• Mahal
  • 14 Aprel 18:51
  •  2 677

Naxçıvanda “İsmayıl Xan Hamamı” bərpa ediləcək

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.

Aznews.az xəbər verir ki, həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi “İsmayıl Xan Hamamı” bərpa ediləcək. Abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə satınalma elan olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş satınalmaya əsasən tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer dizaynı, daxili tərtibat və digər işlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, nazirlik tərəfindən 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisya xərcləri) çərçivəsində “Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması” yekunlaşıb, "Sərşəhər Məscidi" tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb.

Gələcəkdə də muxtar respublika ərazisində tarixi abidələrin qorunması və bərpası istiqamətində işlər davam etdiriləcək.