DİM-in "məntiq"i: "Qanunvericiliyin "Hüquq" fənni ilə əlaqəsi yoxdur! - EKSPERTLƏRDƏN KƏSKİN ETİRAZ

AzNews.az analitik informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı Elm və Təhsil nazirinə, Dövlət İmtahan Mərkəzinə səslənmiş, təkliflərlə çıxış etmişdi. O bildirmişdi ki, Dövlət İmtahan Mərkəzi "Məntiq" və "Hüququn əsasları" fənni keçməyən ali məktəb məzunlarına dövlət qulluğuna qəbul imtahanlarda bu sahə üzrə suallar verə bilməz.

"Odur ki, 2 təkliflə çıxış edirəm:

1) Yeni tədris ilindən bütün ali məktəblərdə bütün ixtisaslar üzrə "Hüququn əsasları" və "Məntiq" fənni tədris olunsun;

2) DİM növbəti dövlət qulluğu imtahanlarında məntiq və qanunvericilklə bağlı sualları ləğv etsin. Əgər orta və ali məktəblərdə belə fənn keçirilmirsə, DİM bu barədə iddiaçıların qarşısına bilmək öhdəliyi qoya bilməz!", - deyə o fikirlərini sonlandırmışdı.

Qaldırılan məsələlərə münasibət bildirən Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edir ki, ali məktəblərdə tədris proqramların qəbul olunmasını Elm və Təhsil Nazirliyi həyata keçirir:

"Düşünürəm ki, biz "Məntiq"in orta və ali məktəblərdə tədrisi məsələsini mütləq nəzərdən keçirməliyik. Sizin də qeyd etdiyiniz kimi, imtahanlarda "Məntiq"lə bağlı suallar görürük, amma bu fənn tədris olunmur. O mənada düşünürəm ki, biz bu məsələyə baxmalıyıq. Bir neçə dəfə bu barədə öz təkliflərimi və düşüncələrimi bölüşmüşəm. Dövlət qulluğuna qəbulda hüquq və məntiqi bilmək tələb olunursa, o zaman niyə də tədris olunmamalıdır?

Düşünürəm ki, bu məsələ həm də Elm və Təhsil Nazirliyi tərəfindən diqqətdə saxlanılmalıdır. Dövlət İmtahan Mərkəzi də məsələni diqqətlə araşdıraraq düşünməlidir. Haqlı bir məsələdir ki, əgər tələb varsa, fənnlərin tədrisi də həyata keçirilməlidir”.

Təhsil eksperti Elçin Əfəndi isə deyir ki, dövlət qulluğuna və magistr pilləsinə keçirilən imtahanda tədris olunmayan fənlər üzrə sualların olması qətiyyən doğru deyil:

""Məntiq" fənni bütün ixtisaslar üzrə keçirilmədiyi halda, illərdir bu fənndən imtahan götürülür. O cümlədən dövlət qulluğuna qəbul zamanı qanunvericiliklə bağlı imtahan sualları var. İmtahan proqramına həmin mövzular daxildir. Ali təhsil alan tələbələrin minimal səviyyədə öz hüquqlarını, Konstitusiyanı və digər qanunları bilməsi üçün "Hüququn əsasları" tədris olunmalıdır. Ancaq olunmur! Belə olduğu halda, dövlət qulluğu üzrə imtahan verən namizədlər imtahana necə hazır ola bilər?"

O əlavə edib ki, hazırkı vəziyyətdə məhz bu istiqamətdə tədrisin aparılmaması istər magistatura pilləsində, istərsə də dövlət qulluğunda namizədlərin müvafiq olaraq repetitorlara, o cümlədən hazırlıq kurslarına üz tutmaları ilə nəticələnir.

"Bu isə əlbəttə ki, dövlətin təhsil siyasətinin əsaslarının birmənalı və kobud formada pozulmasıdır. Nəzərə alsaq ki, hər il minlərlə gənc məhz dövlət qulluğu və magistr pilləsinə imtahan verirlər. Hər iki istiqamətdə də tədris olunmayan fənnlərin olması onların maddi itki ilə üz-üzə qalmasına gətirib çıxarır. Lakin ali məktəbdə bu istiqamətdə fənnlər tədris olunarsa, düşünürəm ki, bu onların ümumi nəticələrinə də təsir etmiş olar”.

Təhsil eksperti Məzahir Məmmədli də mövzu ilə bağlı saytımıza danışıb. Ekspert məsələnin Dövlət İmtahan Mərkəzinin işinin düzgün qurulmamasından qaynaqlandığını deyib.

