- Mədəni adam
- 1 Dekabr 19:14
- 1 578
Azərbaycan XXI Ankara Kitab Sərgi-Yarmarkasının fəxri qonağı seçilib
Türkiyənin paytaxtında XXI Ankara Kitab Sərgi-Yarmarkası açılıb.
Aznews.az xəbər verir ki , Azərbaycan dekabrın 8-dək davam edəcək beynəlxalq yarmarkanın fəxri qonağı seçilib.
Sərgidə təqdim edilən Azərbaycan stendində ziyarətçilərə ölkənin tarixi, mədəniyyəti və oxucuların diqqətini çəkən digər mövzularla bağlı nəşrlər tədim edilir.
Azərbaycan Mədəniyyət Nazirliyi və respublikanın Ankaradakı səfirliyinin yanında Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan sərgidə Azərbaycanın aparıcı nəşriyyatlarının istehsalı olan kitablar sərgilənir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, ssenarist, rejissor, aparıcı Rafiq Həşimov bildirib ki, Ankara Kitab Sərgisində rəhbərlik etdiyi layihənin kitabları təqdim olunur və nəşrləri ziyarətə gələn kitabsevərlərin diqqətini çəkir:
"15 ildir həyata keçirilən layihəmizin məqsədi Azərbaycanın mədəniyyət, incəsənət xadimlərinin, rəssam, şair və yazıçıların əsərlərini bir neçə dünya dilinə tərcümə edib dünya kitabxanalarına, xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarımıza, eyni zamanda xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinə, mədəniyyət mərkəzlərinə və digər kitabsevərlərə hədiyyə etməkdir. Bu sərgidə də Azərbaycan, rus və ingilis dillərində nəşirlərimiz yer alır. Stendimiz çox böyük oxucu marağına səbəb olur. Buna görə qürurluyuq və Azərbaycanı təbliğ etməkdən şərəf duyuruq”.
Sərginin təşkilat komitəsi tərəfindən Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov kitab sərgisinin “beynəlxalq fəxri qonağı” elan edilib.
N.Cəfərov bildirib ki, Türk xalqlarının irsi çox zəngindir və bu sərgidə də ilk dəfə dünya poeziyasının tanınmış incisi Nizami Gəncəvinin “İsgəndərnamə” əsərinin türkcə nəşri də təmsil olunur və bu sevindirici haldır.
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) Yayımları direktoru Əsəd Aslanoğlu isə deyib ki, Azərbaycanın sərgidə həm fəxri qonaq olması, həm də xüsusi stendinin təşkili iştirakçıların diqqətini çəkir:
“Burada bizim mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi əks etdirən bir çox ədəbi nümunələr var. Bu kimi tədbirlərin təşkili Azərbaycan mədəniyyətinin təbliğinə xidmət deməkdir”.