Şəkildə 3 qoca adam görməDİM!

Bu gün DİM sədrinin müavini Bəhram Xəlilovun qəbulunda oldum.

Səbəbi-ziyarətim DİM-in doktoranturaya qəbul üçün ingilis dilindən verdiyim test imtahanında nəticələrin nə az-nə çox, 15 bala qədər aşağı göstərilməsi idi. Bununla bağlı apellyasiya şikayəti vermiş, DİM-in standart və absurd cavablarına qane olmadığım üçün rəsmi qəbula yazılmışdım.

Qəbul bu gün gerçəkləşdi.

Doğrusu, sırf insani baxımdan DİM-in mətbuat katibi Xanlar Xanlarzadədən yerdən-göyəcən razı qaldım. Sağ olsun, təvəccüh göstərdi. Bəhran Xəlilovu həyatda ilk dəfə görürdüm, onun da ehtiramından və şəxsi səviyyəsindən razı qaldım. Maraqlar toqquşması ola bilər, amma zənnimcə, bu şəxslərarası ədavətə çevrilməməli, insanlar emosional gərginlik fonunda belə bir-birinin müsbət cəhətlərini fərq edə bilməlidirlər.

Qəbulun nəticəsi o oldu ki, DİM haqqımdan yediyi 15 balın heç bircəciyini də bərpa etmədi.

Nəticədə, bu il doktoranturaya qəbul imtahanlarında iştirak edə bilməyəcəm. Qaldı gələn ilə! Təki sağlıq olsun, amma gələn il başımı kəssələr belə DİM-in imtahan sisteminə girmərəm. İELTS var, TOEFL var, nə bilim min dənə sertifikatı daşdan keçən xarici dili qiymətləndirmə sistemi var. İELTS-dən 6,5-7 bal toplamaq üçün bir az yuxusuz qalacam, o qədər. Mən nə zaman oxumaqdan, öyrənməkdən çəkinmişəm ki?

Əsas məsələ bu deyil.

Əsas məsələ odur ki, biz vətəndaş olaraq öz dövlətimizin qurumlarına güvənməli, pulumuzu amerikana, ingilisə deyil, öz respublikamızın büdcəsinə daxil olmasına çalışmalıyıq. Amma DİM insanlarımızda bu yanaşmanı gücləndirmək əvəzinə, çox təəssüf ki, ölkəmizdən maliyyə və beyin axınına səbəb olur. Əminəm ki, dövlət baba bir gün hesabını soracaq.

Mən isə DİM-dən öz hesabımı sormağa getmişdim. Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurumun olmayan reputasiyasını guya qorumaq üçün məni suçlu çıxarmağa çalışacağını bilə-bilə. Məsələ özüm üçün aydın idi, qısaca ərz edim, siz də bilin.

Əvvəla, DİM keçirdiyi bütün imtahanlarda 4 prinsipə əməl etməyə borcludur:

  • Qanunçuluq;
  • Neytrallıq;
  • Bərabərlik;
  • Obyektivlik.

DİM qanunlara əməl eləmir və Azərbaycan Respublikasının rəsmi təhsil standartlarının üzərində imtahan təşkil edir;

DİM tərtib etdiyi suallarda spesfik biliklər tələb edən (məsələn, iqtisadi göstəriciləri əks etdirən cədvəl) bütün imtahanverənlərin eyni dərəcədə qavramaycağı mövzular işlədir;

Təhsil standartlarının üzərində, spesfik biliklər tələb edən cədvəllər testə salmaqla DİM vətəndaşları hazırlıq kurslarına, repetitorlara müraciət etməyə göndərir. Bu da təhsildə sosial bərabərlik barədə konstitutsion tələbləri heçə endirir.

Nəhayət, həvəsi, məsuliyyəti, peşəkarlığı test sonuclarını qiymətləndirməyə yetməyən ekspertlər öz başdansovdu qiymətləri ilə gənclərimizin karyerasını məhv edir. Mənim 47 yaşım var, ruhdan düşəcək yaşda deyiləm. Amma bir də bu cür olayların cavanlarda hansı mənəvi-psixoloji böhran, etiraz yaratdığını bir düşünün...

DİM-in imtahan sistemində zahirən hər şey qaydasındadır, hətta o qədər “qaydasındadır” ki, İELTS, TOEFL belə Məleykə xanımın qurduğu sistemə həsəd apara bilər. Amma...

Dünyadakı hər bir dil istifadə baxımından üç yerə bölünür: baza istifadəçiləri, müstəqil istidaçilər, professional istifadəçilər.

