- Mədəni adam
- 12 Fevral 2020 12:20
- 13 751
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitabları təqdim olundu
İndiyə qədər çap olunmuş bütün şeirləri toplanıb
Azərbaycan Yazıçılar Birliyində gənc şair Fərid Hüseynin "Zərdabi” nəşriyyatında çap olunmuş "Kaspi nəşrləri” seriyasından "Sevdiyim əsər” (müsahibələr) və "Mücrü” nəşriyyatında çap olunmuş "Təkrarın tənhalığı” (şeirlər) adlı kitablarının təqdimat mərasimi keçirildi. Dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçilmiş söz və fikir adamlarının müsahibələrinin toplandığı "Sevdiyim əsər” kitabı maraqla qarşılandı. Belə ki, sözügedən toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur. Təqdimatda 101 müsahibənin cəm olduğu kitabda 100-ə qədər əsərdən söhbət getdiyi və hər bir müsahibənin ayrı-ayrılıqda xüsusi çəkisi olduğu vurğulandı. "Təkrarın tənhalığı” kitabında isə Fərid Hüseynin indiyə qədər çap olunmuş bütün şeirləri toplanıb.
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üş üzrə katibi, tanınmış şair Rəşad Məcid Fərid Hüseyni həm "Artkaspi.az” saytının baş redaktoru, həm də şair kimi təqdim edərək sözə başladı: "Fəridin gözəl layihələrindən biri "Sevdiyim əsər” layihəsidir. Ümumiyyətlə, bu kitab gənc ədəbiyyatçılar üçün vacib, lazımlı bir kitabdır. Fəridin timsalında belə bir kitabın ərsəyə gəlməsi böyük hadisədir. Burda Fərid Hüseynin zəhmətini qiymətləndirilir. Amma eyni zamanda, şərait yaratdığına görə "Kaspi” qəzetinin rəhbəri hörmətli Sona xanımın əməyi də xüsusi vurğulanmalıdır. Çünki o, ədəbiyyata çox böyük diqqət və qayğı göstərir. O ki qaldı gənc şairə, biz Fəridin poeziyasına bələdik. Mən ona uğurlar arzulayıram. Eyni zamanda Anar müəllimin adından da təbrik edirəm”.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tədbirin aparıcı Səlim Babullaoğlu poeziyanın yalnız bizim gördüklərimiz, həyat tərzimiz olmadığını, hər bir insanın bu təcrübəni qazanmaq üçün çalışmasının labüd olduğunu vurğuladı: "Fəridin qısa yaradıcılıq bioqrafiyasına baxanda aydın olur ki, o doğrudan da, bizim ənənəvi və vərdiş elədiyimiz mənada məhsuldar şair deyil, əksinə, o öz ruhunun təcrübəsini yazan, bunu tələsmədən edən, hər dəfəsində də püxtələşərək bacaran insandır. Həbsxanadakı həyat təcrübəsindən sonra dərin iztirablı şeirlər yazıb. Ola bilsin ki, fiziki mənada, insani mənada hansısa vaxtı itirdi, amma şair kimi çox böyük və dərin mətləblərə baxmaq imkanını qazandı. Sanki Fəridin gözlərinin qabağında hansısa bir pərdə vardı və o pərdə çəkildi. Əlbəttə, bu o demək deyil ki, şairlər dərin yaralar aldıqdan sonra nələrsə yazıb-yarada bilər! Bu qətiyyən belə deyil. Amma Fəridin təcrübəsində bu belə olur. Xatırlayıram ki, Fəridin illər əvvəl kitabında belə bir ön söz vardı: "Zaman gələcək, öz kitablarının, şeirlərinin ən yaxşı redaktoru olacaqsan”. Doğrudan da elə oldu. Fərid indi təkcə öz kitablarının deyil, onlarla, bəlkə son beş ildə yüzə yaxın kitabın redaktoru olub. Bundan başqa, "Artkaspi.az” saytının baş redaktoru, "Kaspi” qəzetinin "Ədəbiyyat” əlavəsinin redaktoru və doğrudan da həm şair, həm də ədəbi fəhlə kimi özünü doğrultdu. Çünki ədəbiyyat yalnız öz ovqatına, daxili ruhunu yazmaq deyil, ədəbiyyat naminə işləməkdir. Fərid bu təcrübələri qazandı”.
Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyeva çıxışında kitabda yer alan hər bir məqalənin onun gözümün qarşısında hazırlandığını vurğuladı: "Bu kitabda təkcə ədəbiyyat sahəsində olan insanların deyil, digər sahələrdə də çalışan mütəxəssislərin müsahibələri dərc olunub. Bu cür kitablar həqiqətən abidə hesab olunur. Ümumiyyətlə hər bir dəyərli kitab abidədir. Bu kitaba bənzər bizim bir kitabımız da dərc olunacaq. Həmin kitabı 8 Mart qadınlar bayramı münasibəti ilə təqdim etməyi düşünürük. Orda bizim şairlərin, yazarların xanımlarının müsahibələri dərc olunacaq. Kitab "Hər kəsin bir eşqi” adlanır. "Kaspi” qəzeti olaraq 20-dən artıq layihə həyata keçirmişik. Müxtəlif mövzulara həsr olunmuş bu layihələr kitab şəklində işıq üzü görüb. Onların hamısı ayrı-ayrılıqda bir tarixdir. Onları mütləq abidələşdirmək lazımdır ki, gələcəyimizə bir töhfə olaraq qalsın”.
Fəridin yaradıcılığına gəldikdə isə, S.Vəliyeva qeyd etdi ki, gənc bir adam böyük bir enerji ortaya qoya bilirsə, onun yaşı məxsus olduğu yaş çərçivəsindən çoxdan çıxıb: "Bir az da yüksəlir, ucalır, yaxşı mənada öz yaşıdlarından bir qədər yaşlı görünür. O, yüksəldikcə başını aşağı salıb öz işini görür. Hər zaman gənclərə deyirəm ki, işi qarşıya ötürüb, arxasında durun. İş görünməlidir, insanın özü deyil. Müəllif öz yazısı ilə görünür. Fərid işi ilə, fəaliyyəti ilə görünənlərdən biridir. İnanıram ki, bu gün təqdimatına yığışdığımız bu kitablar hər birimizin stolüstü kitabları olacaq. Bu kitabda dünya ədəbiyyatı, rus ədəbiyyatı, bizim qardaş türk ədəbiyyatı haqqında, klassik əsərlərin yazarları haqqında rəylər var”.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli hər bir kitabı hadisə hesab etdiyini bildirdi: "Bu hadisəni qeyd etmək lazımdır. Kitabdan kitaba da fərq var. Ən sanballı kitab isə kitab haqqında yazılmış kitabdır. Fəridin bu kitabı isə çox sanballı kitablardan hesab edilir. İnsan ömrü müvəqqətidir. Əbədi qalan isə sözdür. Söz insan ömrünü uzadır. Fərid sözünə canını qoydu, əbədiyyət qazandı. Bizim əbədiyaşar dəyərlərimiz haqqında olduğuna görə, bu kitab hər zaman yaşayacaq və gənc nəslə ötürüləcək. Hər adam söz deyə bilmir. Hamı söz danışa bilir, amma hər kəsin qəlbinin incə tellərinə toxunan sözləri deməksə istedadlı insanlara məxsusdur. O sözü insanlara çatdırmağın iki üsulu var. Ya Tanrı sənə elə istedad verməlidir ki, sən ağzını açanda öz sözünlə deyil, mələklərin dili ilə danışasan, ya da o qədər oxumalı, öyrənməlisən ki, zəhmətin hesabına, mütaliənlə, yuxusuz gecələrinlə həmin anda o sözü demək imkanına sahib olasan. Yaxşı əsər yazmaq üçün çox oxumaq lazımdır. Dünya ədəbiyyatına, klassiklərə bələd olmalısan”.
