Futbolda xaçlı zehniyyəti. “Bozqurd” işarəsi Əkrəm Həsənovu niyə rahatsız edir?

Türkiyə Milli Komandasının futbolçusu Merih Demiralın UEFA tərəfindən cəzalandırılması qardaş ölkədə olduğu kimi, Azərbaycanda da böyük etiraz doğurdu.

Bu qərarın futbolla, idmanla, istənilən yarışın fəlsəfəsini yaradan ədalət anlayışı ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

İlk növbədə xatırladaq ki, Merihin iki matç yaşıl sahədən kənarlaşdırılması qərarının arxasında Avstriya və Hollandiya dayanır. Biri Türkiyənin endiyi, digəri isə sabah yarımfinalda qarşılaşacağı ölkədir. Deməli, bu qərar hüquqa zidd olmaqla məğlubiyyətin qisasını almaq, Türkiyə komandasını əsas oyunçularının birindən məhrum etmək cəhdidir.

Digər tərəfdən, Türkyə millilərinin Avro2024-də nəzəri baxımdan onsuz da iki oyun şansı var. Bu iki oyundan da Merih kimi önəmli bir futbolçunu məhrum etmək haradan baxsan Türkyənin Almaniyadan kuboksuz geri dönməsi üçün fitnədir, fənddir.

Nəhayət, əgər Merihə 2 yox, 3 matç cəza verilsəydi, Türkiyənin qərara etiraz etmək haqqı doğacaqdı. Qəsdən Dəmirala 2 oyundan kənarlaşdırma cəzası verməklə appelyasiya qapısını da bağlamış oldular.

Merihin Avstriyanın qapısına qol vurduqdan sonra “Bozqurd” işarəsi göstərməsinə Avropa mediası başılovlu reaksiya verdi. Məsələni öncə radikal sağçılığa bağladılar, daha sonra irqçiliyə qədər şişirtdilər.

İndi gələk əsas suala. Merihin hərəkətində yanlış bir şey vardımı?

Əsla yox idi!

Merih Türkiyə milli komandasının üzvü deyilmi?

Çempionatdakı bütün futbolçular meydana öz milli rəmzlərini ifadə edən geyimlərdə çıxmırmı

Komandalar matçlardan öncə öz milli marşlarını oxmumurlarmı?

“Bozqurd” işarəsi də məhz Türk milli kimliyini ifadə edir.

Bir Türk futbolçunun qol vuraraq öz milli kimliyini ifadə edən simvol göstərməsindən təbii və gözəl nə ola bilər?

“Bozqurd” işarəsi həm türklərin, həm də moğolların ortaq mifoloji inancına bağlıdır. Ergenekon əfsanəsinə görə Boz Qurd Türklərin və Moğolların ortaq əcdadlarını qaranlıqdan aydınlığa çıxaran qılavuzdur.

6-cı əsrə aid Göytürklərə aid maddi mədəniyyət abidələrində Bozqurd işarəsinə rast gəlinir.

Firdovsinin İranlılar və Turanlılar arasındakı mübarizəyə həsr etdiyi “Şahnamə” əsərinə orta çağlarda çəkilmiş miniatürlərdə “Bozqurd” simvolu gözə dəyir.

Hunlar, Qıpçaqlar, Peçeniqlər kimi tarixə möhür vurmuş Türk tayfaları öz milli kimliklərini məhz bu simvolla ifadə edirdilər.

1988-ci ilə qədər Türkiyədə bu simvoldan istifadə edilmirdi. 1988-ci ildə Bakıda Qarabağın Ermənistana birləşdirilməsi avantürasına qarşı keçirilən etiraz mitinqlərində Türk tarixinin dərinliklərində unudulmuş bu əl hərəkəti sovet imperiyasına qarşı dirənişin, milli azadlıq ideyasının simvoluna çevrildi. Məhz bundan sonra Türkiyədə Alparslan Türkeşin tərəfdarları öz mitinqlərində “Bozqurd” işarəsi göstərməyə başladılar. Bununla belə, simvol türk milliyyətçiliyinin deyil, Türk kimliyini və Türkün azadlığını ifadə etməkdədir.

UEFA-nın Merihə qarşı ksenofobik bir qərar çıxarmasının arxasında Avropanın Türk kimliyindən qorxması, "Attila sindromu" və “xaçlı zehniyyəti” yatır.

Avropa siyasi sistemi QALİB TÜRKdən qorxduğu qədər heç nədən çəkinmir.

Xaçlıları anladıq, bəs, “Bozqurd” işarəsi Əkrəm Həsənov kimilərini nədən narahat edir?

