DİM davamlı təhsilin önündə Çin səddinə çevrilib - HƏYACAN SİQNALI

Bu gün Beynəlxalq Uşaq günüdür!

Ötən əsrin əvvəllərində Azərbaycanda uşaqlar gözünü cəhalətə və zülmətə açırdı. Az sayda aydınlarımız vardı. Rusiyanın və Avropanın önəmli ali məktəblərində təhsil alan bu aydınlarımız Azərbaycanda maarifçilik xətti yaratdılar. Məktəb üçün, təhsil üçün, elmi dünyagörüş üçün həyatlarını fəda etdilər.

Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR-də hakimiyyətə gəldikdən sonra orta və ali məktəblərdə təhsilin milliləşməsi üçün sistemli fəaliyyət göstərdi. Onun Azərbaycan maarifçiliyinin önündə addımlaması ilə kommunist ölkədə milli düşüncə ön plana çıxdı.

Sonra müstəqil olduq. Sovet dövründə ali məktəblərə qəbul prosesi rüşvətə bulaşmışdı. Bunu aradan qaldırmaq üçün test sistemi tətbiq olundu. Bu sistem cəmiyyətimiz tərəfindən dəstəklənir. Çünki qəbul prosesi rüşvətsizdir. Ancaq çox təəssüf ki, Dövlət İmtahan Mərkəzinin özfəaliyyəti test sistemini Azərbaycan balaları üçün işgəncə mexanizminə çevirib. Mənim 3 övladım var. Üç övladımın hər biri ilin dörd fəslinin hər birində hazırlığa- repetitorun Bayılda avtobus qalxmayan dağın başında yerləşən evinə getmək üçün sözün əsl mənasında zülm çəkib. Hər ay repetitorlara orta aylıq əmək haqqının bir neçə misli qədər pul ödəmək məcburiyyətindəyik.

Dövlət İmtahan Mərkəzinin orta məktəb proqramı çərçivəsində məzunların savadının qiymətləndirilməsini sadə, şəffaf və təhsillə bağlı dövlətin konstitutsion öhdəliklərinə uyğun şəkildə təmin etmək əvəzinə qurduğu və mahiyyətini çap etdirdiyi yüz min səhifədən çox metodiki vəsaitlər belə izah edə bilmədiyini sistem Azərbaycanı "Azərbaycan" edən maarifçilik institutunu sıradan çıxarmaq üzrədir.

Min bir zülmlə universitetlərə qəbul olunan övladlarımız yenə Məleykə Abbaszadənin başının altından çıxan test fitnələri ilə dövlət qulluğuna keçə bilmirlər. Azərbaycanın ali məktəblərində "Məntiq" və "Hüququn əsasları" fənnləri heç də bütün ixtisaslara tədris olunmur. Bununla belə, DİM-in öz səlahiyyətlərini aşaraq tərtib etdiyi 100 imtahan sualından 70-i bu fənnlərə aiddir. Sualların bir çoxunu incələmişəm. Buraxın "Hüququn əsasları" fənnini keçməyən ali məktəb məzunlarını, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının ən təcrübəli müəllimlərini, professorlarını gətirin, o imtahandan keçməsi mümkün deyil. Çünki qoyulan sualların mütləq əksəriyyəti biliyə aid deyil, Məleykə Abbaszadənin icad elədiyi test texnologiyaları sistemini əhatə edir.

Doktorantuya qəbul üçün DİM ingilis dilindən imtahan aparır. Bu imtahandan keçməyənlər fəlsəfə və ixtisas sınaqlarına buraxılmırlar. Mən tarixinn atası Heredotu inglis dilində oxumuş, ingilis dilində tarix və fəlsəfə üzrə yüzlərlə sənədli filmə baxmışam. Sabah o imtahanlara girsəm, növbəti imtahanlara buraxılmaq üçün gərəkən keçid balını toplaya bilərəmmi? Əmin deyiləm! Çünki müqayisə etmişəm, hətta İELTS və TOFEL imtahanlarında da DİM-in "beşmərtəbəli" sualları qoyulmur.

Ayrıca ölkədə heç bir ali məktəb ingilis dili eşitmə, danışma və yazma qabiliyyətini inkişaf etdirmək üçün keçirilmir. İki övladım ali məktəbdə ingilis dilində təhsil alır, ingilis dilini kurslarda, şəxsi vəsaitimiz hesabına öyrəniblər. Adamdan soruşarlar: İELTS səviyyəsində ingilis dili öyrətmisən ki, indi də iddiaçılardan bu səviyyəni tələb edirsən?

Nəhayət, tutaq ki, bir vətəndaş doktoranturaya qəbul olunub və Zəngəzurun etnoqrafiyasını araşdırmaq istəyir. Məsələn, Qaraçorlu tayfası barədə ingilis dilində hansı sənəd, hansı mənbə var ki, elmi dərəcə almaq istəyən şəxsdən də onu araşdırmaq üçün akademik ingilis dili tələb olunsun?
Bəli, DİM başdan-başa anormal bir sistem yaradaraq Azərbaycan vətəndaşlarının davamlı təhsil hüququ qarşısında ən böyük maneəyə çevrilib. Bu əngəlin arxasındakı qara təhsil bazarı isə gündən-günə genişlənir. Azərbaycan Ana Yasası vətəndaşlara təhsildə bərabərlik hüququ verir. Ancaq formalaşan qara bazar ancaq və ancaq maddi imkanı yüksək olanlara bakalavr, magistr, doktarantura təhsili, dövlət qulluğu vəd edir. Bu, Azərbaycanın respublikaçılıq fəlsəfəsinin kökündən baltalanması deməkdir, dövlətçiliyimizi və gələcəyimizi birbaşa təhdid edən məsələdir. Heç birimizin bu təhdidə biganə qalmağa haqqımız yoxdur.

Odur ki, ziyalılara, ictimai-siyasi xadimlərə, millət vəkillərinə, ombudsmana, ETN yanında İctimai Şuraya səslənir və xahiş edirəm: bu taleyüklü məsələni gündəmdə saxlayaq, Prezidentin diqqətinə düşməsinə çalışaq. Prezident İlham Əliyev DİM sədrini vəzifəyə təyin edəndə "get, qəbulda obyektivliyi, şəffaflığı, bərabərliyi təmin et" deyib, "qara təhsil bazarı yarat, uşaqlara, gənclərə işgəncə mexanizmi formalaşdır" deməyib!!! Peyğəmbərimizin məşhur bir sözü var, deyir, elm Çində də olsa gedib öyrənin! Bilik çağıdır və elm üçün bu gün Çinə getməyə gərək yoxdur, amma DİM-in davamlı təhsil hüququnun önünə Çin səddi çəkdiyi doğrudur.

Unutmayaq, hər bir valideynin ən böyük borcu övladlarına özünün yaşadığından daha yaxşı, daha aydın cəmiyyət miras qoymaqdır.

Taleh ŞAHSUVARLI