"Rəsul Rza Əlisa kimisindən heç vaxt balıq istəməzdi" - Seyran Səxavət

“Əlisa Nicat yaşca məndən böyükdür, onu mühakimə etmək istəmirəm. Onu 1964-cü ildən tanıyıram. İl yarım bundan öncəyə qədər aramızda səmimi münasibət olub. Lakin il yarım bundan öncə bir müsahibəsində yaşına, başına yaraşmayan söz dedi. Ondan sonra Əlisadan ürəyim qırıldı. Jurnalist ondan Yazıçılar İttifaqı və yazıçı Anar barəsində soruşmuşdu. O isə bildirmişdi ki, guya Anar Əlisa ilə ədavət aparır və bütün qapıları onun üzünə bağlayıb. Bunu da onunla əsaslandırmışdı ki, guya 60 il bundan öncə Rəsul Rza Əlisadan balıq istəyib. O da gətirmədiyinə görə indi Anar Əlisadan acıq çıxır. Bu, heç uşağın da ağlına gəlməzdi. Bu, hansı əxlaq, mənlik və kişilikdir... Rəsul Rza şəxsiyyətdə kişi Əlisa kimi kişidən heç vaxt balıq istəməzdi. Əlisa bunu özündən uydurmuşdu”.

Bunu Musavat.com-a açıqlamasında yazıçı Seyran Səxavət deyib.

“Əlisa bu gün Səməd Vurğunu ittiham edir. O, Rəsul Rzaya atdığı balıq şəri ilə özünü elə gözdən saldı ki, çətin ki, bir daha qalxa. Söz adamı haqqında o cür danışmağı başa düşmürəm. Əlisa Nicat 1965-1970-ci illərdə bu sözləri niyə demirdi? Dünyada olmayan adamın arxasınca danışmaqdan asan heç nə yoxdur. Əlisa Nicatın Səməd Vurğun haqqında söylədiklərinin heç cür bəraəti yoxdur. Bir adamı mühakimə və müzakirə edəndə onun yaşadığı dövr, zaman mütləq nəzərə alınmalıdır. Bilmək olmaz, Əlisa Nicat repressiya illərində yaşasaydı və Səməd Vurğun kimi şöhrətli olsaydı, nələr edərdi”, - o bildirib.

Qeyd edək ki, yazıçı Əlisa Nicat Lent.az-a müsahibəsində Xalq şairi Səməd vurğunu yaltaq adlandırıb.

Yazıçının Səməd Vurğunla bağlı sözləri birmənalı qarşılanmayıb, o, tənqid hədəfinə çevrilib.

AzNews.az