Rəşad Məcid: 60 illik ömür və yaradıcılıq yolu

Bu gün Azərbaycanın tanınmış jurnalisti, ədibi və Azərbaycan ictimai fikrinin inkişafında müstəsna rolu olan Rəşad Məcidin 60 yaşı tamam olur. Yaradıcı insanlar barədə düşünərkən dünya ədəbiyyatının dahi nümayəndələrindən biri olan Lev Tolstoyun məşhur aforizmi yadıma düşür: “Həyatın mənası yalnız özünü başqaları üçün faydalı etməklə tapılır.” Bu sözlər, özünü Azərbaycan ictimai fikrinə həsr etmiş Rəşad Məcidin həyat fəlsəfəsinə tam uyğun gəlir.

Rəşad Məcidin Azərbaycanın media məkanında oynadığı rol böyükdür. O, “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının sədri və Azərbaycan Yazıçılar Birliyinin sədr müavinidir. Tam xalq adamıdır. Uzun illərdir müstəqil qəzet kimi fəaliyyət göstərən “525-ci qəzet” cəmiyyətimizdə plüralizmin inkişafında mühüm rol oynayıb. Rəşad Məcidin rəhbərliyi altında bu qəzet Azərbaycanın ən aktual məsələlərinə obyektiv yanaşan, cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərini işıqlandıran bir platforma kimi tanınıb.

Mətbuat Şurasının sədri olaraq Rəşad Məcid Azərbaycanda jurnalistikanın etik prinsiplərini qorumağa, jurnalistlərin peşəkar səviyyəsini artırmağa və medianın inkişafına ciddi töhfələr verib. O, Mətbuat Şurası vasitəsilə jurnalistikanın məsuliyyətini artıran, eyni zamanda, jurnalistlərin hüquqlarını müdafiə edən bir strukturun formalaşmasına rəhbərlik edir.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini kimi Rəşad Məcid gənc yazarların dəstəklənməsində əvəzsiz rol oynayır, onların hamisi kimi tanınır. Yazıçılar Birliyi Azərbaycan ədəbiyyatının qorunması və inkişaf etdirilməsi üçün mühüm bir mərkəzdir və Rəşad Məcid bu prosesin fəal iştirakçılarından biridir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev usta qəzetçini media sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi. Bu, dövlət başçısının bütövlükdə media sahəsinə və xüsusi olaraq Rəşad Məcidin şəxsiyyətinə verdiyi yüksək qiymətin təzahürüdür. Bu təltif Azərbaycan mediasında keyfiyyətli və məsuliyyətli jurnalistikanın inkişaf etdirilməsinə yönəlmiş siyasətin dövlət başçısı tərəfindən dəstəklənməsi anlamına gəlir.

Rəşad Məcid təkcə jurnalist və ədib deyil, o, həm də Azərbaycanın ictimai fikir müəssisəsinin aparıcı simalarından biri kimi milli dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində misilsiz rol oynayır. Xüsusilə, torpaqlarımızın işğal altında olduğu dövrdə, o, Qarabağın ictimai yaddaşda yaşamasına böyük töhfələr verib. Bu, Rəşad Məcidin milli maarifçiliyimizə və vətənpərvərliyinə sadiq qaldığını göstərir. Qarabağla bağlı mövzularda göstərdiyi həssaslıq həm milli yaddaşın qorunmasına, həm də gələcək nəsillərin milli şüurunun formalaşmasına xidmət edib.

Rəşad Məcidin bir zamanlar “Elm və həyat” jurnalında qələmə aldığı “Qara göl, yoxsa Sevliç?” məqaləsi SSRİ-nin dağılması ərəfəsində ermənilərin işğalçılıq niyyətinə verilən ən möhtəşəm cavablardan biri kimi yadda qalıb. Bu məqalə hazırda Zəngəzurla bağlı müzakirələrdə qiymətli bir mənbə kimi istifadə olunur. Əslən Laçından olan Rəşad Məcidin vətənpərvərliyi, onun yaradıcılığında və həyatında daima öz əksini tapıb.Qarabağın işğaldan azad olunması hər bir azərbaycanlı kimi Rəşad Məcid üçün də ən böyük mükafat, yaşamın ən mənalı anıdır.

Rəşad Məcidin həyat yolu, yaradıcılığı və fəaliyyəti, Azərbaycan cəmiyyətinin ən vacib dəyərlərinə xidmət edən nümunələrdən biridir. O, öz yaradıcılığı ilə gənc nəsillərə doğru yol göstərən bir müəllimdir.

Yubuliyenizi təbrik edirik, Rəşad müəllim!

AzNews.az analitik-informasiya portalının kollektivi