Parlament seçkilərindən gözləntilər və yeni deputat profili

Bu gün ictimai diqqət Türkiyə-Hollandiya matçındadır. Yəqin ki, sabah və biri gün də gündəmin əsas maddəsi oyunun nəticələri olacaq. Öncəki statusumda da qeyd etdiyim kimi, UEFA-nın Merih Dəmirala xaçlı, irqçi və ksenofobik zehniyyətlə cəza verməsi Türkiyədə, Azərbaycanda və bütün Türk dünyasında milli refleksi hərəkətə keçirib. Bu üzdən milli heysiyyatı olan hər kəs üçün bu gecəki matç sıradan idman yarışması deyil, tarixi-genetik çağırışlara cavab mücadiləsidir.
Zira, qarşıda daha bir siyasi mücadilə var. Azərbaycan sentyabrın ilk günündə sandıq başına gedəcək, parlamentini formalaşdıracaq. Hakim Yeni Azərbaycan Partiyası gələn həftə öz namizədlərini müəyyən edəcək. Bu, ölkəmizdəki siyasi iddiaçılar üçün ən maraqlı anlardan biridir.
Bir sıra şərhlərdə qeyd olunur ki, cəmiyyətin yeni parlamentdən heç bir gözləntisi yoxdur. Bu nihilist yanaşmadır və əsla qəbul oluna bilməz. Tam əksinə, Azərbaycan toplumunun parlamentdən xeyli ciddi gözləntiləri var.

Əvvəla onun altını çizmək lazımdır ki, yeni seçkilərdə son prezident seçkiləri ilə müqayisədə seçici fəallığı yüksək olmayacaq. Bunun fəsilə, tempratura, parlamentə heç bir dəxli yoxdur. Çünki son prezident seçkiləri mahiyyət etibarı ilə cəmiyyətimizin müzəffər Ali Baş Komandana təşəkkür günü idi. Bu, yaşadığımız tarixi zəfərin sonucu idi, seçki kontekstinə bağlı deyil.

İkincisi, Azərbaycan prezident tipli respublikadır, prezidentin siyasi liderliyi xüsusən də Qarabağ zəfərindən sonra çox möhkəm siyasi instituta çevrilib, hətta İlham Əliyev dövlətlə eyniləşib. Odur ki, həm siyasi lider, həm də prezident kimi bu qədər güclü mövqeyə malik İlham Əliyevin qarşısında parlament bir qurum olaraq istər-istəməz zəif görsənəcək.

Ancaq bu institutsional zəiflik cəmiyyətin parlamentə laqeyd və apolitik yanaşdığı və yanaşacağı anlamına gəlmir. Hakimiyyətin siyasi texnoloqları da bu psixoloji tələyə düşməməli, parlamentə namizədlərin profilini müəyyən edərkən sosial sifarişi nəzərə almalıdırlar.

Azərbaycanda parlamentlə bağlı ən ciddi sosial sifariş orta təbəqədən gəlir. Uzun illər ərzində Azərbaycan məxməri inqilab projelərindən və qeyri-sistem müxalifətinin inkişafından ona görə uğurla yayına bilib ki, orta təbəqə hakimiyyəti çox böyük ölçüdə müdafiə edib. Hazırda isə orta təbəqə üçün sosial-iqtisadi risklər mövcuddur. Fiziki şəxs kimi sahibkarlıqla məşğul olanların, kiçik və orta biznes adamlarının iqtisadi fəaliyyət meydanına administrativ təsirlər artıb, orta təbəqənin əsas göstəricisi olan avtomobillərin hərəkəti üçün cərimələrin heç də ağlabatan olmayan məbləğlərdə yüksəldilməsi emosional çöküş yaradıb. Təhsil sistemində və dövlət qulluğuna qəbulda gənclərin tədirgin edilməsi də narahatlıq yaradan tendensiyadır. Odur ki, orta təbəqənin ortaq zəkası dövlətdən və prezidentdən yana olmaqla birgə, hakimiyyətdən real islahatlar tələb edir, bu islahatların həyata keçməsi üçün parlamentin qanunvericilik funksiyasının güclənməsinə ehtiyac duyur. Azərbaycanın hazırkı qanunvericilik bazası ictimai münasibətləri nizamlamaqdan daha çox, korrupsiyaya rəvac verir, korrupsiya isə orta təbəqənin maraqlarını birbaşa təhdid edir.
Beləliklə, hakim partiyanın namizəd profili aşağıdakı ştrixlərə əsaslanmalıdır:

- Namizədin publik və əlçatan fiqur olması;
- Namizədin qanunverici kimi peşəkar məziyyətlərə malik olması;
- Namizədin hakimiyyətin dayanıqlı dəstəkçisi olması, eyni zamanda, ölkənin real problemlərinə aydın baxış ifadə edə bilməsi;
- Korrupsiyaya bulaşmaması, oliqarxiyanın maraqlarından çıxış etməməsi, xalq və hakimiyyət arasında kommunikativ funksiya yerinə yetirməsi;
- Öz sosial mənşəyinə görə, nepotizmdən uzaq, kiminsə oğlu, yeznəsi, əqrabası yox, sadə xalqın içindən çıxmış olmalıdır.

Parlamentin hazırkı tərkibinin təhlili göstərir ki, ən azı 50 mandat üçün hakim partiya qeyd olunan profildə namizədlər çıxara bilər. Ancaq bunun üçün siyasi iqtidar, xüsusən də siyasi iqtidarın ictimai-siyasi kommunikasiyaya məsul olan fiqurları bir suala aydın cavab tapmalıdırlar: biz öz gerçək tərəfdarlarımıza sosial liftin qapısını açmaq istəyirikmi? Əgər, cavab müsbətdirsə, sorun yox, hakimiyyət erkən seçkilərə getməklə qarşısına qoyduğu məqsədlərə tam nail olacaq. Ancaq "sosial lift" hakim partiyanın siyahısına publik, intellektual və xalqın içindən çıxmış fiqurları sala bilməyəcəksə, növbəti tərkib dayanıqlı olmayacaq və bir-iki il sonra Milli Məclisə yenidən seçkilər keçirmək lazım gələcək.

Tarix təsdiq edir ki, siyasi nəzəriyyələrdə "oliqarxiyanın dəmir qanunu" adlanan və elitanın öz içində belə təmərküzləşməsini tətikləyən proses vüsət aldıqda, populistlərin və avantüristlərin cəmiyyətə təsir imkanı artır, nəticədə, sosial təkamül rasional məcradan çıxır. Parlamentin az qala bütün çağırışlarında mandat sahibi olanlar var, eyni zamanda, 3,4,5 dəfə namizəd olub hansısa oliqarxın adamı deyil deyə, iddiasını gerçəkləşdirə bilməyənlər var. İndi onları da nəzərə almaq vaxtıdır.

Zənnimcə, bu günümüzü və gələcəyimizi yenidən şəkilləndirən son dərəcə böyük tarixi zəfəri doğru qiymətləndirməli, nəhəng qlobal proseslər qarşısında Azərbaycanın dövlət maraqlarını nepotizmə qurban verməməliyik.

Taleh ŞAHSUVARLI