"İnanıram ki, yeri olmayan bütün teatrlar bina ilə təmin olunacaq”. "İnanıram ki, yeri olmayan bütün teatrlar bina ilə təmin olunacaq”.

Teatr direktorları Əbülfəs Qarayevə müraciət etdi - "Uşaq Teatrına yer verilsin"

"İnanıram ki, yeri olmayan bütün teatrlar bina ilə təmin olunacaq”.

Bir neçə gün öncə mədəniyyət naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılan məsələlərə həsr olunan mətbuat konfransında Bakı Uşaq Teatrının binasının təmin olunacağı ilə bağlı fikir səsləndirib. Nazir teatrın yerlə təmin olunması üçün əlindən gələn dəstəyi əsirgəməyəcəyini deyib:

“İntiqam Soltanla gözəl münasibətimiz var. Hörmət etdiyim şəxslərdəndir. Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu il Uşaq Teatrına bina verilməsi ilə bağlı danışıqlar aparacağam. Tez bir zamanda bu problemin həlli üçün əlimdən gələni edəcəyəm” – deyə bildirib.

Ümuniyyətlə, Bakı Uşaq Teatrına bina lazımdırmı?

AzNews.az bu haqda digər teatrların direktorları arasında sorğu keçirib.

Akademik Milli Dram Teatrının direktoru və baş rejissoru, Xalq artisti Azər Paşa Nemətov:

“Bu gün Azərbaycan teatrlarına olan diqqət göz qarşısındadır. Düşünürəm ki, yaxın zamanlarda yeri olmayan bütün teatrlar yerlə təmin olunacaq. O cümlədən də Bakı Uşaq Teatrı”.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə:

“Cənab nazirin mətbuat nümayəndələri ilə görüşündə Bakı Uşaq Teatrına məkan verilməsi ilə bağlı məsələ müzakirə edilib. Nazir bildirdi ki, Bakı Uşaq Teatrına yer verilməlidir. Düşünürəm ki, bütün teatlar bina ilə təmin olunmalıdır”.

YUĞ teatrının direktoru İslam Həsənov:

“Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında yersiz teatrlarla bağlı məsələyə toxundu. Hamı bilir ki, YUĞ teatrının binası yoxdur. YUĞ-un binası vardı və məlum səbəblərdən bir neçə il öncə həmin bina söküldü. O vaxtdan bu günə kimi Kukla Teatrında məskunlaşdıq. Artıq mədəniyyət sahəsində çox ciddi proseslər gedir. Bu məsələ dövlət başçısının və mədəniyyət nazirinin diqqət mərkəindədir. İnanıram ki, yeri olmayan bütün teatrlar bina ilə təmin olunacaq”.

İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru İftixar Piriyev:

“Hər bir teatrın öz binası olmalıdır. Lakin bina yalnız özünü təsdiqləmiş teatrlara verilir. “Bakı Uşaq teatrı” Bakı şəhər Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərir və həmin teatrla bağlı bütün qərarları da bu qurum verməlidir”.

Bahar RÜSTƏMLİ

AzNews.az