- Mahal
- 15:14
- 645
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisəsi zamanı yanğın-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Təlimə FHN-in Muğan Regional Mərkəzi və Salyan rayon Yanğından Mühafizə Hissəsinin, TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin hadisə zamanı aidiyyəti qurumların effektiv və əlaqəli idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı yanğınsöndürənlər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” operativ söndürülüb, “zərərçəkmişlər” deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən xilasedicilər tərəfindən təxliyə edildikdən sonra onlara “ilk tibbi yardım göstərilib”.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.