SEÇKİ HAVASI VƏ İCTİMAİ-SİYASİ MƏSULİYYƏT - ŞƏRH

Sovetlərin son dönəmləri idi. Bərdədə bir həmkəndlimiz vardı. Yaşı 30-u adlamışdı, evlənməmişdi. Tay-tuşları, yaşlılar ona hər dəfə “nə vaxt tərpənirsən” deyə sual edəndə fəsilləri günahkar çıxarardı. Yaz vaxtı “əkin hələ indi başlayıb” deyər, yayda tarlanın becərilməsini, payızda pambıq yığımını, qışda qarı-çovğunu bəhanə edərdi. Bir gün qız qaçırdı. Cöngələr kəsildi, mağar quruldu, aşıqlar başa keçdi. Toy günü bir yağış yağdı ki, necə deyərlər, tut ucundan göyə çıx... Tay-tuşları deyər ki, sən də oturub-oturub qiyamətdə (yəni, pis havada) evləndin. Cavab verər: “Evlənən qara-yağışa baxmaz”!

Ölkəmizdə parlament seçkilərinin vaxtı bir neçə ay qabağa çəkilib. Doğru qərardır. COP29 kimi qlobal tədbirin keçiriləcəyi ayda cəmiyyətimizin seçkilərə kilidlənməməsində hər baxımdan fayda var. İndi bəziləri bu faydaları görməzlikdən gəlib “qora bişirən ayda da seçki olar” sualı ilə proseslə bağlı şübhə toxumu səpmək istəyirlər. Bu da yadıma yuxarıda nəql elədiyim əhvalatı salır. Seçkiyə gedən, səsverməni udmaq istəyən havaya baxmaz!

Seçki kampaniyaları üçün əsas hava fiziki deyil, siyasidir. Seçkilər COP29-la eyni vaxtda keçirilsə idi, qlobal tədbir gündəmin istər-istəməz gündəmin əsas maddəsinə çevriləcək, bununla da iddiaçıların Azərbaycanın aktual məsələlərinə və gələcəyinə baxışları arxa plana keçəcəkdi. Səsvermənin qabağa çəkilməsi ilə bu ehtimal aradan qalxdı və vətəndaşlarımızın daha rasional seçim etməsinə şərait yaradılmış oldu.

Ölkəmizdə seçkilərə qarşı uzun illərdir yanlış bir baxış formalaşdırılıb. Müxalif siyasi qüvvələrin bir qismi 2005-ci ildən bəri seçkiləri cəmiyyətə “inqilab üçün bəhanə” kimi təqdim edib. Son prezident seçkiləri ilə bu yanaşma darmadağın oldu və seçkilərin xaos planlarının, dağıdıcı proseslərin qaynağı olmayacağı təsbit edildi. Düşünürəm ki, bu reallıqdan da çıxış edərək deputatlığa namizədlər üçün İctimai Televiziyanın efirində vaxt ayrılması, debatların təşkil olunması olduqca vacibdir.

Əvvəla, bu, Azərbaycan Respublikasında hakimiyyət bölgüsü prinsipinin mahiyyətindən irəli gəlir. Deputatlar majoritar sistemlə seçilsələr belə, mandat qazandıqları təqdirdə qanunverici hakimiyyətin bərabər hüquqlu üzvü olurlar. Odur ki, deputatlığa namizədləri bilavasitə seçiciləri deyil, bütün ölkə tanımalıdır.

İkincisi, Qarabağ savaşında qazandığımız tarixi zəfərlə müstəqillik dövrünün əsas milli hədəfinə nail olmuşuq. Cəmiyyətin və dövlətin yeni hədəflərə və ideoloji diskussiyalara ehtiyacı var. Bu ehtiyacın qarşılanması üçün İTV-nin parlament üzvlüyünə iddiaçılara efir ayırması labüddür.

Üçüncüsü, təcrübə göstərir ki, İTV-də deputatlığa namizədlərə efir vaxtı verilməyəndə ölkədə seçki abu-havası arzulanan səviyyədə olmur. Bu siyasi atmosferin yaranması və cəmiyyətin seçki ovqatına köklənməsi isə növbəti 5 ildə seçkilərin keçirilməsi gözlənilməyən Azərbaycana son dərəcə lazımdır.

