Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib

Yanvarın 22-də Gəncliyə Yardım Fondunda əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın 70 illik yubileyi münasibətilə "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə işıq üzü görən kitabda Tərlan Musayevanın ömür yolundan, ictimai fəaliyyətindən bəhs edilir.

Tədbirdə kitabın müəllifi, ədəbi təhlilçi, yazıçı Vaqif Osmanlı, redaktoru, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin rəhbəri Güllü Eldar Tomarlı, Milli Məclisin deputatı Razi Nurullayev, şəhid anası Sevil Hüseynova, Əməkdar Mədəniyyət işçisi Çimnaz Əliyeva, Vətən müharibəsi qazisi, şair Rafael Tağızadə, şəhid bacısı, şair Lalə İsmayıl və başqaları çıxış edərək əmək fəaliyyətinə görə “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuş, şəninə mahnılar, poemalar, şeirlər, sənədli əsərlər yazılan tanınmış mexanizator, pambıq ustasını 70 illik yubileyi münasibətilə təbrik ediblər.

Çıxış edənlər bildiriblər ki, Tərlan Musayeva kimi əmək qəhrəmanlarını nəinki bugünkü, həm də gələcək nəsillər tanımalıdır. O, hələ lap gənc yaşlarından çalışdığı sahədə fədakarlığı ilə seçilib. 17 yaşında orta məktəbi əla qiymətlərlə bitirib ali təhsil arxasınca getmək əvəzinə, peşə məktəbini seçməklə ailəsini, müəllimlərini, həm də məktəb yoldaşlarını təəccübləndirib. 18 yaşında pambıq tarlasında "dəmir at"ın sükanı arxasına keçəndə, 21 yaşında 10 il dalbadal Sevil Qazıyeva adına mükafatın, həmçinin Paşa Angelina, Tursunoy Axunova mükafatlarının qalibi olanda da çoxları heyrətlənib. 23 yaşında SSRİ Ali Sovetində deputat kimi Azərbaycanın 9 rayonunu təmsil edən ən gənc deputat kimi hamının diqqətini özünə cəlb etməyi bacarıb. Keçən yüzilliyin 70-80-ci illərində orta məktəb şagirdləri əmək mövzusunda inşa yazanda çoxları Tərlan Musayevanı özünün idealı, qəhrəmanı, kumiri hesab edirdi.

Qeyd edilib ki, "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının yazılmasının məqsəd və məramı əsəri oxuyandan sonra oxuculara aydın olacaq. Kitabla tanış olanlar bir daha əmin olacaqlar ki, müəllifin gördüyü iş, sadəcə, indiki zamana yox, daha uzaq zamanlara hesablanıb. Tərlan Musayeva vətənimizdə tanınan, üzdə olan, əməyindən, uğurlarından, mənəvi məziyyətlərindən həddən artıq çox yazılan, danışılan məşhur Azərbaycan xanımıdır. Müəllif onun ilk baxışda görünməyən, necə deyərlər, kölgədə qalan, az işıqlandırılan cəhətlərini axtarıb tapmağa, onun haqqında yazılan ədəbiyyat nümunələrini, rəngarəng mövzulardakı saysız-hesabsız müsahibələrini, cəsarətli çıxışlarını bir toplu kimi düzüb-sıralayıb kitaba sığışdırmağa çalışıb. Öz qəhrəmanını onu tanımayanlara daha yaxşı tanıtmağa çalışıb. Kitab Tərlan xanımın 70 illik zəngin və mənalı ömrünə müəllifin özünəməxsus prizmadan baxışıdır.

Kitabda Azərbaycanın ən yaxın tarixinin – ötən əsrin 70-80-ci illərindən çağdaş günlərimizə qədərki dövrünün ictimai-siyasi mənzərəsinə, sadə bir zəhmət adamının şəxsiyyətinə, mənəvi dünyasına, eləcə də Vətən və torpaq sevgisinə Tərlan xanımın ömür və əmək yolunu vərəqləməklə işıq salınır.

Təqdimat mərasimində Tərlan Musayeva onun haqqında yazılmış kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq edib.

O, özünün keçdiyi zəhmət yoluna qısa nəzər salaraq deyib ki, Ulu Öndər Heydər Əliyev onun qazandığı uğurlara hər zaman xüsusi diqqət və qayğı göstərib və böyük qədirbilənliklə yanaşıb. Qazandığı bütün uğurlara görə özünü Ümummilli Lider Heydər Əliyevə borclu bildiyini xüsusi olaraq vurğulayıb.

Yubilyar gəncləri zəhmətdən qorxmamağa, daim əməksevər olmağa səsləyib, çəkilən zəhmətin mütləq öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.

Təqdimat mərasiminin yekununda kitab müəllifin imzası ilə iştirakçılara təqdim olunub.

AzNews.az