"Ümumtəhsil məktəblərinin buraxılış imtahanları zamanı da məntiqdən salınan sualları görürük. Hansı ki, bu məntiqlə bağlı nə tədris var, nə də dərs vəsaiti. Bütün bunları nəzərə aldıqda, mənzərə aydınlaşır. Biz görürük ki, Dövlət İmtahan Mərkəzi həm buraxılış, həm qəbul imtahanları, həm də dövlət qulluğuna götürülmə üçün keçirdiyi imtahanların hər birində ortalığa ziddiyyətli suallar çıxır.

İkincisi, hər dəfə demişik və bu dəfə də hesab edirəm təkrarlamaqda fayda var ki, Dövlət İmtahan Mərkəzi həm test hazırlayan, həm də imtahanı həyata keçirən qurum ola bilməz. Ona görə bunlardan ikisindən birini həyata keçirməlidir. İmtahanlara Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun suallar salınmalıdır və bu sualları tamam başqa bir qurum tərtib etməlidir. Amma Dövlət İmtahan Mərkəzi özünün alternativ dərsliklərini hazırlayır və bütün tədris mühitini pozur. Üstəlik, işəgötürmə imtahanlarında da kadrları şablon suallara cavab axtarmaq üçün repetitor yanına getməyə məcbur edir”.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə də müraciət etdik. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə bildirdi ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Yəni dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər seçim əsasında müəyyən edilir. Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulun şəffaf və obyektiv şəkildə keçirilməsini təmin etməklə vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun təmin olunmasına şərait yaradır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

"Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının məzmunu və tapşırıqların hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və ədəbiyyat siyahısı göstərilir və Mərkəzin internet portalında yerləşdirilir.

Dövlət qulluğuna qəbul imtahanlarının məzmunu namizədlərin bu və ya digər ixtisas üzrə biliklərinin qiymətləndirilməsini nəzərdə tutmur. Dövlət qulluğuna qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının məzmununa nəzər salsanız, görmək olar ki, bu tapşırıqların “hüquq”, “məntiq” kimi fənlərlə birbaşa əlaqəsi yoxdur və hər hansı elmi-nəzəri məlumatları ehtiva etmir. İstənilən şəxs ali təhsil müəssisəsində onlara bu və ya bənzər fənlərin tədris olunub-olunmamasından asılı olmayaraq həmin sualları cavablandıra bilər. Qanunvericilik bloku üzrə suallar vasitəsilə namizədlərin müvafiq vəzifə qrupu üzrə təsdiq olunmuş imtahan proqramında yer alan normativ aktlara dair ümumi məlumatlılığı yoxlanılır. Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşı öz dilimizdə müvafiq mənbələrdə (bu mənbələr hamı üçün əlçatandır) yazılmış məlumatı rahatlıqla oxuyub, onun mahiyyətini qavraya bilməlidir. Bunun üçün qeyri-adi, mütləq şəkildə kimsə tərəfindən öyrədilən xüsusi bilik və ya səriştə tələb olunmur. Azərbaycan Respublikasının qanunvericiliyinə dair müəyyən məlumatlılığın olması namizədin gələcəkdə qulluqkeçmə ilə bağlı fəaliyyətinə təsir göstərir, onun xidməti fəaliyyəti zamanı əhəmiyyət daşıyır.

Namizədlərin məntiqi təfəkkürünün (ümumi intellekt səviyyəsinin) yoxlanılması zərurətinə gəldikdə isə hazırda istənilən peşəkar fəaliyyət üçün, eləcə də dövlət qulluqçusunun xidməti fəaliyyəti üçün iş prosesində qarşılaşılan müxtəlif hadisə və məlumatlarda qanunauyğunluqlar aşkar ekmək, konkret faktlardan ümumi nəticələr əldə etmək və əksinə ümumi məlumatları tərkib hissələrinə ayıra bilmək, əldə olunan nəticələr əsasında mülahizələr yürütmək və bu kimi bacarıqlar tələb olunur. Namizədlərin bu bacarıqlara, müvafiq səriştələrə sahib olmasını məntiqi təfəkkürü yoxlayan test tapşırıqları ilə müəyyən etmək olur. Bu sahə üztə test tapşırıqları əsasən üç bölməni əhatə edir: verbal, fiqurla bağlı, məntiqi-riyazi. Xatırladaq ki, cəmiyyətdə “Məntiq” testi kimi tanınan qiymətləndirmə aləti əslində elmi ədəbiyyatda əks olunan adları ilə ümumi zehni bacarıqlar (ingilis dilində General Mental Abilities – GMA) və ya ümumi intellekt (ingilis dilində General İntelligence) testidir və ən inkişaf etmiş ölkələrin dövlət və özəl sektorlarında kadr seçimində geniş tətbiq olunur.

