ELÇİN-EL ÜÇÜN! - 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa ən şanslı namizəd

Siyasi iştirakçılıq və fəallıq millətləşmə prosesinə təkan verən əsas amillərdən biridir. Millət vəkili geniş anlamda bir bölgəni, məhəlli düşüncəni deyil, bütövlükdə milləti təmsil etdiyinə görə, mən hər zaman seçicilərin səs verərkən namizədin bioqrafiyasına nəzər salmasının tərəfdarıyam. Özüm də bir neçə dəfə parlament seçkilərində namizəd olaraq iştirak etdiyimdən, milli kimliyi, siyasi məzmunu olan personalarla məhəlli düşüncənin, populist və fürsətçi zehniyyətin qarşıdurmasının qaçılmazlığını şəxsi təcrübəmdən çox yaxşı bilirəm. Bir də görürsən ki, heç bir siyasi keçmişi olmayanlar, hətta sosial şəbəkələrdən belə seçkidən-seçkiyə istifadə edənlər namizəd olaraq xalqın qarşısına çıxır, kampaniyanın məcrasını dəyişir və seçkidən dərhal sonra yoxa çıxırlar. Odur ki, namizədin ictimai-siyasi təcrübəsi onun parlamentari kimi gələcək fəaliyyəti üçün ən yaxşı göstəricidir.

Bu mənada əminəm ki, 90 saylı Ağsu Seçki Dairəsinin seçiciləri deputatlığa namizəd Elçin Mirzəbəylini tam güvənə bilər.

Bir deputatın fəaliyyətinin bir neçə əsas istiqaməti var:

Birincisi, seçki dairəsinin lokal problemlərinin həllinə töhfədir. Etiraf edək ki, bu gün regionlarda mövcud olan lokal problemlərin əksəriyyəti deputat səlahiyyətləri çərçivəsində həll olunacaq məsələlər deyil. Ancaq bu problemlərin həlli üçün deputatın təşəbbüskarlığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə intensiv əlaqələri mühüm rol oynaya bilər. Bu mənada Ağsu camaatını təbrik etmək olar. Onların qarşısına məhz təşəbbüskar, kommunikativ, çözüm odaqlı bir namizəd çıxıb.

İkincisi, hər bir parlamentarinin peşəkarlığı Milli Məclisin işçi qurumlarında və sessiyalarında üzə çıxır. Gənc yaşlarında Azərbaycan xalq hərəkatının marşının sözlərinin müəllifi olmuş Elçin Mirzəbəylinin vətənpərvər bioqrafiyası, müsbət reputasiyası, siyasi proseslərdə püxtələşmiş personasına ictimai sayğı ƏHD sədrinin müavininin timsalında qanunverici hakimiyyətimizin son dərəcə uğurlu bir deputat qazanacağına birmənalı inam yaradır. Ağsudan gələn ilkin informasiyalar göstərir ki, bu inamı Azərbaycanın ən gözəl bölgələrindən birinin fədakar və ləyaqətli insanları səmimiyyətlə bölüşür.

Üçüncüsü, Elçin Mirzəbəyli hər bir ağsulunun haqq və hüquqlarını əzmlə qoruyacağı, millətin gerçək vəkili olacağı kimi, mandat qazanacağı təqdirdə parlamentdən kənar fəaliyyəti ilə də daima gündəmdə müsbət yer tutacaq. İstər bir ədib, istər tanınmış jurnalist, istərsə də siyasi analitik kimi Elçin Mirzəbəylinin mövqeyinə, ziyalı baxışına, təhlil və proqnozlarına cəmiyyətimiz həmişə ehtiramla yanaşıb. İndi bu sayğının 1 sentyabrda Ağsuda səsə çevrilməsi heç kim üçün sürpriz olmayacaq.

Elçin müəllimi uzun illərdir tanıyıram. Həmkar kimi, həmfikir kimi, dost və qonşu kimi hər zaman münasibətlərimiz yüksək səviyyədə olub. Bu mövzuların hər biri üzrə 90 saylı Ağsu Seçki Dairəsinin ən şanslı namizədindən saatlarla danışa bilərəm. Namizədin seçki kampaniyasında açıq görüşlərə qatılıb danışacam da. Hazırda bir məqamın üzərində xüsusi dayanmaq istəyirəm. Bütün seçki kampaniyalarında seçicilər öz səsini qalib gəlmək şansı olan namizədlərə verir, əldə olunan birgə zəfəri bir növ prestij hesab edirlər. Bu baxımdan mən müstəqil bir siyasi analitik kimi Elçin Mirzəbəylini müvafiq dairədə qələbə üçün şanslı, hətta ən şanlı namizəd sayıram.

Elçin Mirzəbəylinin şanslarını şərh etmək üçün onun seçki kampaniyasını, fəaliyyətini və seçici bazasının əsas meyarlarını diqqətlə nəzərdən keçirmək vacibdir. Mirzəbəylinin şanslarını siyasi fəaliyyəti, intellektual və peşəkar müvəffəqiyyətləri, həmçinin ölkə miqyasındakı tanınmışlığı yaradır. Onun çox uğurlu bir kampaniya yürüdəcəyinə şübhəm yoxdur, ona görə ki, namizədin seçicilərlə səmimi və effektiv əlaqə qurması, bölgənin əsas məsələlərinə dair aydın və inandırıcı təkliflər təqdim etməsinin qələbə üçün həlledici olduğunun fərqindəyəm. Qətiyyən şübhə etmirəm ki, Elçin Mirzəbəyli bölgədəki vacib məsələləri çoxdan aydın şəkildə müəyyən edib, seçicilərin ehtiyaclarına uyğun proqram hazırlayıb və güclü seçki strategiyasına malikdir. Bütün bunlar bir daha yəqinlik yaradır ki, 2-ci Qarabağ savaşında əldə etdiyimiz tarixi zəfər sayəsində müstəqil Azərbaycanın tarixində ilk dəfə bütün ərazilərimizdə keçiriləcək parlament seçkilərində ömrünü Azərbaycan davasına həsr etmiş, hər zaman EL ÜÇÜN çalışmış Elçin Mirzəbəyli səsvermənin qalibləri sırasında olacaq.

Taleh Şahsuvarlı,

AzNews.az analitik-informasiya portalının baş redaktoru