Avropa Şurası “Birgə Dil Referans Çərçivəsi”- CEFR sistemini qurmaqla bu üç kateqoriyanı “A”,”B”, “C” adlandırdı və hər kateqoriyanı özlüyündə 2 yarımqrupa böldü. Beləcə, “A1”, “A2”, “B1”, “B2”, “C1”, “C2” kimi səviyyələr yarandı.

Ölkəmizdə magistr təhsili üzrə xarici dil maksimumu B2 səviyyəsidir. Amma imtahanlarının nəticələri ölkəmizdən başqa heç harada bir işə yaramayan DİM öz əsas vəzifəsini unudaraq İELTS, TOEFL "yolu gedir", doktoranturaya qəbul suallarını “C2”-dən başlayır. Bu, sistematik baxımdan bir neçə fəsad verir- təbii ki, o fəsadların ağrısını PhD almağa iddialı magistrlər çəkir.

DİM teslərin nəticəsini hansı metodla, alqoritmlə, tənliklə hesablayırsa hesablasın, maksimum 50 balı CEFR-in 6 kateqoriyasına bölünməlidir. “C1” və “C2” səviyyəsini ölçməyə DİM-in hüququ olmadığından maksimum bal B2-nin üst həddi olmalıdır. Bu zaman 25 olan keçid balı B1-nin başlanğıc səviyyəsi olacaq. Yox, əgər DİM illah ingilis dilini “anadan dilindən də yaxşı bilmək” səriştəsini əks etdirən C2-ni öz sistemindən çıxarmaq istəmirsə, o zaman keçid balını B1 dərəsinə uyğunlaşdırmaq üçün 17-ə salınmalıdır. Çünki bizim ali təhsil sisteminin bakalavr və magistr pillələri “müstəqil xarici dil istifadəçisi” yetişdirməyi hədəfləyir. Burada “17”, “25”, “50” rəqəmləri sizi çaşdırmasın. Bu rəqəmlərin özü-özlüyündə heç bir əhəmiyyəti yoxdur. Məsələn, İELTS-in ən böyük balı 9-dur. Əsas olan bu rəqəmlərin CEFR sistemindəki kateqoriyalara ekvalentliyidir. Avropa, Amerika, Türkiyə universitetlərində “C1” tələb edənlər də var, “B2”, “A2” tələb edənlər də. Tələbin arxasında universitet və tələbə arasındakı bilik mübadiləsi dayanır. Məsələn, ABŞ-da elə universitetlər var ki, jurnalistika fakültəsinə qəbul şərti “C1”, digər fakültələrinə “B2”-dir. Çünki universitet hesab edir ki, B2 səviyyəli dil istifadəçiləri jurnalistika fakültəsinin proqramını mənimsəməyə bilməyəcəklər. Sual olunur: Azərbaycan doktorantlarına “B2” səviyyəsində hansı bilik verilir ki, Azərbaycan təhsil sisteminin maksimumunu minimum keçid balı elan edən DİM ingilis dilini elmdən qabağa keçirməklə hər 2 min iddiaçıdan cəmi 50 nəfərə imtahana buraxılış verir?

Bu, əlbəttə, ritorik sualdır.

Ritorik olmayan isə budur ki, DİM-də 3 nəfər 30 ilin jurnalistinə sübut etməyə çalışdı ki, internet və print media barəsə 268 sözlə yazılmış esse əslində internet və print mediası ilə bağlı deyil.

Acınacaqlı olansa budur ki, düz deyirlər, bu ölkədə oxuduğu mətni anlamayan, anlamaq istməyənlər var.

Hə, bir də sonda günün lətifəsini danışım.

Ekspert xanım qıp-qırmızı bəyan etdi:

“I see 3 old people in the picture”/ “Şəkildə 3 qoca insan görürəm”/ cümləsi səhvdir. Çünki bu cümlə ingilis dilində “Şəkildə 3 qədim adamlar görürəm” anlamına gəlməsi bir yana, cəm şəkilçiləri barədə qrammatik qaydanı da pozub.

Günorta savadlı ingilis dili müəlliməsi olan bir virtual dostumdan dəqiqləşdirdim, o da məsələni sosial şəbəkədə paylaşıb. Camaat DİM-in qarşıma çıxardığı ekspertinə gülür, sadəcə olaraq.

Görəsən, “qoca” yerinə “antikvar” yazsaydım, nə deyərdilər?

Taleh ŞAHSUVARLI