- Mədəni adam
- 18:46
- 981
Professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiya və kitab təqdimatı
![](https://www.aznews.az/storage/2025/02/06/amea789.jpg)
Fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.
Tədbir çərçivəsində “Yüz il yaşamış əlliyaşlı alim (Biblioqrafiya, xatirə və sənədlər)” kitabının təqdimatı da olub.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli mərhum professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunan sessiyanın elmi və mənəvi cəhətdən əhəmiyyətini vurğulayıb. O, tədbiri Azərbaycanda əlyazmaşünaslıq, mətnşünaslıq və mənbəşünaslıq sahələrində yeni istiqamətlər açmış, məktəb yaratmış görkəmli tədqiqatçının xatirəsinə ehtiramın ifadəsi kimi yüksək qiymətləndirib.
Professor Fərid Ələkbərlinin ömür yoluna və çoxşaxəli elmi fəaliyyətinə nəzər salan AMEA rəhbəri alimin Vatikan arxivlərində araşdırmalar apararaq Azərbaycan tarixinə dair çoxsaylı sənədlər aşkar etdiyini və onların surətlərini Bakıya gətirdiyini bildirib. O, Fərid Ələkbərlinin Vatikan Apostol Kitabxanasında və Vatikan Məxfi Arxivlərində uzunmüddətli araşdırmalar aparan ilk Azərbaycan alimi olduğunu diqqətə çatdırıb.
Fərid Ələkbərlinin qısa, lakin yaradıcılıq uğurları ilə zəngin həyat sürdüyünü söyləyən akademik İsa Həbibbəyli onun həyatını elmdə yeni istiqamətə, böyük bir xəzinənin açılmasına həsr etdiyini bildirib. Qeyd edib ki, professor Fərid Ələkbərli naməlum qalan bir sıra tibb əlyazmalarını aşkar edərək onları tədqiqata cəlb edib. Alim tibb və əczaçılıq üzrə X-XVIII əsrlərə aid yazılı abidələr üzərində apardığı tədqiqatlar nəticəsində ilk dəfə olaraq bu mənbələrdə təsvir edilmiş 724 növ dərman bitkisini müəyyən edib, araşdırıb və onların siyahısını hazırlayıb. O, Azərbaycanda ilk orta əsr əczaçılıq terminləri lüğətini tərtib edib.
Akademik İsa Həbibbəyli təqdimatı keçirilən “Yüz il yaşamış əlliyaşlı alim (Biblioqrafiya, xatirə və sənədlər)” kitabı haqqında da fikirlərini bölüşərək bildirib ki, nəşrdə professor Fərid Ələkbərlinin elmə verdiyi töhfələr, eləcə də alimin yetişdiyi ailə şəcərəsi haqqında qiymətli məlumatlar yer alıb.
AMEA prezidenti mənalı və şərəfli ömür yaşamış professor Fərid Ələkbərlinin yaradıcılığının gələcək nəsillər, xüsusilə mətnşünaslıq və mənbəşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı üçün dəyərli mənbə olduğunu vurğulayıb.
Daha sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxış edərək Fərid Ələkbərlini təəssübkeş ziyalı, istedadlı tədqiqatçı, fədakar və zəhmətkeş alim kimi xarakterizə edib. O, həm dəqiq, həm də humanitar elmləri təmsil edən görkəmli alimin Əlyazmalar İnstitutunda fars, ərəb, Azərbaycan dillərində yazılmış orta əsr tibb əlyazmaları üzərində geniş tədqiqat işi apardığını diqqətə çatdırıb.
Akademik Teymur Kərimli Fərid Ələkbərlinin 1992-ci ildə “Orta əsr (XII-XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili” mövzusunda namizədlik, 1998-ci ildə “Orta əsr (X-XVIII əsrlər) ərəbyazılı mənbələr Azərbaycanda sağlamlığın qorunması haqqında” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etdiyini bildirib. Vurğulayıb ki, professor Fərid Ələkbərli tarixşünas, mənbəşünas olmaqla yanaşı, həm də vətənpərvər təbib idi. Alim tərəfindən orta əsrlərdə istifadə olunan 150 növ heyvan və 115 növ mineral mənşəli, yüzlərlə növ mürəkkəb dərman nüsxələri tədqiq edilib, onların tərkibi və orta əsr tibbində istifadə üsulları müəyyənləşdirilib.
Professor Fərid Ələkbərlinin keçdiyi ömür yolunun hər bir alimə örnək olduğunu söyləyən akademik Teymur Kərimli onun gələcək nəsillər üçün böyük bir elmi miras qoyduğunu bildirib.
Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru professor Hikmət Babaoğlu və AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək görkəmli alimin geniş profilli yaradıcılığından, Azərbaycan elminin inkişafında müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, professor Fərid Ələkbərli çoxyönlü tədqiqatları ilə biologiya, tibb və tarix elmini sintez edərək kompleks nəticələrə nail olub. O, Şərq və Qərb elmini ayrı-ayrı rakurslardan araşdıraraq, dərin təhlil edərək sintez edib. Alimin mənbəşünaslıq və mətnşünaslıq sahələri üzrə apardığı tədqiqatları onun istedadının, zəhmətsevərliyinin və elmə məhəbbətinin bəhrəsi kimi yaranıb.
Çıxışlarda görkəmli alimin əmanət qoyduğu zəngin irsin, tədqiqatların, əlyazmaların, kitabxananın və arxiv materiallarının dərin hörmət və minnətdarlıqla xatırlanacağı qeyd olunub.
Elmi sessiyada, həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi dosent Zəkiyyə Əbilovanın “Yorulmaz alim, parlaq şəxsiyyət – Fərid Ələkbərli” və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent İnci Qasımlının “Azərbaycan elmində ilklərə imza atan Fərid Ələkbərli” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, səmimi insan və əsl alim Fərid Ələkbərli AMEA-nın Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin (ATTB) prezidenti, Beynəlxalq Tibb Tarixi Cəmiyyətinin (İSHM) İdarə Heyətinin üzvü olub. O, 2006-cı ildə Azərbaycanda tibb tarixinə aid ilk beynəlxalq konfransın (“Orta Əsr Əlyazmalarında Ənənəvi Tibb və Əczaçılıq”) həmsədri olub. 2004-2005-ci illərdə AMEA Əlyazmalar İnstitutunda Azərbaycan əlyazmalarının UNESCO-nun Dünya Yaddaşı Proqramına (Memory of the World Programme) daxil edilməsi layihəsi üzərində çalışıb. Nəticədə, 2005-ci il iyulun 29-da UNESCO-nun qərarı ilə, tarixdə ilk dəfə olaraq, Azərbaycana məxsus orta əsr yazılı abidələri (Əlyazmalar İnstitutunun kolleksiyasından 3 unikal əlyazma) UNESCO-nun Dünya Yaddaşı siyahısına əlavə edilib.
Sonda Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış edərək oğlunun xatirəsinə göstərilən diqqətə və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
AzNews.az