YAP-ın qələbəsindən niyə hər kəs əmindir? - TƏHLİL

Sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) ən bariz formada seçkilərdə qalib olacağı proqnozunu yaradır. Bu proqnoz o qədər güclü və inamlıdır ki, hakim partiya öz namizədlərini elan etməzdən öncə digər partiyalar və müstəqil adaylar seçki dairəsi seçməyə belə çox da cürət göstərmirlər. Hətta bəzən bu proqnoz “hər şey bəribaşdan bəllidir” rəyi kimi siyasi manipulyasiya tezisinə də çevrilir. Ancaq bəlli olan ən əsas şərt budur ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi sistemində heç bir müxalif partiyanın və sistemdən kənar siyasi qrupların onunla rəqabət apara bilməyəcəyi şəkildə ciddi komandaya, strukturlara və digər resurslara malikdir.

Yeni Azərbaycan Partiyasının Azərbaycanda növbəti parlament seçkilərində qalib gələcəyinin əsas səbəblərini bir neçə mühüm faktora əsaslanaraq izah etmək mümkündür:

1. İqtisadi sabitlik və inkişaf

YAP hakimiyyətinin uzun müddət ərzində ölkədə iqtisadi sabitliyi təmin etməsi, böyük infrastruktur layihələrinə imza atması və makroiqtisadi göstəricilərin dinamik tempini saxlamağa nail olması partiyanın uğur hekayəsidir. Bu yöndə aparılan siyasət ölkənin iqtisadi inkişafında müsbət rol oynayıb və seçicilər üçün əhəmiyyətli faktor olaraq qalır.

2. Regional və beynəlxalq siyasətdə nüfuz

YAP-ın regional və beynəlxalq arenada Azərbaycanın nüfuzunu gücləndirməsi, ölkənin siyasi və iqtisadi maraqlarını ən prinsipial şəkildə qoruması partiyanın seçicilər arasında güclü elektoral dəstək qazanmasına səbəb olub. YAP-ın həyata keçirdiyi çoxvektorlu xarici siyasət, Azərbaycanı regionda mühüm strateji oyunçuya çevirib və ölkənin müstəqilliyini və suverenliyini təmin etməkdə əhəmiyyətli rol oynayıb. Azərbaycanın enerji siyasətinin uğurla idarə olunması, iri beynəlxalq layihələrdə iştirak etməsi, strateji tərəfdaşlıqların inkişaf etdirilməsi və regional əməkdaşlıq formatlarında aktiv iştirakı YAP-ın seçicilər arasında dəstəyini artıran əsas faktorlar sırasındadır. Bu siyasət ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasını təmin edib.

3. Güclü təşkilatlanma və kütləvi üzvlük bazası

YAP-ın geniş təşkilati şəbəkəsi və ölkə üzrə kütləvi üzvlük bazası onun seçkilərdə üstünlük qazanmasına münbit şərait yaradır. Partiyanın hər regionda, şəhər və kəndlərdə güclü strukturlarının olması və bu strukturların seçicilərlə sıx əlaqədə olması seçki prosesində YAP-ın müvəffəqiyyətini təmin edir.

4. Əhalinin sosial rifahının yaxşılaşdırılması

YAP hakimiyyətinin həyata keçirdiyi sosial siyasətlər, o cümlədən əməkhaqqı artımları, pensiya islahatları, sosial yardım proqramları və digər rifah tədbirləri geniş seçici kütləsi arasında YAP-a olan dəstəyi artırır. Bu siyasətlər sosial ədalətin təmin olunmasına yönəldiyi üçün seçicilərin böyük hissəsi üçün cəlbedicidir.

5. Müxalifətin zəifliyi və bölünməsi

Azərbaycanda müxalifət partiyalarının zəifliyi, bölünmüşlüyü və birgə fəaliyyət göstərməməsi YAP-ın seçkilərdə qalib gəlməsini asanlaşdıran faktorlardan biridir. Müxalifətin vahid namizəd və ya güclü alternativ təqdim edə bilməməsi, proqramlar ortaya qoya bilməməsi YAP-ın seçici bazasının genişlənməsinə rəvac verir.

6. İctimaiyyətin dəstəyin artırılması

YAP bir iqtidar partiyası olaraq xüsusilə gənc nəslin dəstəyini qazanmaq üçün müxtəlif proqramlar və təşəbbüslər həyata keçirir. Təhsil, məşğulluq və sosial dəstək sahələrində aparılan islahatlar gənc seçicilər arasında partiyaya olan marağı artırır. Bu da partiyanın seçkilərdə üstünlük qazanmasına səbəb olur.

7. Tarixi Zəfər

YAP-ın Qarabağ məsələsinin həllində əldə etdiyi tarixi uğur, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal altındakı torpaqların azad edilməsi və məcburi köçkünlərin öz yurdlarına qayıtma perspektivinin açılması partiyanın seçicilər arasında geniş dəstək qazanmasına səbəb olub. 2020-ci il Vətən Müharibəsində Azərbaycanın qazandığı qələbə YAP-ın siyasi nüfuzunu artırıb və bu qələbə partiyanın seçkilərdə qalib gəlməsinin əsas səbəblərindən biri kimi çıxış edir. Qarabağda yenidənqurma işlərinin və sülh prosesinin davam etdirilməsi, həmin bölgələrin iqtisadi və sosial inkişafı da YAP-ın seçki kampaniyasında mühüm yer tutur və seçicilər tərəfindən dəstəklənir.

ƏN BAŞLICASI: Prezident İlham Əliyevin Liderliyi!

YAP Azərbaycanın dövlət müstəqilliyini xilas etmiş Ulu Öndər Heydər Əliyevin qurduğu partiyadır. YAP qurucu liderinin vəfatından sonra öz monolitliyini qorumuş yeganə təşkilatdır. Mərhum Heydər Əliyevin müxaliflərinin təşkilatlarında tamamilə fərqli proses- parçalanmalar getdi. Ancaq İlham Əliyev YAP-a sədr seçildikdən sonra hakim siyasi təşkilat həm öz birliyini mühafizə etdi, həm də yenilədi və genişləndirdi. Prezident İlham Əliyevin mükəmməl siyasi liderliyi və onun ölkə daxilində və xaricində qazandığı yüksək nüfuz YAP-ın seçkilərdə qalib gəlməsi üçün əsas faktor kimi çıxış edir. Prezident Əliyevin siyasi kursu və idarəçilik təcrübəsi partiyanın qalib gəlmə potensialını daima artırır.

Bütün bu faktorlar Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərində qalib gəlmək ehtimalını seçki prosesində ən yüksək səviyyədə saxlayır.

Seçicilərin geniş təbəqələrinin YAP-a olan dəstəyi və partiyanın idarəçilik təcrübəsi seçkilərdə qələbənin əsas açarıdır.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru