DİM-in esse rəzaləti - Məleykə Abbaszadəyə açıq məktub

Çox hörmətli Məleykə xanım!

Mən həmişə ədəb-ərkan qaydalarına riayət etməyin tərəfdarıyam. Ona görə də bu açıq məktubu Sizə kifayət qədər nəzakət qaydalarına əməl edərək ünvanlayacam. Ancaq bəri başdan deyim ki, rəhbəri olduğunuz Dövlət İmtahan Mərkəzi Azərbaycanda "qara təhsil bazarı"nın formalaşmasında, istedadlı gənclərimizin pozitiv elmdən uzaqlaşmasında oynadığı rola, meritokratik dövlət qulluğu sisteminin ərsəyə gəlməsi qarşısında ən böyük maneəyə çevrilməsinə görə əsla nəzakətli üslubu haqq etmir.

Mən Bakı şəhəri 20 saylı orta məktəbin və BDU-nun Tarix Faklültəsinin nəzdində təşkil olunmuş Respublika Tarix Liseyindən məzun olmuşam. BDU-nun Sosial elmlər və psixolgiya fakültəsində fəlsəfə və fəlsəfə tarixi, Hüquq fakültəsində hüquqşünaslıq ixtisasi üzrə bakalavr, magistr pillələrində ali təhsil almışam. Hazırda 47 yaşım var. AMEA-nın A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun doktoranturasına qəbul olunmaqla hərbi xidmətdən yayınmaq kimi bir niyyətim yoxdur. İki dəfə həqiqi hərbi xidmətdə olmuşam, ehtiyyatda olsan baş leytenant, İkinci Qarabağ Müharibəsi veteranıyam. ABŞ-ın San Dieqo şəhərində yerləşən Vətəndaş Diplomatiyası Akademiyasında xüsusi kurs keçmişəm. İki ay müddətində amerikan ailəsində qalmışam, tərcüməçiyə ehtiyac duymamışam.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitab müəllifiyəm. Tarix üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün Zəngəzurda moğol-qıpçaq mənşəli tayfaların tarixindən bəhs edən dissertasiyam, demək olar ki, hazırdır. Özüm bu tayfalardan birinə- Gəloxçu elinə mənsubam və 20 ildən çoxdur ki, pozitiv elmin prinsip və qaydaları çərçivəsində tədqiqat apararaq Zəngəzur tarixi ilə bağlı elmi sensassiya sayıla biləcək faktlar üzə çıxarmışam. Bu faktların elmi ictimaiyyətə təqdim olunması mənim “fəlsəfə doktoru” ünvanı qazanmağımdam daha çox önəmlidir. Bu mövzu bizim tarixçilər tərəfindən işlənməyib. Ancaq çox təəssüf ki, DİM doktoranturaya qəbul üçün ingilis dilindən keçirdiyi imtahanla dövlətimizin strateji maraqları baxımından da son dərəcə aktual olan bir tədqiqarın ortaya çıxması qarşısına sədd yaradıb, yazı işi üzrə cavablarımı “0” balla qiymətləndirib, danışıq blokundan isə, ən azı 4 balımı kəsib. Odur ki, sual yaranır: DİM Azərbaycan elminin, Azərbaycan tarixinin yanındadır, yoxsa ermənilərin saxta tarixçilərinin meydan sulamasına çalışır?

Mən istənilən obyektiv jüriyə ingilis dili biliyimin B2 səviyyəsinin üzərində olduğunu asanlıqla sübut edə bilərəm. Tarix, fəlsəfə, sosiologiya, hüquq, politologiya və s. bu kimi humanitar ixtisaslar üzrə yazılmış monoqrafiyaları sərbəst oxuya bilir, xaricdə ingilis dilində rahatlıqla ünsiyyət qurur, ingilis dilində yayımlanan TV proqramlarını anlaya bilirəm. Məsələn, elə bu yaxınlarda ABŞ-da prezidentliyə namizədlərin- Tramp və Baydenin debatını canlı izlədim. Bütün bu göstəricilər Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına əsasən magistratura məzunlarından tələb oluna biləcək maksimumdur.

