687 minimum keçid balı- TƏHSİL ÜÇÜN HƏYACAN SIQNALIDIR!!!

İlk növbədə tələbə adını qazanan bütün abituriyentləri ürəkdən təbrik edirəm. Bu gözəl xəbərləri bizə eşitdirən, yazdıran zəhmətkeş gənclərimizin hər birinə uğur və xoşbəxtlik diləyirəm.

Bu il Bakı Ali Neft Məktəbi öz yüksək prestijini qoruyub saxlayıb. Universitetin bu səviyyəyə çatmasında böyük əməyi olan, əziz dostum Elmar Qasimovu təbrik və təqdir edirəm. İndi yazacağım tənqidin onun rəhbərlik etdiyi universitetlə bir əlaqəsi yoxdur, əksinə bir daha deyirəm: BANM-in qəbul prosesinə marağın böyük olması universitet adına ancaq və ancaq uğurdur.
Problem isə başqa məsələlərdədir!

Diqqət edin: Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasına (DS, ingilis dili) qəbul üçün keçid balı 687 ilə 700 arasında olub. Yəni 700 maksimum baldan ən aşağı 687 bal toplayam gənclərimiz bu ixtisasa qəbul olunublar. Digər prestijli universitet və fakültələrdə də vəziyyət aşağı-yuxarı eynidir.

Dostlar, bu göstəricilər heç də sevinməli hal deyil, tam əksinə, Azərbaycan təhsil sistemi üçün HƏYACAN SİQNALIDIR.

Əvvəla, keçid ballarının bu qədər yüksək olması, şagirdlərin repetitorluğa olan ehtiyacının artdığını və abituriyentlərin daha çox test texnologiyalarına yönəldiyini göstərir. Repetitor bazarının genişlənməsi isə, təhsilin yalnız testlərin doğru cavablandırılmasına yönəldiyini və bunun real bilik səviyyəsinin göstəricisi olmadığını açıq şəkildə nümayiş etdirir.

Bu həm də təhsil sistemində ciddi islahatların aparılmasına ehtiyac olduğunu göstərir. Məktəblərdə verilən biliklərin yetərli olmaması və ya repetitorluğun daha effektiv metod sayılması, məktəb təhsilinin keyfiyyəti ilə bağlı suallar doğurur. Təhsilin əsas məqsədi gənclərə düşünməyi, analiz etməyi və problemi həll etməyi öyrətmək olmalıdır. Lakin bu cür yüksək keçid balları, tələbələrin bu bacarıqlar əvəzinə yalnız test həll etmə bacarığına fokuslandığını göstərir.

Nəticə etibarilə, bu vəziyyət, təhsilin dərinliyini və keyfiyyətini artırmaq üçün daha çox diqqət yetirilməsinin zəruriliyini ortaya qoyur. Təhsil sistemindəki bu cür tendensiyalar uzunmüddətli perspektivdə cəmiyyətin intellektual inkişafına mənfi təsir göstərə bilər. Ona görə də, repetitorluq və test texnologiyaları əvəzinə, təhsilin əsas mahiyyətinə - biliklərin real tətbiqi və dərin anlayışın inkişafına - daha çox fokuslanmaq lazımdır.

Taleh ŞAHSUVARLI