Laçında zibil qalaqları. Məsuliyyət fərqi. Məktub Məsim Məmmədova yetişibmi?

Laçın şəhəri işğaldan yenicə azad olunmuşdu. Dədə yurdumuz Qarıqışlağa Laçın şəhərindən, Zabuxdan keçən əsas yol açılmışdı. Qardaşım və iki qohumumla portaldan qeydiyyatdan keçib düşdük yolun ağına. O günlərdə indiki abadlaşmış və abadlaşan Laçından əsər-əlamət yox idi. Uçqun şəhər adamın üstünə çökür, erməni dilində lövhələr göz deşir, heç bir mağaza, iaşə obyekti işləmirdi. Üç günlük azuqəmizi özümüzlə götürmüşdük. Gecəni bölgədə xidmət aparan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün qurulmuş bir çadırda qaldıq. Laçını kənd-kənd, oba-oba salamladıq. 30 illik həsrətimizə son qoyan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib Ali Baş Komandana təşəkkür içində Minkənd yaxınlığındakı İstusuya vardıq.

Çevrə natamiz idi. Çəkilmiş kababların sümükləri, sərinləşdirici içkilərin plastik qabları, araq və çaxır şüşələri, salfet və digər məişət tullantılıarı arasında münasib bir yer tapmaq müşkül idi. Çayın qırağında bir ağacın dibinə yüngülvari əl atıb maşının baqajını açdıq. Ov həvəskarı olduğumdan bir kiçik kamp çadırım var, alaçıq qurduq, ocaq qaladıq...

Mənim düşüncəmə görə, işğaldan azad olunmuş bölgələrimizlə bağlı dövlətin “qırmızı cizgilər”i olmalı.

Əvvəla, heç bir halda və formada azad Qarabağa və Zəngəzura korrupsiya girməməlidir. Qarabağ və Zəngəzur mistik, müqəddəs yerdir. Neçə-neçə övliyanın piri var orada. Dağlarımız, ormanlarımız, çaylarımız, göllərimiz, bulaqlarımız kimi torpağımız da haram götürmür.

İkincisi, yol vermək, kələk gəlmək, haqsız çıxarmaq, adam yerinə qoymamaq, fürsətcillik, girəvəçilik kimi sosial davranış modellərinə, “sən mənim kim olduğumu bilirsənmi” sualına 30 il həsrətini çəkdiyimiz yurdlarda yer olmamalıdır. İşğaldan azad olunmuş bölgələr müstəqil və qüdrətli Azərbaycanın HÜQUQ SİMASI olmalıdır.

Üçüncüsü, mərhum qohumum, Laçının işğal altına düşməməsi üçün savaşmış polkovnik Akif Səlimovla bir məsələni çox müzakirə edirdik. Laçınlılar Laçına nə qədər “Laçınlı” kimi qayıdırlar? İqtisadi, sosial, demoqrafik, mədən aspektləri, dərinlikləri var bu sualın. Tik-tok sosial şəbəkəsində laçınlıların paylaşımları bu suala hazırda ən yaxşı cavabdır. Əhalisinin sayı o qədər də çox olmayan bir rayon sosial şəbəkələrdə əlahiddə Laçın imici, Laçın cazibəsi, Laçın əzəməti yaradıb. Dövlətimizin qurduğu yeni Laçınla vətəndaşımızın canındakı Laçın sevdası çuğlaşaraq ölkənin bir nömrəli “görməli yer”ini yaradıb. Odur ki, bundan sonrakı Laçın sakindən də, vətəndaşdan da, dövlətdən də daha fərqli yanaşma tələb edir. MƏSULİYYƏT FƏRQİ!!!

Dövlətimizin rəsmi qurumlarına- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisinə və Prezidentin Laçındakı xüsusi nümayəndəsinə rəsmi məktub yollamış, Laçına köçmək arzumu ifadə etmişəm.Bəli, mən Laçında məskunlaşmaq, Laçında yaşamaq istəyirəm! Vətəndaşların müraciətinə baxılması haqqında qanunun tələblərinə görə çoxdan cavab almalı olduğum məktubu- cavab neqativ olsa belə- müvafiq qurumlarda, deyəsən, oxuyan olmayıb. İntellektual və idealist orta təbəqənin işğaldan azad olunan bölgələrdə yerləşməsi dövlətin əsas prioritetlərindən biri olmalıdır. Prezidentin xüsusi etmad göstərdiyi və mənim də şəxsi təəssüratlarıma görə, təcrübəli və çalışqan bir məmur olan Məsim Məmmədov bu məsələyə xüsusi diqqət yetirməlidir. Bu diqqətsizliyin, vətəndaş təşəbbüslərinə laqeydliyin ilk neqativ simptomları tədricən üzə çıxır.

Laçının yol və çay qıraqlarında, azsaylı iaşə obyektlərində tullantı təpələri yaranıb.

İcma olaraq, Xalq olaraq, Dövlət olaraq bizə əsla yaraşmayan bir mənzərədir.

O torpaqları o şəkildə zibilləmək ilk növbədə o torpaqların azadlığı üçün canını fəda etmiş şəhidlərimizin ruhuna hörmətsizlikdir.

Bu hörmətsizliyi edənləri ən kəskin şəkildə qınayıram.

Çıxış yolu üzərində də düşünməliyik.

Turistik məkanların tanınmış şirkətlərə həvalə edilməsi, polis nəzarəti, ekoloji müfəttiş durbini, cəzalar, cərimələr fayda verməyəcək. İşi kökündən həll etmək üçün bir daha deyirəm intellektual və idealist insanların Zəngəzurda və Qarabağda məskunlaşmasını həyata keçirmək lazımdır.

Lap başda qeyd etmişdim. Laçına işğaldan sonra ilk dəfə getdiyimdə Minkənd istisuyunun qırağında bir iməclik təşkil etdik. Ətrafı tullantılardan təmizlədik, öz süfrəmizdən qalanlarla birlikdə paketləyib baqaja qoyduq, qayıdanda işğala məruz qalmamış rayonların birində zibilqabına atdıq.

Bəli, çevrəni təmiz saxlamaq bir mədəniyyətdir. Bu mədəniyyətin formalaşması və qorunması üçün ictimai aktivliyə ehtiyac var.

Taleh Şahsuvarlı,

AzNews.az analitik-informasiya portalının baş redaktoru