Polisə qəsd- ədalətə qəsddir. Çünki gücsüz ədalət canilər qarşısında acizdir!

1992-ci ilin iyun ayının 6-da Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Ali Sovetin sədri İsa Qəmbər “Daxili işlər orqanlarının strukturunun təkmilləşdirilməsi və bu orqanların tərkibində olan milisin polis adlandırılması haqqında” fərman imzalayır.

Bu fərmanla SSRİ dövründə “milis” adlanan respublikamızın Daxili işlər orqanının əməkdaşları “polis” adlanır və hər ilin 6 iyun tarixinin “Polis günü” kimi qeyd olunması rəsmiləşir.
24 may 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev artıq Müsavat başqanı olan İsa Qəmbərin prezident vəzifəsini icra etdiyi günlərdə imzaladığı həmin fərmanı dəyişdirir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk polis təşkilatının yarandığı gün- 2 iyul məhz Ulu Öndərin təşəbbüsü ilə “Polis günü” kimi qeyd olunmağa başlayır.

Zənnimcə, nə demək istədiyimi başa düşdünüz. Odur ki, sözümə davam edirəm.

Dünən Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümünü qeyd etdik.
Bir neçə gün sonra Azərbaycan Polisinin yaranmasının 106-cı ilini qeyd edəcəyik.
Tərəddüd etmədən, mübaliğəyə yol vermədən və tam qətiyyətlə demək olar ki, istər Azərbaycan ordusu, istərsə də Azərbaycan polisi 106 illik tarixinin ən möhtəşəm günlərini məhz indiki zamanda yaşayır.

Azərbaycanın öz ərazisi bütövlüyünü bərpa etməsində Milli Ordumuzun, Xüsusi Xidmət Orqanlarımızın və digər silahlı güclərimizin yerinə yetirdiyi misilsiz missiyanın bir parçası da məhz Azərbaycan Polisidir.

Allaha min şükür, işğaldan azad olunan torpaqlarmıza tez-tez gedirəm. Füzulidən Laçına qədər işğaldan azad olunmuş ərazilərimizdə xidmət aparan polislərimizlə hal-əhval tutur, onların nə qədər səbrlə, nəzakətlə, doğmalıqla, ən əsası, peşəkarlıqla asayişimizin keşiyində dayandığına şahid oluram. Bir anlıq təsəvvür edin, o polislər olmasa, Qarabağda ermənilərin atıb qaçdığı silahlar kriminal çətələrin əlinə düşsə, ölkəmizdə nələr baş verər?

Hər gün Daxili İşlər Nazirliyinin mətbuat xidməti voptsap nömrəmə öz büllütenlərini göndərir. Məhz bu məlumatlar əsasında ölkədəki kriminal çətələrə qarşı Azərbaycan polisinin nə qədər əzmlə mübarizə apardığını, müxtəlif cinayət hadisələrinin üstünü vaxtında və qətiyyətlə açdığını rahatlıqla görə bilirəm.

Zaman-zaman bəzi DYP-əməkdaşlarının, aşağı rütbəli polis nəfərlərinin vətəndaşlarla kobud rəftarına şahid oluruq. Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvü olduğum dövrdə bu cür hallarla bağlı dəfələrlə məsələ qaldırmışam. Hər dəfə Nazirliyin rəhbərliyi qaldırdığımız problemlərə operativ reaksiya verib və nöqsanlar aradan qaldırılıb. Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun Azərbaycan polisinin dövlətə və xalqa xidmət keyfiyyətinin yüksəlməsi, sovet dövrü “milis”lərinin neqativ imicinin müsbət reputasiyaya çevrilməsi üçün böyük əmək sərf etdiyini, vətəndaş cəmiyyətindən gələn təşəbbüslərə son dərəcə önəm verdiyini də yaxşı bilirəm. Azərbaycanda güclü mərkəzi hakimiyyət olmasından narahatlıq keçirənlər və ictimai-siyasi sabitliyin pozulması üçün ayaqlarını suya salıb Allaha yalvaranların Daxili İşlər Nazirliyinə zaman-zaman intensivləşən “hücumları” da məhz elə bu səbəblərə bağlıdır.

