- Mədəni adam
- 10 Oktyabr 17:40
- 38 853
“Nobel” bu il onun oldu!
Ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı məlum olub.
APA “Nobelprize.org”a istinadən xəbər verir ki, 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang sözügedən sahə üzrə 2024-cü ilin laureatı elan edilib.
O bu mükafata tarixi sarsıntılarla qarşılaşan və insan həyatının kövrəkliyini üzə çıxaran gərgin poetik nəsrinə görə layiq görülüb.
Han Kang 1970-ci ildə Cənubi Koreyada anadan olub. O, yazıçı Han Sınqvonun qızıdır. 10 yaşında olarkən öz “Yunan dərsləri" adlı əsərində də bəhs etdiyi Suyuriyə köçüb. Yonsey Universitetində ədəbiyyat üzrə təhsil alıb. Müəllifin qardaşı Han Donq Rim də yazıçıdır.
1993-cü ildə şeirlərinin “Ədəbiyyat və cəmiyyət" adlı dərgidə çap edilməsi ilə karyerasına başlayıb. Öz bədii debütünü isə növbəti ildə qısa hekayəsi “Qırmızı lövbər"in “Seul Şinmun” bahar müsabiqəsində qalib gəlməsi ilə başlayıb. O vaxtdan bəri “İ Sanq” ədəbiyyat mükafatı(2005), “Günün gənc artisti” mükafatı və “Koreya Roman Ədəbiyyatı ” mükafatına layiq görülüb.
2016-cı ildə yazdığı mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən “Vegeterian" adlı əsərilə Beynəlxalq "Booker” mükafatına layiq görülüb.
Roman həmçinin müəllifin ingilis dilinə tərcümə edilən ilk əsərlərindəndir.
Qeyd edək ki, müəllifin “Vegeterian” romanı Azərbaycan dilində çap olunub.
Xatırladaq ki, ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.
Ədəbiyyat üzrə ilk “Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.