• Mahal
  • 28 Dekabr 2024 13:44
  •  8 439

Biləsuvar- Bəhrəmtəpə yolunda qəza: 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Aranlı kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2107" markalı minik avtomobili ilə "OPEL” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən "VAZ-2107" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfər sərnişin xilas edilib, bir nəfərin isə meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Yol-nəqliyyat qəzası zamanı üç nəfər həyatını itirib, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az