- Köhnə - Dünya
- 19 Sentyabr 2018 15:31
- 4 249
Putin-Ərdoğan razılaşmasının maddələri açıqlandı – “İdlib anlaşması”nda nələr var?
Rusiya və Türkiyə arasında bu il sentyabrın 17-də Soçidə qəbul edilən Suriyanın İdlib vilayətinə dair anlaşmanın məzmunu açıqlanıb.
AzNews.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Həmin maddələr bunlardır:
- İdlibdə təhlükəsiz zona qorunacaq. Türkiyənin nəzarət məntəqələri gücləndirilərək, işinə davam edəcək;
- Rusiya Federasiyası İdlibdə hərbi əməliyyatlar və hücumların qarşısının alınması üçün çalışacaq və mövcud status-kvonu saxlayacaq;
- Təhlükəsiz zonanın sahəsi 15-20 km olacaq;
- Təhlükəsiz zonanın sərhədləri ərazidə aparılan işlərə uyğun olaraq müəyyənləşdiriləcək;
- Bütün radikal terrorçu qruplar oktyabrın 15-dək təhlükəsiz zonadan çıxarılacaq;
- Müharibə aparan tərəflərə aid olan bütün tanklar, çoxbarrelli raketlər, toplar və minaatanların da daxil olduğu ağır artilleriya oktyabrın 10-na kimi İdlibin təhlükəsizlik zonasından kənarlaşdırılacaq;
- Təhlükəsiz zonadakı nəzarət Türkiyə və Rusiya əsgərləri tərəfindən həyata keçiriləcək. Burada pilotsuz hava aparatlarından istifadə olunacaq;
- 2018-ci ilin sonuna kimi M4 (Hələb-Lazkiya) və M5 (Hələb-Hüms) şosselərinin təhlükəsizliyi təmin olunacaq və istifadəyə veriləcək;
- İdlibdə davamlı atəşkəs rejiminin tətbiq olunması üçün işlər görüləcək. Rusiya, Türkiyə və İran ortaq idarəetmə mərkəzi yaradacaq.
Qeyd edək ki, bu il sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri arasında keçirilmiş Soçi zirvəsində Suriyanın İdlib vilayətində təhlükəsiz zonanın yaradılması, hərbi əməliyyatların qeyri-müəyyən vaxtadək dayandırılması barədə razılığa gəlinib.
Nurlan AĞA
AzNews.az