STM-də Giddensin kitabının təqdimatı: Özümüzlə üzləşməliyik!

Bu gün Sosial Tədqiqatlar Mərkəzində dünyanın ən məşhur sosioloqlarından olan A. Giddensin "Sosiologiyada əsas anlayışlar" kitabı təqdim olundu. Biz öz tələbəlik illərimizdə bu cür vəsaitlərin qıtlığını çəkdiyimizdən (Giddensin bir neçə kitabını türkcə oxumuşam) təklif etdim ki, nəşrin pdf versiyası elektron kitabxanalarda yerləşdirilsin və elmi ictimaiyyət, tələbələr üçün əlçatan olsun. STM sədri, millət vəkili Zahid Oruc təşəbbüsü dərhal müsbət qarşıladı və yəqin ki, yaxın həftələrdə məsələ həll olunacaq. Hər kəsə bu kitabı oxumağı tövsiyyə edirəm. Çünki cəmiyyətdə elmi-sosioloji baxışın olmaması həmişə kütlə ərsəyə gətirir. Kütlə pozitiv elmi mühakimə qabiliyyəti olmayan insan topasıdır.

Baxın, dünən Azərbaycanın Silahlı Qüvvələr günü idi. Müzəffər ordusu və Ali Baş Komandanı ilə haqlı olaraq fəxr edən bir toplum olaraq bilirik ki, SQ-in əsasını 106 il əvvəl Fətəli xan Xoyski qoyub. Amma psevdo tarixçilərin sayəsində kütlə ordumuzun əsasını qoyan Fətəli xan Xoyskini deyil, ömrü boyu bir tağım əsgərə komanda verməmiş M.Ə.Rəsulzadəni "dövlət qurucusu" sanır. Bu tarixi gerçəkləri ortaya qoyanda isə bizdən soruşurlar ki, sənin Rəsulzadə ilə nə işin var? Vallah, billah, mənim çox sevdiyim bu tarixi şəxsıyyətlə işim yoxdur. O əlindən gələni edib və tarixdə yerini tutub. Mənim işim psevdo tarixçilərlədir. Bəli, biz yeni hədəflərə can atan bir toplum olmaq istəyiriksə, tariximizlə də, özümüzlə də üzləşməliyik.

Tarixi dedim. Gələk bu günə.

Məsələn, Azərbaycanda velosipeddən nəqliyyat kimi istifadə edilməsi ilə bağlı sosioloji tədqiqat aparılıbml? Deyək ki, Qaraçuxurdan Yasamala, Əhmədlidən Sahilə nə qədər adam velosipedlə gələcək və yaxın 20 ildə bu potensial hansı səviyyədə olacaq? Bu suallara elmi cavab verilibmi? Əgər ortada belə tədqiqat yoxdursa, onsuz da günü tıxacda keçən şəhərin dar yollarını daha da daraltmaq fikrinə AYNA niyə düşüb?

Yadıma bir pritça düşdü, deyim, bir az gülün, bir az da fikirləşin.

Bir nəfər Həccə getmək istəyir, qafilə yola düşməzdən öncə bəslədiyi keçini bazara gətirir ki, satıb yol pulunun üstünü düzəltsin. Axşam çatır şəhərə və bir karvansaraya düşür. Karvansara da dolu olur dərvişlərlə. Buna da yer eləyirlər. Dərvişlər soruşur ki, kişi, şəhərdə xeyir ola? Gəlişinin məramını ərz edir. Dərvişlər ac, yemək yox, pul yox. Girəvəyə salıb kişinin keçisini satır, ərzaq, şərab, şam alır, yaxşı bir məclis qururlar. Keflər düzələndən sonra başlayırlar ilahilər deməyə və qafiyə də olur "Keçi getdi". Karvansaranın nökəri öz-özünə deyir ki, bəs, adamın keçisini satıblar, səhər qazıya şikayət etsə, mən düşəcəm cəncələ, yaxşısı budur gedim indidən məsələnin nə yerdə olduğunu deyim. Nökər girir içəri və görür ki, heyvanın yiyəsi də qoşulub dərvişlərə və çırtıq vura-vura təkrar edir: "Keçi getdi..."

Bu pritçadan çıxan nəticə odur ki, başqasının təlqininə düşsən, sorğulamadan özgələrinin təcrübəsini tətbiq etməyə çalışsan, pulun, vəsaitin hədər gedər.

Odur ki, yenidən velosiped icad etməyə ehtiyac yoxdur: tərəqqinin bir yolu var və o da elmdən keçir!

Taleh Şahsuvarlı