Qovulan 8631 kasıb tələbə: ETN nə düşünür, daha doğrusu, niyə düşünmür?

Bu günlərdə ölkənin ən nüfuzlu media quruluşlarından olan APA “Abituriyent" jurnalının 12-ci sayına istinadən bir məlumat yaymışdı. Məlumata görə, 2023-cü ildə ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib.

Bunlardan 4551 nəfəri bakalavriat, 1267 nəfər magistratura, 1496 nəfər tam orta ixtisas bazası, 1317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Mən davamiyyətə görə tələbənin təhsildən kənarlaşdırılmasının qəti əleyhinəyəm. Davamiyyətlə bağlı tələbələrə tam sərbəstlik verilməsinin tərəfdarıyam. Bir tələbə ən müxtəlif səbəblərdən dərs buraxa bilər, amma dərsdə iştirak edənlərdən də yaxşı hazırlaşıb imtahanlardan keçə bilər. Odur ki, madam təhsil sisteminin müasir standartlara uyğunlaşdırılmasından danışırıq, sovet dönəmindən qalma inzibati metodların dəyişdirilməsi barədə də düşünməliyik. Ayrıca, tələbənin davamiyyət sorunu varsa, imkan vermək lazımdır ki, növbəti tədris illərində gəlib kursunu bitirsin, daha xaric etmək nə demək?

Ancaq əsas mövzum bu deyil. Açıqlanan rəsmi informasiyadan hali oldunuz ki, ötən il 4551 nəfəri bakalavr, 1267 nəfər magistr təhsil ali məktəblərdən xaric edilib. Onların böyük əksəriyyəti isə, heç şübhəsiz, təhsil haqqını ödəyə bilməyənlərdir.

Həftə ərzində Elm və Təhsil Nazirliyindən xaric olunan tələbə və bakalavrlarla bağlı məsələyə geniş, dolğun, çözümə yönəlik açıqlama gözlədim.

Ancaq nazirliyin başı daha “ciddi” işlərə- sertifikasiyaya qarışıb, müəllimləri təkmilləşdirmək əvəzinə işdən qovmaqla məşğuldur.

Ötən il ölkəmizdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin direktoru təyin olunan Ülkər xanım Səttarova həm təhsilinə, həm də karyerasına görə uğurlu kadr təsiri bağışlayır. Ancaq CV- i tam bir uğur hekayəsi olan hörmətli Ülkər xanım da 5818 “uğursuz” bakalavr və magistrin həyatını mənfiyə dəyişdirəcək olay barədə bir kəlimə danışmır.

Ötən əsrin əvvəllərində Azərbaycanda ali təhsilli şəxslərin sayı 500 nəfəri keçmirdi. Zira, sayları 500 nəfəri keçməyən o insanlar bir Cümhuriyyət qurdu. İndi potensialı sıfırdan bir Cümhuriyyət qurmağa yetən 10 dəfə çox istedadlı insanı- 6 minə yaxın gəncimizi gözünüzü qırpmadan ali məktəblərin qapısından çölə atmısınız.

Nə etdiyinizin fərqindəsinizmi, cənab nazir?

Nə etdiyinizin fərqindəsinizmi, xanım direktor?

Nə etdiyinizin fərqindəsinizmi, möhtərəm rektorlar?

Fərqində deyilsinizsə, xatırladım, siz mənim on illərdir ardıcıl və prinsipial şəkildə müdafiə etdiyim Liderin və onun hakimiyyətinin əleyhinə küçə mübarizəsi təşkil etmək istəyən xarici qüvvələr üçün baza hazırlayırsınız. Lütfən, formal səbəblər göstərib, özünüzü haqlı çıxarmağa çalışmayın.

Qanunsuz iş tutduğunuzu iddia etmirəm, amma hüquqsuz, məsuliyyətsiz, vətənpərvərliklə, dövlətin və prezidentin siyasət fələsəfəsi ilə bir araya sğmayan iş tutduğunuza əminəm.

Nə deyir, dövlətimizin Əsas Qanunu, Konstitusiyamızı bir dəfə açıb öz sahəniz üzrə tələblərini oxumusunuzmu? Oxumusunuzsa, gəlin, birlikdə təkrarlayaq. Ana Yasamızın 42-ci maddəsinin IV bəndinə əsasən, bir sosial dövlət olan Azərbaycan Respublikası maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə zəmanət verir”.

“İstedad” əgər konstitutsiona termin mahiyyəti qazanıbsa, deməli, onun hüquq açısından bir ölçü vahidi var. Bu ölçü 5818 gəncimizin DİM-in imtahanlarından keçərək bakalavr və magistr təhsili almaq haqqını qazanmasıdır.

Təhsil sistemi restoran deyil ki, yediyinin pulunu ödəməyən, ödəyə bilməyən müştərinin dalına bir təpik vurasan, dövlət bu sahədə öz konstitutsion öhdəliyini mütləq yerinə yetirməlidir. Ona görə ki, Ana Yasamız preambulasında xüsusi vurğuladığı kimi, bu öhdəlikləri “keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq” öz üzərinə götürüb.

Bəli, valideynlərinin maddi vəziyyəti əlverişli olmadığına görə tələbələrin təhsildən kənarlaşdırılması keçmiş, indiki və gələcək nəsillər qarşısında böyük məsuliyyətsizlik olmaqla, konstitusiyaya ziddir. Sadəcə, konstitusiyamızın deyil, Ümumdünya İnsan Haqları Bəyannaməsinin tələblərinin də heçə sayılmasıdır. Bəyannamənin 26-cı bəndində deyilir: “hər bir insanın qabiliyyəti əsasında hamının eyni dərəcədə ali təhsil almaq imkanı olmalıdır”. Göründüyü kimi, ali təhsil hüququnun əsas şərti maddi vəziyyət deyil, qabiliyyətdir. Bilmirəm diqqətinizi çəkdimi, müzakirə etdiyimiz informasiyada semestr imtahanlarından kəsilərək oxuduğu təhsil müəssisəsindən qovulan bircə nəfər də yoxdur.

Uzun sözün kəsəsi, ailəsinin maddi vəziyyətinin ali təhsil müəssisələrinə ödəniş etməyə imkan verməyən tələbələrin təhsil hüququ bərpa və müdafiə olunmalıdır.

Bu il və gələcək illərdə belə halların baş verməməsi üçün təhsil krediti siyasəti təkmilləşdirilməli, “cek-pot” uduşu mahiyyətindən çıxarılıb təhsilə real investisiya xarakterinə salınmalıdır.

İkincisi, qoy qovulan tələbələrin maksimum təhsil haqqı 30 milyon manat olsun. Azərbaycan 30 milyon manatı ödəyə bilməyəcək çarəsiz bir dövlət deyil. Qaynaq istəyirsinizsə, yerini deyim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saxta yollarla dövlətdən yardım və müavinət alanları təsbit etməklə, dövlət büdcəsinə qat-qat çox məbləğdə vəsait qaytarıb. Bu vəsaitin bir hissəsi ilə xaric olunan tələbələrin təhsil haqqını ödəmək dövlətin sosial siyasət fəlsəfəsinə tam uyğun bir iş olar.

Taleh ŞAHSUVARLI