DİM-in imtahanlarında ingilis dilindən yazı işinin tapşırıqlarından biri, sadələşdirsək, “yeni, yoxsa ənənəvi media” sualı üzrə esse yazılması idi. Əksəriyyəti Kembric lüğətinə görə, B2, C1, C2 səviyyəl 268 sözdən ibarət esse yazmışam. 18 yaşından jurnalistika sahəsində çalışan bir insanın essesini DİM “0” balla qiymətləndirib. Bu qiymətdən apellyasiya şikayəti verdim. Bu gün DİM eksperti zəng edərək bildirdi ki, esseniz mövzudan kənar olduğu üçün “0” bal sizin haqq etdiyiniz qiymətdir. Sizə sual edirəm: məgər mən, onlayn mediadan və qəzetlərdən yox, orta əsr ingilis krali Henrinin böyük məsələsindən- Roma papası ilə boşanma mübahisəsindən yazmışam ki, esse “mövzudan kənar olduğu üçün” hətta 1 bala da layiq görülməyib?

DİM eskperti etiraf etdi ki, qrammatik səhvlərə baxmayaraq, mövzuya aid olsaydı, esseni 7-8 balla qiymətləndirmək mümkündür. İndi mən nə etməliyəm, işimi-gücümü atıb məhkəmələrdə sürünməli, təəssüratıma görə, özünün mövzudan anlayışı olmayan ekspertlərinizə yazı işində yeni və ənənəvi media ilə bağlı mülahizələrdən bəhs etdiyimi sübut etməliyəm? Bu, nə rəzalətdir, bu nə biabırçılıqdır, Məleykə xanım?

Yazı işindəki digər sual vizual məlumatın təsviri idi. Deməli, iqtisadi göstəricləri əks etdirən iki şəkil verilib və tələb olunur ki, cədvəlləri müqayisə edək. Mən axı iqtisadiyyat, maliyyə-kredit üzrə deyil, tarix üzrə doktorantura təhsli almaq istəyirəm! Təhsil standartlarına görə, magistratura məzunları öz sahələri üzrə fikirlərini yazılı və şifahi qaydada ifadə etməyi bacarmalıdır. Bu cədvəllərin tarixçilərə nə dəxli var? Tarixçi iqtisadi terminologiyanı ümumiyyətlə niyə bilməlidir? Tamamilə fərqli bir sahəni bilmək öhdəliyi tarixçilərin boynuna hansı qanunda, hansı əsasnamədə qoyulub? Odur ki, cavabda sualın düzgün qoyulmadığını bildirməklə müəyyən müqayisəli təsvir apardım. Sual adekvat olmadığından hesab edirəm ki, bu məsələ kökündən və tam balla iddiaçıların xeyrinə həll olunmalıdır. Məsələni gözünüzdə belə canlandırın. Təsəvvür edin ki, ingilis dilində Nadir şaha həsr olunmuş bir konfrans gedir, bu zaman iştirakçılardan biri Avro2024 matçları barədə danışır. Bu zaman tədbirin moderatoru etiraz etməyi bacarmalıdır ki, Avro2024 çempionatının Əfşar imperiyasının tarixinə heç bir dəxli yoxdur. Danışıq blokuna gəlincə, burada da ekspertlərniz həddən artıq aqressiv olub və B2 səviyyəsinin standartlarından çıxış etməyib.

Bütün bunları nəzərə alaraq DİM sədri kimi Sizdən xahiş edirəm ki, Elm və Təhsil Nazirliyinin, ingilis dilini bilən media ekspertlərinin (Mətbuat Şurasının üzvlərindən biri ola bilər), əgər varsa, DİM yanında İctimai Şuranın və mənim özümün iştirakı ilə yenidən qiymətləndirmə aparasınız. Xüsusi olaraq nəzərinizə çatdırıram ki, mən DİM-dən hər hansı güzəşt, hər hansı qanunsuz dəstək deyil, ədalətli yanaşma tələb edirəm. Bu ədaləti lazım gələrsə, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedərək təmin edəcəm. Məhkəmədə isə öz mövqeyimi ingilis dilində də müdafiə edə bilərəm.

Taleh Şahsuvarlı

image description