Verbal bölməyə aid olan test tapşırıqları ilə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə qabiliyyəti yoxlanılır. Fiqurlarla bağlı test tapşırıqları vizual məlumatı (fiqur və ya şəkil formasında verilənləri) təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə qabiliyyətini yoxlayır. Məntiqi-riyazi bölməyə aid olan test tapşırıqları isə praktiki riyazi təfəkkürün inkişaf səviyyəsini aşkar etmək qabiliyyətini qiymətləndirir. Bu bölmədən olan test tapşırıqlarının həlli zamanı namizədlərin işinin səmərəliliyi müəyyən qədər onların elementar riyazi biliklərinin olmasından asılıdır. Bu riyazi biliklər isə orta məktəbdə, hətta aşağı siniflərdə belə tədris olunur.

Dövlət İmtahan Mərkəzi bilik və bacarıqların qiymətləndirilməsi ilə bağlı hər hansı qərar qəbul edərkən, hökmən beynəlxalq təcrübəyə də müraciət edir, istənilən mütərəqqi ideyaların ölkə şəraitində tətbiq olunması yollarını axtarır və bu sahədə öz fəaliyyətini daim təkmilləşdirir. DİM son illər ərzində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın icrası üzrə Fəaliyyət Planı çərçivəsində inkişaf etmiş dövlətlərin təcrübəsini dərindən öyrənib və həmin təcrübələrin ölkəmizdə uğurlu şəkildə tətbiqi üzrə pilot tədqiqatlar həyata keçirib, ən müasir qiymətləndirmə alətlərinin və prosedurlarının hazırlanması və tətbiqi üzrə peşəkar kadr potensialı formalaşdırıb.

Xatırladaq ki, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın icrası çərçivəsində dövlət qulluğuna qəbul prosedurlarının təkmilləşdirilməsi məqsədilə səriştə əsaslı və daha çevik qiymətləndirmə modelinə keçid nəzərdə tutulur. Bu modelin bəzi komponentləri bir sıra pilot layihələrlə yanaşı, “Yüksəliş” müsabiqəsi çərçivəsində də tətbiq olunub və özünü doğruldub. Bir sıra mütərəqqi yeniliklərin ehtiva olunduğu yeni model formalaşdırılarkən qanunvericilik bilikləri üzrə testin imtahana daxil edilməsi məsələsi də xüsusi müzakirə predmeti olub. Bəzi mütəxəssislər hər bir dövlət qulluqçusunun bir sıra qanunvericilik aktlarını bilməsi və onları tətbiq etmə bacarığına malik olmasını zəruri hesab edir. Digər tərəfdən qanunları əzbərləmə bacarığının kadr seçimi meyarı olaraq tətbiq edilməsi bir sıra mütəxəssislərdə sual doğurur. Bəli, qeyd olunmalıdır ki, qəbul prosesində qanunvericilik testinin əsas meyar kimi tətbiqi inkişaf etmiş ölkələrin praktikasında da getdikcə azalmaqdadır. Sonuncu mövqenin tərəfdarlarının fikrincə bir insanın qanunları nisbətən daha yaxşı yadda saxlaması onun daha yaxşı dövlət qulluqçusu və ya peşəkar olmasına təminat vermir. Əksinə, ümumi intellektin optimal səviyyədə olması fəaliyyət prosesində zəruri olan bütün məlumatları, o cümlədən qanunları mənimsəyərək tətbiq etmək bacarığının formalaşacağına təminat verir. Bu rəylər nəzərə alınaraq qanunvericilik üzrə testin dövlət qulluğuna qəbul imtahanından çıxarılması, bunun əvəzinə isə dövlət qulluğuna qəbul olunmuş şəxsin sınaq müddəti ərzində müvafiq qanunvericilik üzrə məcburi təlimlə təmin olunması təkliflər sırasındadır.

DİM tərəfindən hazırlanmış yeni model yaxın vaxtlarda dövlət orqanlarının və mütəxəssislərin rəyini almaq üçün geniş müzakirəyə təqdim olunacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az