Əkrəm Həsənov bəlkə də yaxşı hüquqşünasdır, amma zaman-zaman onun milli kimliyimizlə bağlı heç bir elmi əsası olmayan, qeyri-obyektiv, qərəzli və zərərli açıqlamalarına rast gəlirik.

Əkrəm Həsənov yazır: “Bu bozqurdun, onun simvollarının bizə nə aidiyyəti var? Niyə inadla bunu xalqımıza sırıyırlar?”

Bozqurdun bizə həm xalq, həm cəmiyyət, həm də dövlət olaraq birbaşa aidiyyatı var.

Çünki Azərbaycan Respublikasının qurucu etnosu Türklərdir.

“Xalq”la “millət”in fərqini bilməyən Əkrəm Həsənov Azərbaycan türklərinin mövcud olmadığını iddia edir və bizi “gənc millət” adlandırır.

Əvvəla onu deyim ki, bu dünyada gənc və ya qoca millət yoxdur. Bütün millətlər kapitalizmin təsiri ilə formalaşdığından eyni yaşdadır.

İkincisi, türklər eramızdan əvvəl birinci minilliyin başlarında Alp Ər Tunqa ilə Azərbaycan coğrafiyasında yerləşmiş və 3 min ildir coğrafiyamıza hakim olan şanlı bir etnosdur.

Bu etnosu Azərbaycan tarixindən çıxarmaq, fars, ərəb, rus işğalçılığına züy tutmaq anlamına gəlir.

Əkrəm Həsənov Bozqurd işarəsini “hansısa heyvana təxribatçı sitayiş jesti” adlandırır.

Əlbəttə, nə Azərbaycanda, nə Türkiyədə, nə də başqa bir Türk Cümhuriyyətində heç kim Qurd da daxil heç bir heyvana sitayiş etmir. Dünyamız mifologiya deyil, pozitiv elm çağındadır.

Əkrəm Həsənovun dini inancını bilmirəm, bunu sorğulamaq da istəmirəm. Ancaq günümüzdə “Bozqurd” işarəsini “heyvana sitayiş jesti” adlandıraraq günah saymaq islamın mahiyyətini deyil, şəklini əsas götürərək pan-ərəbizm cərəyanı yaratmış sələfilərin yanaşması olduğu hər kəsə bəllidir. Pan-iranistlər və Pan-Avropalılar kimi, pan-ərəbistlərin də moğollara və türklərə qıcığı tarixdən qaynaqlanır. Çingiz xanın sərkərdələrinin yürüşləri ilə Abbasi xəlifələri siyasi kuklalara döndülər, Sultan Səlimlə isə xəlifəlik Türklərə keçdi. Bunu həzm edə bilmədikləri üçün Türk kimliyinin mifoloji kökənlərini “itə-qurda sitayiş” deyə aşağılamağa çalışırlar.

O ki qaldı moğol və qıpçaqlara, bu gün Azərbaycanın hər bir bölgəsində moğol və qıpçaq kökənli əhali, yaşayış məskənləri var. Elə bu sətirlərin müəllifi də 1222-ci ildən Zəngəzurda məskunlaşmış moğol-qıpçaq mənşəli Gələxçu elinin bir nümayəndəsidir.

Bəli, mən özümü “Azərbaycanlı” sayıram. Ancaq Azərbaycanlı olmaq mənim etnik mənşəyimi və tarixi köklərimi danmaq, inkar etmək anlamına gələ bilməz.

Bilmədiyi məsələlərdən danışan Əkrəm Həsənovun Azərbaycanda çox rast gəlinən aslan simvolunu Bozqurdun əleyhinə istifadə etməsinin də heç bir əsası yoxdur. Aslan motifi dünyada bir çox xalq kimi, Türklər üçün də önəmlidir. Pazırlıq xalısında belə rast gəldiyimiz aslan Cənubi Hun Dövlətinin eramızın 94-98-ci illərində hökm sürmüş yabqularından birinin adıdır. Coğrafiyamıza ilk Türk bayrağı sancan Alp Ər Tunqanın adının mənası da elə aslanla bağlıdır. Qədim uyğurlar “insanların aslanı xaqanlardır” deyə türk düşüncəsində aslanın yerini və rolunu öyürdülər.

Qaraxanlılarda “aslan” xaqanların ünvanlarından biri idi.

Oğuz türkləri Alp Arslanın sayəsində Anadoluda qalıcı oldular.

İbn Hassul ərəb dilində yazdığı “Kitabü Tafzili‟l-Etrak”da Türklər haqqında deyirdi: “Bütün millətlər arasında cəsarət və şücaətdə onlardan üstünü yoxdur. Böyük məqsədlərə çatmaqda kimsə onlardan qabaqda deyil. Allah-Təala onları aslan kimi yaradıb”.

Taleh ŞAHSUVARLI