- Redaktor masası
- 30 İyul 14:52
- 12 671
Pezeşkianın xaça and içməsi
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib. İranla diplomatik münasibətlərini maksimum qoruyub saxlamış bir neçə ölkə istisna olmaqla, tədbirə qatılan xarici qonaqlar o qədər də çox deyil. Rəsmi Bakının təbriklərini İranın hökumət rəhbərinə Baş nazir Əli Əsədov və bir neçə deputat çatdırıb.
Ermənistan hökumətinin informasiya xidmətinin məlumatına görə, Tehranda səfərdə olan Nikol Paşinyan artıq Məsud Pezeşkianla görüşüb. Görüş barədə ənənəvi diplomatik üslubda məlumat yayılıb. Məlumatın qısa xülasəsi budur ki, yeni prezident İran-Ermənistan münasibətlərinin inkişafında maraqlıdır və Pezeşkian dövründə də Tehranla İrəvanın arasından su keçməyəcək. Mesajları obrazlı şəkildə Pezeşkianın xaça and içməsi hesab etmək olar. Bu isə o deməkdir ki, İranın Ermənistan siyasətinə Pezeşkianın türk mənşəli olması faktı heç bir təsir göstərməyəcək.
Məsud Pezeşkianın türk mənşəyini qabartmaqla seçki kampaniyası aparması avam insanlara hesablanmış PR fəndi idi. İranın dövlət ağlı və iradəsi buna ona görə icazə verirdi ki, ABŞ qaradərili Barak Obamadan vətəndaş həmrəyliyi yaratmaq üçün faydalandığı kimi, molla rejimi də oxşar layihə icra edərək Güney Azərbaycan türklərinin milli istiqlal arzusunun qarşısını kəsmək yolunu seçmişdi. İranın dini lideri və bu dövlətin ən qüdrətli şəxsi ayətullah Xomeyninin azərbaycanlı olması Tehranın Qarabağ münaqişəsinə yanaşmasında Azərbaycana heç bir fayda verməyibsə, teokratik rejimdə xeyli kiçik adam olan Pezeşkiandan milli, obyektiv, ləyaqətli mövqe gözləmək sadəlövhlükdür.
Odur ki, İran prezidenti Pezeşkianla Ermənistanın baş naziri Paşinyanın görüşünü şərh edərkən ilk növbədə bir neçə məqamı nəzərə almaq lazımdır. Əvvəla, İran və Ermənistan arasında sistematik əlaqələr var və SSRİ-nin dağılmasından sonra bu iki ölkə müxtəlif sahələrdə canbir qəlb olub. Hətta Ermənistan İranı özünün mühüm strateji tərəfdaşı hesab edir və bu tərəfdaşlıqdan Azərbaycan və Türkiyə tandeminin regiona təsirini zəiflətmək üçün istifadə edir.
Azərbaycanın artan hərbi potensialı və Türkiyə ilə olan əlaqələri kontekstində, Ermənistan İranla əməkdaşlığını daim gücləndirməyə can atır və bu səbəbdən də özünü adətən “qərbpərəst” göstərən Paşinyan Tehranda sülənməyi özünə ar bilmir. Məlum olduğu kimi, İranın üzərində Qərb sanksiyaları var, üzdə Ermənistan qərbyönlü siyasət apardığını iddia edir, lakin praktiki olaraq Tehranın həmin sanksiyaları dəlməsi üçün həm leqal, həm də illeqal platforma rolunu oynayır. İqtisadi baxımdan İran Ermənistanın enerji təminatçısıdır və bu da Tehranın Ermənistanın infrastruktur layihələrini dəstəkləməsinə səbəb olur.
Bəs, İran prezidenti Pezeşkian vurğuladığı türk mənşəyini ön plana çıxararsa, necə olar? Bu zaman Cənubi Qafqazda yeni və kompleks geosiyasi dinamika yarana, İranın Ermənistandan yumşaq bir şəkildə imtina edib Azərbaycan və Türkiyə ilə birgə hərəkət etməsi Yaxın və Orta Şərqdə də dəngələri dəyişə bilər. Lakin Pezeşkian dövründə İranın Ermənistana Azərbaycanın lehinə təsir və təzyiq göstərəcəyini proqnozlaşdırmaq olduqca çətin, hətta praktiki olaraq ehtimal səviyyəsində belə olmayan məsələdir. İran öz ənənəvi ampluasından çıxa bilmir və çıxmaq da istəmir ona görə ki, əvvəla Rusiyadan çəkinir. Bu çəkincəklik İran rejiminin mahiyyətindən qaynaqlanır.
Digər tərəfdən, İranın içində müxtəlif etnik qruplar, o cümlədən İran hakimiyyətinin çoxəsrlik tarixi sahibi Azərbaycan türkləri mövcuddur. Azərbaycan və Türkiyə ilə yaxınlaşacağı təqdirdə, sekulyarlığa meyilli türkləri teokratik rejim kontrol altında tuta biləcəyinə inanmır. Fəqət İran xarici siyasət texnoloqlarının dərk etməyə çətinlik çəkdiyi və bütün hesablamalarını puça çıxaran çox önəmli bir amil var. İranın Ermənistanla sıx əməkdaşlıq etməsi geosiyasi rəqabət şəraitində Azərbaycan və Türkiyəni, necə deyərlər, formada saxlayır, iki qardaş ölkənin regionda lider mövqeyini saxlamaq üçün daha çox çalışmasına stimul verir. Əgər İranın Ermənistanla əlaqələrini davam etdirməsi Qərbin regiona olan maraqlarını və təsirini məhdudlaşdırırsa, qarşılığında Azərbaycan və Türkiyə daha çox Qərbə meyil edir. Bu da xristian təəssübkeşliyi səbəbindən Ermənistanı özünə doğma hesab edən Qərbin Azərbaycan və Türkiyəyə daha mülayim yanaşmasını şərtləndirir.
Taleh ŞAHSUVARLI
QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi sahəsi üzrə hazırlanmışdır.