Tramp, yoxsa Harris?- Azərbaycan "B" variantına da hazır olmalıdır

ABŞ prezidenti Co Baydenlə Azərbaycanın müstəqil bir respublika olaraq ulduzunun barışdığını söyləmək olduqca çətindir. Baydenin öz "ulduzlar"ı vardı və bu "ulduzlar" ümumi şəkildə "Corc Sorosun yetirmələri" adlanan və öz ölkələrində "5-ci kolon" funksiyası həyata keçirənlər idi. "5-ci kolon" termininin günümüzdə manipulyativ səciyyə daşıması qaçılmaz olsa da, istər ölkələrin daxili siyasətində, istərsə də beynəlxalq münasibətlərin formalaşmasında həlledici rol oynayan bir anlayışdır. Ayrı-ayrı cəmiyyətlərin özünə inamının sarsıldılması və müstəqil inkişaf modeli qura bilməməsi, son nəticədə beynəlxalq hegemonların iradəsindən asılı vəziyyətə düşməsi üçün transmilli fondların maliyyə dəstəyi ilə formalaşdırılan "5-ci kolon"lar Co Baydenin xarici siyasətində xüsusi alət idi. Hər nə qədər yenidən ABŞ prezidentliyinə namizəd olmaq həvəsi ilə yaşını zorlamağa çalışsa da, əlahəzrət zaman qoca Baydeni seçki marofonundan kənarlaşdırdı. Seçki yarışının ABŞ-da Respublikaçı Donald Tramp və Demokrat Kamala Harris arasında gedəcəyi təxmin edilir.

Tramp cəbhəsində məsələ daha konkret və ürək açandır. ABŞ-ın sabiq prezidenti səsverməyə çıxmaq üçün tam hazırdır. Bayden administrasiyasının vitse prezidenti, liderinin yaş və səhhət problemlərindən dolayı dünyanın ən super gücünə faktiki rəhbərlik edən Kamala Harris isə seçki marafonuna rəsmən gec başlayacağından qələbə uğrunda resurlarısını qısa müddətdə toparlamağa və sıçrayış strategiyasına əsaslanan bir kampaniya aparmağa məhkumdur.

Dünyada və Azərbaycanda bir çox siyasi analitiklər öz təhlillərini "Donalda təbrik məktubu" ruhunda yazsalar da, mən Amerika xalqının əvəzinə tələsik seçim etməyin tərəfdarı deyiləm. Respublikaçılar partiyası içində namizədlərin müəyyən edilməsi dövründə Trampın bəzi rəqibləri eks prezidentin yenidən aday olmasının ABŞ-da ilk qadın prezident layihəsinə xidmət edəcəyini söyləyirdilər. Donald Trampa Pensilvaniyada edilən sui qəsd və ardınca Baydenin prosesdən kənarlaşdırılması onu göstərdi ki, üçüncü iddiaçının meydana çıxaraq qələbə qazanması üçün ABŞ-da makiavelist bir çevrə fəaliyyət göstərir. Bu çevrə Trampı öz daxili və beynəlxalq maraqlarına qətiyyən uyğun saymır və onun yenidən prezident seçilməməsi üçün eks prezidentlə qurumsal ziddiyyətləri olan böyük media quruluşlarının gücündən də istifadə edərək öz namizədlərini ictimai rəyə təsdiqlətməyə çalışacaqlar. Odur ki, Tramp və Harris arasında emosional seçim etməyərək hər hansı birinin ABŞ prezidenti olduğu təqdirdə Azərbaycan üçün müsbət və mənfi tərəflərini təhlil etməliyik.

Donald Trump və Kamala Harrisin ABŞ prezidenti olmaq ehtimallarını və seçiləcəkləri təqdirdə Azərbaycana mümkün təsirlərini qiymətləndirmək üçün hər iki personanın siyasi mövqeləri, xarici siyasət istiqamətləri və Azərbaycana olan münasibətlərini nəzərdən keçirmək lazımdır.

Prezidentliyi dövründə (2017-2021) Donald Trampın xarici siyasəti "Öncə Amerika" (America First) prinsipi üzərində qurulmuşdu. Bu prinsipə əsaslanan Trump ABŞ-ın qlobal ittifaqlarına və beynəlxalq təşkilatlara münasibətdə daha çox selektiv yanaşma sərgiləyirdi. Nəticədə Trump dövründə ABŞ-ın Azərbaycanla olan münasibətləri əsasən neft və enerji təhlükəsizliyi məsələləri ətrafında cəmləşmişdi. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı isə, ABŞ əsasən neytral mövqedə idi. Lakin bu tarazlıq həmişə qorunmurdu və zaman-zaman Tramp administrasiyasının müəyyən dərəcədə Ermənistana meyilləndiyini müşahidə edirdik. Daha ümumi çərçivədə Donald Trumpın praqmatik və biznes qafalı fiqur olması Azərbaycan kimi enerji resursları zəngin olan ölkələr üçün müəyyən dərəcədə ümidvericidir.

Kamala Harris, məlum olduğu kimi, hazırkı prezident Co Bayden administrasiyasında vitse-prezidentdir və administrasiyanın xarici siyasət kursunun bir təmsilçisidir. Bayden administrasiyası sözdə insan haqları, demokratik dəyərlər və beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini iddia etsə də, bu anlayışlardan yumşaq güc elementləri kimi istifadə edərək beynəlxalq hüququn dövlətlərin bərabərliyi prinsipinə zidd davranır. Odur ki, Demokratların Kamala Harrislə qələbə qazanağı təqdirdə, ABŞ və Azərbaycan arasında əksər hallarda rəsmi səviyyədə açıq ifadə olunmayan gərginliyin davam etməsi ehtimalı yüksəkdir. Bununla belə, Kamala Harrisin xarici siyasəti tamamilə anti-Rusiya ovqatında qurulacağından regional və beynəlxalq müstəvidə Azərbaycanın manevr imkanları genişlənə bilər.

Yuxarıda sadaladığımız fakt və arqumentləri ümumiləşdirməyə çalışsaq, Tramp son dərəcə praqmatik və iqtisadi əlaqələrə üstünlük verən yanaşması ilə enerji resurslarını və ticarət potensialını ön plana çıxaran Azərbaycan üçün daha əlverişli görünür. Lakin onun xarici siyasəti ABŞ-ın regiondakı təsirini zəifləməsinə səbəb olaraq Azərbaycanın geosiyasi vəziyyətinə mənfi təsirlər də göstərə bilər.

Kamala Harris isə, Azərbaycana qarşı təhdid elementləri daşıyan xarici siyasət yürütmüş olsa da, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik sahəsində ölkəmizə daha hissolunan dəstək göstərə bilər.

Beləliklə, hər iki namizədin prezidentliyinin Azərbaycan üçün həm üstünlükləri, həm də çatışmazlıqları var.

Azərbaycanın uzunmüddətli maraqlarını nəzərə alaraq, dövlətimizin xarici siyasət texnoloqlarının hər iki ssenariyə uyğun strateji yanaşma hazırlaması vacibdir.

Taleh ŞAHSUVARLI

AzNews.az analitik-informasiya portalının Baş redaktoru