T.Kərimli Fəridin kitabında müzakirə edilən hər bir əsər haqqında yeni qatların açıldığını qeyd etdi: "Hesab edirəm ki, bu hələ hamısı deyil. Hər bir dahiyanə əsərin o qədər qatları olur ki, onu nə qədər açsan da, yenə də gizlin tərəfləri qalır. Fərid bu kitabında bizim mənəvi sərvətlərimiz olan bir çox kitabların qatlarını müsahibə götürdüyü insanların dili ilə, eyni zamanda onlara yönləndirici suallar verməklə açıb. Bu kitab Azərbaycan xalqına, bizim gənclərə lazımlı bir kitab olacaq. Müəllif işin, zəhmətin yarısıdırsa, mesenat, ona qayğı göstərən şəxs digər bir yarısıdır. Mən həm "Kaspi” qəzetinə, həm də Fəridə uğurlar diləyirəm”.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov "Ədəbiyyat” qəzetinin mövcud olmadığı bir dövrdə ədəbiyyatımızın qayğısını "525-ci qəzet” və "Kaspi” qəzetlərinin çəkdiyini diqqətə gətirməklə sözə başladı: "Belə bir dönəmdə "Kaspi” qəzeti mütəmadi olaraq ədəbiyyatımızı izlədi, "Ədəbiyyat” əlavəsi dərc etdi. Təkcə ədəbi-bədii yazılar vermədi, həm də bu gün şahidi olduğumuz ədəbiyyatın nəbzi ilə bağlı olan müxtəlif mütəxəssislərin elmi, müxtəlif səpkidən yazıları dərc olundu. Ədəbiyyat elə bir aləmdir ki, cəmiyyəti istər-istəməz müxtəlif yönlərdən görür. Ədəbiyyat haqqında ən gözəl sözü yazıçılar deyirlər. Ədəbiyyatşünasın təfəkküründə bir standartlıq ştampı var, amma yazıçılar ədəbiyyat, ayrı-ayrı obrazlar, cərəyanlar haqqında bəzən elə gözlənilməz məqamları qeyd edirlər ki, bu doğrudan da insanı düşünməyə vadar edir. Bu kitabda ən çox oxuduğum hissə yazıçılarla bağlıdır. Bu kitab çox müxtəlif nəsilləri əhatə edib. İstər ədəbiyyatşünaslar olsun, istər yazıçılar. Çox müxtəlif zövqləri özündə əks etdiri. Misal üçün, Seyran Səxavətlə danışmaq hər oğulun işi deyil. Burada müxtəlif yönlü, müxtəlif zövqlü, müxtəlif üslub sahibi olan adamlarla ustalıqla danışmaq ondan xəbər verir ki, bizim gənc istedadlar arasında ədəbiyyatçı və şairimiz var. Onun həsrətindəyəm ki, bizim yazıçılarımız da ədəbiyyatçı olsun. Bəzən eşidirəm, gənclər deyir ki, mən zəhmət çəkməmiş şeir yazıram. Allahdan vergi gəlir, oturub yazıram. Belə ədəbiyyat olmaz, belə ədəbiyyat Biləcəridən o tərəfə getməz. Ədəbiyyat böyük zəhmət tələb edir. Ancaq Fərid gecələri yatmayıb, bu əsərləri oxuyub və məhz bu biliklərin nəticəsində alimlə, yazıçıyla, ədəbiyyatşünasla rahatlıqla danışa bilir. Bu kitab həm orta, həm də ali məktəblər üçün çox gözəl oxu kitabıdır. Sona xanıma da təşəkkür edirəm ki, belə gəncləri üzə çıxarır, onlara dayaq olur”.
Yazıçı Seyran Səxavət Fərid Hüseynin sözə, dünyaya fərqli yöndən yanaşdığını, yanaşdığı istiqamətdə isə tək olduğunu vurğuladı: "Fərid Azərbaycan ədəbiyyatı üçün həm qənimət, həm də dəyərdir. O, yaşından tez böyüyüb. O, dəyərli söz adamıdır. İstedadlı gəncdir. Onun ilk dəfə qəzetlərin birində çıxan şeirini oxudum. Mənim bir adətim var. Xoşuma gələn yazı olanda, mütləq müəllifini tapıb zəng vururam. Ona da zəng vurub, təşəkkür etdim”.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu belə bir kitabın ərsəyə gəlməsi üçün təkcə şair deyil, eyni zamanda ədəbiyyatçı olmağın vacibliyindən danışdı: "Fərid mənə müraciət edəndə, təəccübləndim. Çünki daha çox dilçi kimi tanınıram. Ömrümün 44 ilini əlyazmalara həsr etmişəm. O mənə elə bir əsər dedi ki, bəlkə də adi oxucular onun haqqında məlumatlı deyildilər - Füzulinin "Hədiqətüs süəda” əsəri. Mən Fəridin maraq dairəsinə, işə məsuliyyətlə yanaşmasına təəccübləndim. Çünki o mənlə görüşməmişdən əvvəl Fizulinin "Hədiqətüs süəda” əsərini də, mənim o əsər haqqında çap olunan kitabımı da oxumuşdu. Həqiqətən də, sualları düşündürücü idi. Bu kitab həm də ədəbiyyat tariximizin, klassik poeziyamızın tətbiqi, ədəbiyyatımızın tanıdılması deməkdir. Bunu oxuyan hər bir şəxs görəcək ki, xalqımızın necə gözəl əsərləri var”.