Xuliqanlıqdan mütəşəkkil cinayətkarlığa, narkomaniyadan transmilli kiber mafiyalara qədər ən müxtəif qanundankənar təhdidlərin qarşısının alınmasında, təhlükəsizliyimizin, ictimai mənafelərimizin qorunmasında rəşadət və fədakarlıq göstərən Azərbaycan polisinə “naşı”, “aqressiv”, “zorakı” damğasının vurulması üçün sosial şəbəkə məcralarında dil-boğaza qoymayanların əsas niyyəti heç də insan hüquq və azadlıqları, ədalət deyil. Əks halda, sadəcə polis kimi deyil, əsl Azərbaycan oğlu kimi davranıb qadına, uşağa zərər verməmək üçün canlarını qurban edən üç DİN əməkdaşının ölümü üzərindən qaralama kampaniyasına start verməzdilər. Onlar xidmət etdikləri xarici dairələrin ölkəmizə ixrac etmək istədiyi xaos planlarının qarşısında məhz Azərbaycan polisini, Daxili İşlər Nazirliyinin istənilən ekstermal vəziyyətdə, dövlət başçısı İlham Əliyevin təbirincə desək, ləyaqətli davranışını görürlər.

Çox təəssüflər olsun ki, cəmiyyətimizin hüquq bilgisində ciddi problemlər var. Sosial şəbəkələrin toplumlara gətirdiyi yüngüllük müqabilində hüquqi maarifləndirmə aparmaq o qədər də asan deyil. Nəticədə kriminal avtoritetlər kultlaşdırılır, qanundankənar yaşam romantizasiya edilir, cinayət aləmini mədh edən psevdo musiqi nümunələri məktəblərimizdə “Son zəng” havasına çevrilir. Dövlətin, qanunların, milli-mənəvi əxlaq sistemimizin əsla qəbul etmədiyi və etməyəcəyi cinayətkar tiplərdən Robin Hud düzəltmək meyilləri əndişə oyadır.

Belə bir ortamda çeşidli cinayətlərə meyilli insanlar sosial şəbəkələrin yaratdığı imkanlar hesabına siyasi məzmun qazanır və qanuna zidd əməllərini ifşa edən Azərbaycan polisini şərləyir, siyasi sifariş yerinə yetirməkdə suçlayırlar. Vətəndaşın saxlanılması üçün əsas yaradan şübhələrdən bixəbər, istintaq materialları ilə tanış olmayan, dəlil və sübutları görməyən kütləni manipulyasiya edərək Azərbaycan polisinə qarşı toplumda güvənsizlik yaratmaq isə, sonda məhz cinayətkar çətələrin lehinə işləyir. Fakt istəyirsinizsə, bir müddət əvvəl narkomaniya ilə bağlı Daxili İşlər Nazirliyinə qarşı az qala səlib yürüşünə çıxanları yada salın. Həmin kəslər polisin bu sahədə apardığı sistemli əməliyyatları əcəba nədən görməzlikdən gəlir, hər gün külli miqdarda ələ keçirilən uyuşdurucu vasitələrin qanunsuz dövriyyəsinə qarşı gecəsini-gündüzünə qatan asayiş keşikçilərinə təşəkkür etməyə özlərində mənəvi güc tapmırlar?

  • Polisə, prokurorluğa, məhkəmələrə şantaj və təzyiq üçün müraciət edənləri demirəm, bu ölkədə qanunla haqlı olan kim deyə bilər ki, Daxili İşlər Nazirliyinə şikayət etdim, ərizəmə baxan olmadı?
  • Bu gün Azərbaycanda insafdan xali olmayan kim iddia edə bilər ki, hər hansı bir fövqəladə vəziyyətdə (məsələn, maşın xarab olub yolda qalanda) polisdən yardım istədik, dəstək vermədi?
  • Polisin görəvindən, vəzifəsindən, səlahiyyətlərindən xəbərdar olan kim söyləyə bilər ki, DİN əməkdaşlarının məslək anlayışı, savadı, yetənəkləri yetərli deyil?

Bu sualları uzatmaq da olar. Ancaq polisdən bir vətəndaş kimi haqqımız olan hesab sormağa başlamazdan öncə özümüzə də müəyyən suallar ünvanlamalıyıq. Biz öz polisimizlə nə qədər empatiya qura bilirik? Bax, bu empatiyanı quranda rütbəsindən asılı olmayaraq “rəis” dediyimiz uniformalı, poqonlu insanların bizlərdən biri olduğunu görəcək, polisə tuşlanan silahın, polisə açılan atəşin birbaşa bizim özümüzü və doğmalarımızı hədəf aldığını fərq edəcəyik.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru