- Mahal
- 28 Mart 16:21
- 4 344
Şuşanın Qarabağ küçəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır

Şuşa şəhərinin mərkəzi Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır.
Aznews.az xəbər verir ki, bu barədə media nümayəndələrinə Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov məlumat verib.
O bildirib ki, inşası aparılan tikintilər arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var:
“Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir”.
Qoruq rəsmisi vurğulayıb ki, Qarabağ küçəsində Sovet dövründə inşa edilmiş çox mənzilli binalar sökülüb:
“Həmin binaların yerində gözəl memarlıq üslubuna uyğun olaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni binalar tikilir. Binaların ikisinin sifarişçisi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. Binaların tikintisi zamanı yerli və beynəlxalq memarların tövsiyələrindən istifadə olunub. Bunların tikintisində Şuşa daşlarından istifadə olunaraq şəhərin tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb”.
O, eyni zamanda tikinti işlərinin başa çatacağı vaxtı da açıqlayıb:
“İki il bundan əvvəl başlanılan tikinti işləri bu ilin sonuna kimi yekunlaşmalıdır”.






