Şuşa şəhərində anadan olub. Hələ uşaq yaşlarından Bakı Türk İşçi Teatrının səhnəsində çıxış edən M.Məmmədov 1932-1935-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində oxuyub, 1940-cı ildə təhsilini A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda davam etdirib.
Yaradıcılıq fəaliyyətinə 1940-cı ildə Gəncə Dövlət Dram Teatrında başlayan gənc rejissor burada Məmmədhüseyn Təhmasibin “Bahar”, Üzeyir Hacıbəylinin “Məşədi İbad”, Cəfər Cabbarlının “Od gəlini”, Səməd Vurğunun “Vaqif” pyeslərinə quruluş verib. Öz axtarışları, üslubu, dəstxətti ilə seçilən sənətkar ömrünün sonuna qədər respublikanın mötəbər teatrlarında baş rejissor vəzifəsində çalışıb. Xalqın, teatrsevərlərin maraqla izlədiyi, sevdiyi tamaşaların müəllifi olub. O, 1953-1960-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 1960-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 1978-1982-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. Yaradıcılıq fəaliyyəti ilə yanaşı M.Məmmədov 1969-cu ildən 1976-cı ilə qədər Azərbaycan Teatr Cəmiyyətinə də sədrlik edib.
“Nadir istedada malik rejissorun müəllifi olduğu Cəfər Cabbarlının “Oqtay Eloğlu”, “Od gəlini”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Hüseyn Cavidin “Xəyyam”, “İblis”, Mirzə İbrahimovun “Kəndçi qızı”, Sabit Rəhmanın “Toy”, Nikolay Qoqolun “Müfəttiş”, Lope de Veqanın “Rəqs müəllimi”, Karlo Holdoninin “Mehmanxana sahibəsi”, Maksim Qorkinin “Meşşanlar”, Lev Tolstoyun “Canlı meyit” və bir çox başqa tamaşalar Azərbaycan teatr sənətinin, səhnəmizin ən uğurlu nümunələri kimi dəyərləndirilib və tarixdə öz layiqli yerini tutub. Rejissorun Akademik Dram Teatrının səhnəsində hazırladığı, öz orijinallığı, yüksək bədii keyfiyyətlərinə görə seçilən Hüseyn Cavidin “İblis” tamaşası 1984-cü ildə Dövlət mükafatına layiq görülüb”, - deyə Vaqif Əliyev vurğulayıb.
Mehdi Məmmədov rejissor kimi qazandığı uğurları həm də aktyor kimi təkrarlayıb. Onun Akademik Dram Teatrının səhnəsində yaratdığı Tolstoyun “Canlı Meyit”ində Fyodor Protasov, Cavidin “Xəyyam”ında Xəyyam, Vurğunun “İnsan”ında Şahbaz, Qorkinin “Meşşanları”nda Teterev, 1959-cu ildə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Onu bağışlamaq olarmı?” bədii filmində yaratdığı Qaya obrazı yüksək ifaçılıq nümunəsi kimi bu gün də xalqın və teatrsevərlərin yaddaşındadır.
O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, Cakomo Puççininin “Toska”, Cahangir Cahangirovun “Azad” operalarına, Azərbaycan Dövlət Rus Dram Teatrında Maksim Qorkinin “Həyatın dibində”, Mixail Şatrovun “Mənim ümidlərim” əsərlərinə maraqlı quruluş verib.
Bildirilib ki, Mehdi Məmmədov Azərbaycanda teatr səhnəsindəki məhsuldar fəaliyyəti ilə paralel olaraq, 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. Görkəmli rejissor bu sahədə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib. Onun müəllifi olduğu “Azərbaycan dramaturgiyasının estetik problemləri”, “Teatrlar. Aktyorlar. Tamaşalar”, “Rejissor sənəti”, “Estetika haqqında söhbətlər”, “Teatr düşüncələri”, “Onun sənət ulduzu”, “Moskva Akademik Bədaye Teatrı” kitabları bu gün də yeni nəsillərin yetişməsində mühüm elmi vəsait kimi dəyərləndirilməkdədir.
Diqqətə çatdırılıb ki, Azərbaycan teatr sənətində qazandığı uğurlara görə Mehdi Məmmədov 1949-cu ildə Əməkdar incəsənət xadimi, 1958-ci ildə Xalq artisti, 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb.
Mədəniyyət nazirinin birinci müavini son illər ölkəmizdə teatrlara göstərilən dövlət qayğısından, sənət adamlarının qazandığı uğurlardan, sənət ocaqlarının beynəlxalq əlaqələrindən də geniş söz açıb. Qeyd edib ki, son 10 il ərzində respublika teatrları 30-dan çox ölkədə beynəlxalq festivallarda iştirak edib, qastrol səfərlərində olub: “Bu dövr ərzində görülən işlər ölkə teatrlarının inkişafına xidmət etmiş, inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Fəxr hissi ilə qeyd edə bilərəm ki, bu gün Azərbaycan teatrı artıq yeni bir mərhələnin - dünya və Avropa teatr mədəniyyətinin tələblərinə cavab verən tendensiyaların bir parçasına çevrilib, müasir teatr prosesinə qoşulub”.
Bu gün müstəqil ölkəmizdə fəaliyyət göstərən teatrlarda çalışan bir çox rejissor və aktyorun ömrünün 50 ilə yaxın bir dövrünü teatr sənətinə həsr etmiş unudulmaz sənətkar Mehdi Məmmədovun yetirmələri olduğunu söyləyən natiq deyib: “Vətəninə, xalqına, teatr sənətinə, layiqincə xidmət etmiş unudulmaz sənətkar Mehdi Məmmədov məktəbinin yaradılmasına nail olmaqla sadəcə öz dövrünün deyil, Azərbaycan teatr sənətinin gələcək uğurlarının, inkişafının iştirakçısı olub”.
Sonra Mehdi Məmmədovun quruluş verdiyi və oynadığı tamaşalardan parçalar təqdim olunub.
AzNews.az