ADA Universitetinin Qazax Mərkəzində beynəlxalq konfrans keçirilib

Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzində “Təhsildə Yeni Çağırışlar: Maarifçilik Ənənəsi və Sürət dövrü” mövzusunda beynəlxalq konfrans keçirilib.

AzNews.az xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, ADA Universiteti, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, “T-Network” platforması və Təhsilin İnkişaf Fondunun tərəfdaşlığı ilə reallaşıb.

Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunun davamı olaraq baş tutan bu konfrans Beynəlxalq Müəllimlər Günündə pedaqoji fikrin təşəkkül tapdığı, maarifpərvərlik ənənəsinin təməlinin qoyulduğu Qazaxda yerli və xarici təhsil işçilərini bir araya gətirib.

Tədbir zamanı Seminariyanın tarixi və konfransın məqsədi barədə çıxış edən ADA Universitetinin Strategiya və İnkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Vəfa Kazdal bildirib ki, elm və təhsil sahəsi texnoloji çevrilişlərin çağırışlarına cavab vermək üçün daim inkişaf edir: "Maarifpərvərlərimizin izi ilə gedən ADA Universiteti gələcəkdə daha çox xarici təhsil ekspertini Qazax Müəllimlər Seminariyasına dəvət edəcək, onların təcrübəsindən yararlanacaq".

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müəllimləri təbrik edərək Vəfa Kazdalı təhsildəki fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.

Dünya Təhsil Forumunun direktoru Dominik Savaj “Qlobal təhsildə mövcud olan problemlər, onların həll yolları” mövzusunda çıxış edib.

Süni intellektin təhsil sahəsində tətbiqinə toxunan çıxışçı qeyd edib ki, süni intellektin təhsilə inteqrasiyası qaçınılmazdır və bu, müəllimlərin fəaliyyətini dəstəməklə yanaşı, şagirdlərin qiymətləndirilməsi prosesini sürətləndirir.

Beynəlxalq Musiqi şurasının rəhbəri, Musiqişünas Nigar Axundova çıxışında ümumi təhsil sisteminə mədəniyyətin inteqrasiyasından bəhs edib, kulturalogiya, musiqişünaslıq və ədəbiyyətin cəmiyyətin mədəni inkişafına təsiri məsələsinə toxunub.

Tədbir panel müzakirələrlə davam edib.

Tədbirin davamında “Bir Müəllimin Manifesti” təhsil proqramının keçən ilki 21 məzununa diplomlar və Firudin Bəy Köçərli adına “Seminarist” nişanı təqdim edilib.

image description image description