"İmtahan labirinti”: DİM-in çaşqınlığa sürükləyən yolu

Bu gün avqsutun səkkizidir və Dövlət İmtahan Mərkəzi 9-19 avqustda ali məktəblərə həyata keçirəcəyi elektron ixtisas seçimi üçün abituriyent 4 jurnalını nəşr etdirməyib.

Elan ediblər ki, bu gün ərzində satışda olacaq. Bu gün çap olunan jurnal ucqar kəndlərə nə vaxt çatacaq?

Abituriyentləri bu qədər gərginliyə salmaqda DİM-in məqsədi nədir?

Məndə may ayında bu ilin qəbul plan yeri və elə abituriyent 4-də olacaq bütün informasiyalar var. Bəs 3 aydır qurum niyə bunu çap etmir?

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edir ki, ixtisas seçimi ilə bağlı heç kimə müraciət etməyin, özünüz ixtisasları seçin.

Məhz elə hər il DİM-in yalnış statistik yanaşmasına görə 100-lərlə 500-600-dən çox bal toplayan abituriyent qəbul ola bilmir və ya istəmədiyi ixtisasa qəbul olur.

Ardınca da DİM özü özəl universitetlərdə abituriyent məsləhət mərkəzi yaradır.

Dünyanın bütün ölkələrində kariyera məsləhətçiləri var və onlar ödənişli əsaslarla xidmət edirlər. Çünki gənclər ali məktəblərin ixtisasları barədə məlumatlı deyillər.

Hətta DİM-in təlim keçdiyi o məsləhət mərkəzində oturub öz özəl universitetlərini israr-israr gələn abituriyentə sırıyan təlimçiləri də ixtisaslar barədə məlumatı yoxdur.

Misal üçün hətta DİM-in 1653-də vətəndaşa cavab verən işçiləri belə l ixtisas qrupu üzrə Geologiya və geofizika mühəndisliyi ilə Geomatika və geodeziya mühəndisliyi ixtisasının mayihhətini aça bilmir və ya fərqini izah edə bilmir.

Misal üçün I qrup abituriyentdən soruşdum ki, Mexanika ixtisası nədir? Sənə hansı gələcəyi vəd edir? Cavab verə bilmədi.
Hörmətli DİM, 11-ci sinifi bitirən şagird nə bilsin Mühəndis fizikası ixtisası nədir?

Siz I qrupdakı Ekologiya mühəndisliyi ixtisası ilə IV ixtisas qrupundakı Ekologiyanın fərqini deyə bilərsiz?

11-ci sinif şagirdi nə bilsin Materiallar mühəndisliyi nəyə lazımdır? Mədən mühəndisliyi ixtisası ilə Geologiya ixtisasının fərqi harda yazılıb ki, abituriyent də bilsin?

Logistika və nəqliyyat texnologiyaları ixtisasının Nəqliyyat mühəndisliyi ixtisasından fərqi hansı 2024-cü il vəsaitinizdə yazılıb?
Hörmətli DİM, 17 yaşlı abituriyent Marketinq ixtisasını niyə seçməli olduğunun cavabını haradan tapsın? Nəqliyyatda servis ixtisasının nədən bəhs etdiyini necə bilsin?

Mən soruşmuşam sizin 1653 xidmətindən və Abituriyent Məsləhət Mərkəzlərindən, amma cavab verə bilməyiblər ki, Cihaz mühəndisliyi, Maşın mühəndisliyi, Mexanika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması, Mexatronika və robototexnika kimi ixtisasların mahiyyəti və bir-birindən fərqi nədir.

Hörmətli DİM, siz 2 dəfə blok imtahanı keçirirsiniz ki, bunun 2-cisi birbaşa kommersiya marağına xidmət edir. Özünüz də statisika əsasında bilirsiniz ki, az bal toplayanlar 2-ci cəhddə onsuz da nəticələrini 1 ay ərzində ciddi şəkildə yaxşılaşdıra bilməz. Bunu özünüz də dəfələrlə 9 və 11-ci sinif şagirdlərinin nəticələrini müqayisə edəndə demisiniz. Bəs onda dəfələrlə test bankınızda, sinif testlərinizdə çap olunan və müxtəlif imtahanlarda istifadə olunan test tapşırıqlarını yeni test kimi niyə satırsınız?