Şair, publisist Əjdər Ol çıxışında kitabda yer alan 30 əsərin Azərbaycan ədəbiyyatından, digərlərinin isə xarici ədəbiyyatdan olduğunu vurğuladı: "Buradakı müəlliflər təkcə bir əsər haqqında fikirlərini yox, ümumiyyətlə ədəbi görüşlərini ortaya qoyurlar. Sənət haqqında öz fikirlərini bildirirlər. Bir əsər haqqında bir yazar başqa cür, digər yazar isə tamamilə başqa cür düşünür. Bu əsərlərdə dünya ədəbiyyatından çox maraqlı müsahibələr yer alıb. Dünyada ədəbiyyatın gücündən hər zaman istifadə ediblər. Ədəbiyyatdan silah kimi istifadə ediblər. O silah hər zaman kimə yönəldiyini bilməlidir. Ədəbiyyat nəyi müdafiə edir? Bu mənada Fərid müasir əsərlərin də təhlilinə yer ayırıb. Burda orta əsr, müasir dövr, rus ədəbiyyatı, digər xalqların ədəbiyyatında olan əsərlər də müzakirə olunub. Bu kitab yol xəritəsi kimi bir şeydir. Yazarlara bir istiqamət və yönəltmə rolunu oynayır”.
Akademik Kamran Əliyev təqdim olunan kitabın lazımlılığını vurğuladı: "Klassik əsərlər haqqında bu günədək o qədər yazılıb ki, yeni nəsə tapmaq mümkün deyil. Bu gün dünyanın bir yazıçısı haqqında bir nəfər yazır, özü də bilir ki, o müəllif haqqında internetdə kifayət qədər material dərc olunub. Əgər mənə lazımdırsa, mən onu internetdə açıb oxuyacam. Ona görə bu gün bizim ədəbiyyat və elmimizin ən böyük problemi internet resurslarının nəzərə alınmamasıdır. Bu kitaba daxil edilmiş yazıda mən "Poçt qutusu” haqqında Fəridin ünvanladığı suallara cavab verdim və onun istedadına, düşüncə tərzinə həqiqətən heyran oldum. Çünki Fərid çox istedadlı və qabiliyyətli gəncdir. Onun bu layihəsini dəstəkləyir və uğurlar arzulayıram”.
Professor Cahangir Məmmədli Fəridin təqdim olunan kitabını dərslik kimi qiymətləndirdi: "Dünya ədəbiyyatı və Azərbaycan ədəbiyyatı haqqında peşəkarlıqla hazırlanmış bu materialı tələbələrə çatdırmaq olar. Burda mənim çox sevdiyim yazıçılar dərc olunub. O yazıçılar dünya klassikası haqqında önəmli bilgilər və məlumatlar söyləyirlər. Sözün əsl mənasında, bu kitab bir dərslikdir. Eyni zamanda, Sona xanıma təşəkkürümü bildirirəm. Mənim ən çox oxuduğum qəzetlərdən biri "Kaspi"dir. Mən "Kaspi” qəzetindən maariflənirəm. Bəzən hesab edirlər ki, ali təhsil aldıqdan sonra insan maarifçi olur. Maarifçi olmaq üçün bizim klassiklərimizi bilmək, onları yenidən xatırlamaq, ənənələrini öyrənmək bəlkə də bu gün bizə daha çox lazımdır. "Kaspi" nəşrlər seriyası bizə o klassikləri yenidən qaytaran və o klassikləri bizim evimizə gətirən bir layihədir”.
"Kaspi" qəzeti