Nəhayət, yeni seçkilər milli həmrəyliyin yüksək olduğu tarixi mərhələ keçir. Azərbaycanın bütün mütəxəssisləri, siyasi iddialı şəxsləri dövlət başçısının kadr bankına daxildir. Prezidentin kadr bankına baxış keçirməsi islahatlar kursunun uğurla sonuclanması baxımından mühimdir.

Hazırda Milli Məclisin tərkibi tam deyil, aşağı-yuxarı 10 mandat müxtəlif səbəblərdən sahibsizdir. Çeşidli nədənlərdən dolayı ən azı bu qədər deputat da yeni seçkilərə qatılmayacaq- bu, ilk növbədə zamanın diktəsidir. Parlamentin sıralarında yaxşı siyasi təcrübəyə malik isimlər var. Bir qismi Yeni Azərbaycan Partiyasının və digər siyasi təşkilatların üzvü, bir qismi bitərəflərdir. İqtidar qarşıdakı 5 ildə islahatlara töhfə vermələri üçün onların səriştəsindən icra hakimiyyətində, başqa mühüm vəzifələrdə istifadə etməyi planlaşdırıla bilər və planlaşdırmalıdır da.

Bundan başqa, hazırkı tərkibdə həm seçicilərinin, həm də hakim partiyanın etimadını doğrultamayan, yorulmuş, tükənmiş, özünü ictimai-siyasi xadim kimi təsdiq edə bilməmiş xeyli deputat var. Onların namizədliyinin birbaşa və dolayı yolla hakim partiya tərəfindən dəstəklənməsi istər YAP-ın siyasi kommunikasiyası, istərsə də Prezident İlham Əliyevin strateji yol xəritəsi baxımından yanlış addım olar.

Sonuncusu, seçki bir rəqabətdir. Bu proses həmişə cəmiyyətin dinamikasından qidalanır. Cəmiyyətin dinamikası hər zaman yeni təmsilçilərin meydana çıxmasını şərtləndirir.
Bütün bunları nəzərə alanda, məntiqlə parlamentin hazırkı tərkibindən ən azı 50 nəfər yenidən namizəd olmamalıdır. Bu da qarşıdakı 5 ildən dövlət və cəmiyyət adına maksimum yararlanmağa böyük fürsət yaradır. Bu şərtlə ki, siyasi dominantlığına heç kimin şübhə etmədiyi hakim Yeni Azərbaycan Partiyası və digər partiyalar öz namizədlərini müəyyən edərkən İCTİMAİ-SİYASİ MƏSULİYYƏT anlayışını əsas götürsünlər.

Parlament nə mütəxəssislər şurasıdır, nə xaricdə təhsil alanlar dərnəyi, nə “day-dayılı oğlanlar” klubu. Parlamentə seçkilər gözəl qızlar yarışması da deyil. İctimai-siyasi məzmunu və məsuliyyəti olmayan insanların siyasi partiyalar tərəfindən aday göstərilməsi ölkədə qeyri-sistemli müxalifətin pərvazlanmasına yol açacaq. Odur ki, ictimai-siyasi proseslərdə püxtələşmiş, açıq debatlara qatılmış, mövqeyi cəmiyyətə bəlli isimlərin önə çıxarılması lazım. Odur ki, partiyalar deputatlığa namizədlərini “oliqarx siyahıları” ilə deyil, siyasi bioqrafiya və məhsuldarlıq prinsipləri əsasında müəyyən etməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası 700 mini aşan üzvü ilə dominant siyasi təşkilatdır. Hakim partiyanın seçkilərdə rəsmi siyahı ilə iştirak etməsi təbii və qaçılmazdır. YAP-ın rəsmi namizədi olmaq sıralarındakı siyasi fəalların bir çoxunun arzusu ola bilər, ancaq bütün iddiaçıları bu siyahıya sığışdırmaq praktiki olaraq mümkün deyil. Ancaq təcrübə göstərir ki, YAP hər seçkidə bir neçə dairədən namizəd irəli sürmür. Odur ki, YAP-ın rəsmi namizəd irəli sürmədiyi dairələrdən seçkilərə qatıla bilmələri üçün öz üzvlərinə sərbəstlik tanıması müsbət hal olar.

Taleh ŞAHSUVARLI