Sizin imtahan qiymətləriniz ciddi şəkildə şişirdilib və reallığı əks etdirmir.

Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzi adından da göründüyü kimi, ancaq imtahan keçirməlidir. Ali məktəblərin müsabiqə vəziyyətinə nəzarət etməməlidir.

İmtahanı keçirdin, işin bitdi. Hər universitet özünə qəbul üçün müsabiqə şərtini elan etməlidir, abituriyentlər də portal.edu.az-da universitet, ixtisasını seçməlidir.

Necə ki, doktoranturaya qəbul belədir.

Dövlət İmtahan Mərkəzinin universitet və kolleclərə tələbə yerləşdirməsi səlahiyyəti portal.edu.az a verilməlidir.
Misal üçün, SAT imtahanı var və beynəlxalq reytinqli universitetlər özü müsabiqə elan edib öz platformasından qəbul həyata keçirir.

Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin ciddi müzakirə mövzuları mənə görə bunlardır:
1. Şəffaflıq və Hesabatlılıq Əksikliyi
- Nəticələrin Əsaslandırılması: İmtahan nəticələrinin necə hesablandığı və qiymətləndirildiyi barədə aydın məlumatın olmaması. Nəticələrin açıqlanmasından sonra olan apelyasiya şikayətlərinin araşdırılmasında qeyri-şəffaflıq halları barədə iddialar kifayət qədərdir.
- Proseslərin Qapalı Olması: Mərkəzin qərar qəbul etmə prosesləri və tətbiq etdiyi metodologiyalar haqqında məlumatın ictimaiyyətə açıq olmaması. Bu, hesabatlılıq və etimad problemi yaradır.
2. İmtahan Suallarının və Testlərinin Keyfiyyəti:
- Məzmunun Keyfiyyətsizliyi: Bəzi imtahan suallarının düzgün formalaşdırılmaması, məntiqsizlik və qərəzli yanaşmaların olması barədə iddialar. Bu, tələbələrin real bilik və bacarıqlarını ölçməkdə çatışmazlığa səbəb ola bilər.
- Relevans Problemləri: Təhsil proqramları ilə uyğunsuz sualların olması. İmtahanların tədris proqramlarına uyğun gəlməməsi nəticəsində tələbələrin hazırlıqlarının qeyri-effektiv olması.
3. İmtahan Qabağı Məlumatların Sızması: Bəzən imtahan vaxtları və digər imtahanın təşkili ilə bağlı sirr olan informasiyalar əvvəlcədən kimlərəsə ötürülməsi iddiaları olur. Bu cür hallar imtahan prosesinin bütövlüyünü ciddi şəkildə zədələyir.
4. Tədris Prosesinə Mənfi Təsir.
- Yalnız İmtahana Yönəlik Tədris: İmtahanların tədris prosesini sırf test həll etməyə yönləndirməsi. Bu, təhsil keyfiyyətinin aşağı düşməsinə və tələbələrin kritik düşünmə və yaradıcılıq qabiliyyətlərinin inkişaf etməməsinə səbəb olur.
- Psixoloji Təzyiq: İmtahanların abituriyentlər və ailələri üzərində yaratdığı böyük psixoloji təzyiq. Bu, tələbələrin psixi sağlamlığına və ümumi təhsil təcrübəsinə mənfi təsir göstərə bilər.
5. Təhsil Bərabərsizliyi.
- Maliyyə Əngəlləri: İmtahanlara hazırlaşmaq üçün tələb olunan xərclərin bərabərsizliyi artırması. Aşağı gəlirli ailələrin uşaqlarının bu imtahanlara kifayət qədər hazırlaşa bilməməsi.
Bu fikirlər onu deməyə əsas verir ki, DİM-in fəaliyyətində ciddi islahatlar və təkmilləşdirilmələr vacibdir. Təhsil sisteminin daha ədalətli, şəffaf və yüksək keyfiyyətli olmasını təmin etmək üçün bu məsələlərin həlli zəruridir.

Kamran Əsədov