Nəcəf Müseyibli 60 yaşında- görkəmli arxeoloq, müdrik insan, fədakar ziyalı! - Taleh Şahsuvarlı yazır

Bu gün Azərbaycanın görkəmli arxeoloqu, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin 60 yaşı tamam olur.

Yubiley münasibəti ilə əziz müəllimimi ürəkdən təbrik edir, uzun ömür, yeni nailiyyətlər arzulyaram.

Nəcəf Müseyibli Respublika Tarix Liseyində müəllimim olub. O zaman, yanılmıramsa, aspiranturada təhsil alırdı, bizə Dünya Mədəniyyəti Tarixindən dərs deyirdi. Dərs zamanı dediyi mühazirələri qalın və uzunsov dəftərə yazırdım, bu yaxınlara qədər dururdu, axtarsam bəlkə taparam. Üzərindən 30 il keçməsinə baxmayaraq, mühazirələrinin əsas qayəsi hələ də yadımdadır. Amma məsələ qədim dövrlərlə bağlı mühazirə məlumatlarını yadda saxlamaqda deyil, bizim beynimiz bilgisayar yaddaşı olmadığından bütün detalları hafizəmiz onsuz da saxlamaqdan təbii şəkildə imtina edir. Nəcəf Müseyibovu mənim üçün əvəzssiz və unudulmaz edən onun bizə pozitiv elmin prinsip və metodları əsasında tarixə, mədəniyyətə, tərəqqiyə yanaşmağı aşılaması, qədim mədəniyyət sisteminin mahiyyətini anlatmasıdır. Bu gün bizim təhsil sistemimizdə çatışmayan məhz budur. Müəllimlərin test sistemi agentlərinə çevrildiyi bir zamanda Nəcəf Müseyibli kimi örnək tədqiqatçı və pedoqaqların rolunu, fədakarlığını, ziyasını örnək saymamaq mümkün deyil.

Nəcəf müəllimlə aramızda həmişə səmimi bir bağ olub. Bu müəllim-şagird doğmalığından da irəli gedən dostluq, qardaşlıq, mənəvi-psixoloji qohumluq məsələsidir. Nəcəf müəllim öz ixtisası və sahəsi üzrə mükəmməl intellekt sahibi olmaqla yanaşı, geniş dünyagörüşə, arifliyə, müdrikliyə malik insandır. Onunla bölüşmək, müzakirə aparmaq, gələcəyə boylanmaq həmişə mümkündür. Gerçək Azərbaycan insanı, ziyalısı, alimi, zənnimcə, məhz belə olmalıdır. Odur ki, hər zaman Nəcəf müəllimin tələbəsi olmaqdan qürur duymuşam. Onu tanıdığım, mənəvi çevrəsində olan insanlardan biri olduğum üçün fəxr etmişəm.

Nəcəf müəllim həm də Azərbaycanın tərəqqisinə sistemli və ardıcıl baxışı olan insandır. Yaxşı yadımdadır, o, Ulu Öndər Heydər Əliyevin hələ hakimiyyətə gəlməzdən öncə fəal tərəfdarlarından olmuşdu, Azərbaycanın müstəqil inkişaf modeli üçün sabitliyə və sistemli fəaliyyətə ehtiyacı vaxtında görə bilmişdi. Azərbaycan arxeologiya elminin inkişafına çox böyük xidmətlər göstərmiş, mərhum Məmmədəli Hüseynovdan sonra dünya səviyyəsinə çıxmış azsaylı alimlərimizdən biri və birincisi olan Nəcəf Müseyiblini yubiley münasibəti ilə təbrik etmək üçün aradım.

Məlum oldu ki, Ağstafada ekspedisiyadadır, elmi tədqiqat aparır. O da məlum oldu ki, yubileyini arxeloji qazıntılar arasında keçirən dünyaşöhrətli alim rəsmi şəkildə təltif edilməyib. Doğrusu, bu məsələnin üzərində çox dayanmadıq, amma mənim fikrimcə, AMEA rəhbərliyi 14 kitabın, 230-dan artıq elmi məqalənin müəllifi olan, Türkiyə, Almaniya, Rusiya, ABŞ, İngiltərə, Cənubi Koreya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Yunanıstan, Belçika, İspaniya, Moldovada 60-a yaxın elmi əsəri nəşr edilən, etnoarxeologiya kimi çətin bir sahədə neçə-neçə alim yetişdirən, dünyanın nüfuzlu elmi jurnallarının redaksiya heyətinin üzvü olan nəhəng elm adamına qarşı diqqətli olmalı, yüksək dövlət təltifləri üçün təqdimat verməli idi.

Bu məqamda yadıma rəhmətlik Məmmədəli Hüseynovun bir sözü düşdü. Bizə arxeologiyadan dərs deyirdi. Bir dəfə soruşduq ki, müəllim, qazıntılarda qızıl-filan tapırsınız heç? Cavabı belə oldu: “Bu ölkənin elminə xidmət edən ən xırda daş çapacaq mənim üçün qızıldan qiymətlidir”.

İnanıram ki, Nəcəf müəllim üçün də belədir. Doğulduğu Naxçıvanda, Qobustanda, Qəbələdə, Şəmkirdə, Ağstafada, bütövlükdə 10-dan artıq yaşayış yerlərində geniş arxeoloji qazıntılar aparan, neolit, xalkolit və tunc-ilk dəmir dövrlərinə aid 200-ə yaxın kurqan, torpaq, daş qutu və s. tipli qəbir abidələrini araşdıran bir tədqiqatçı özü Azərbaycana təltifdir və onun adı ölkəmizin ən şanlı arxeolaqlarının biri kimi elm tariximizə qızıl hərflərlə yazılmışdır.

Bir daha professoru təbrik edir, akademik həyatına yeni nailiyyətlər arzu edirəm.

Taleh ŞAHSUVARLI