Tarixi Zəfərin Laçın Günü

26 avqust Azərbaycanın tarixində xüsusi bir səhifə olduğu kimi, hərbi və diplomatik mübarizə müstəvisində də xalqımız üçün son dərəcə əhəmiyyətli bir gündür. Bu gün Laçın günüdür, amma təkcə laçınlıların- 30 ilə yaxın bir müddətdə öz dogma yurdlarının, tarixi torpaqlarının həsrətini çəkmiş mərd soydaşlarımızın günü deyil. Hər daşı və qayası bir səngər olduğu halda, 1992-ci ilin mayından işğal altına düşmüş Laçının azad edilməsi üçün Azərbaycanın bütün bölgələrini təmsil edən cəsur oğullar gerçək bir qəhrəmanlıq dastanı yazıblar. İkinci Qarabağ Savaşı zamanı aparılmış döyüş əməliyyatlarında iştirak edən 8397 hərbi qulluqçumuz Ali Baş Komandan tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Bu fakt Laçının işğalına son qoyulmasının İkinci Qarabağ Savaşının əsas hədəflərindən biri olduğunu əyani şəkildə sübut edir. Olduqca diqqətə layiq olaydır ki, Laçının həm əksər əraziləri, həm də rayon mərkəzi bizi Tarixi Zəfərə qovuşduran hərbi strategiyamızın diplomatik müstəvidə eyni iradə və məharətlə davam etdirilməsi sayəsində bir güllə belə atılmadan azad olundu.

Azərbaycan LAÇINa, Laçın Azərbaycana döndü!

Heç kimə sir deyil ki, Laçın Ermənistanla sərhəddə yerləşən bir bölgə olaraq Qarabağın Azərbaycandan qoparılması məqsədi baxımından ermənilər üçün xüsusi önəm daşıyırdı. Seperatizm yuvasına çevrilmiş Xankəndi Şuşanın ardınca Laçının da işğal edilməsi nəticəsində Ermənistanla coğrafi baxımdan birləşir, bu isə öz növbəsində həm Azərbaycanın digər rayonlarının işğal altına düşməsinə təhdid yaradır, həm də qondarma “Dağlıq Qarabağ”dakı xuntanın ayaqda qala bilməsi üçün İrəvandan təcavüzkarlıq siyasəti daşıyırdı. Elə bu səbəbdən də Laçın son dərəcə strateji bir bölgə olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin nizamlanması üçün aparılan danışıqlarda xüsusi gündəm maddəsinə çevrilmişdi.

İşğalın ilk vaxtlarından başlayaraq “Laçın dəhlizi” kimi terminləşən və Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında əlaqəni təmin edən tranzit yol tərəflər üçün “status” məfhumundan belə daha prinsipial məsələ sayılırdı. Çünki həm tərəflər, həm də vasitəçilər çox yaxşı başa düşürdülər ki, Ermənistanın Qarabağa hərbi, siyasi, iqtisadi və digər sahələrdə nəzarətinin davam etməsi üçün son dərəcə vacib olan Laçın dəhlizi üzərində Azərbaycanın suveren hüquqlarının reallaşması münaqişənin aqibətini müəyyən edən ən güclü rıçaqlardan birinin rəsmi Bakının əlinə keçməsi deməkdir. Odur ki, münaqişə dövründə və sonrasında Laçın dəhlizinin statusu və istifadəsi ilə bağlı uzun danışıqlar aparıldı. Diplomatlar Laçın dəhlizinə nəzarətin münaqişənin həllindəki rolu və əhəmiyyəti ilə bağlı müxtəlif mövqeləri müzakirə etdilər, ancaq son qərarı mükəmməl hərbi və siyasi planla düşməni bütün mövqelərdə darmadağın edən Azərbaycan verdi.

10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiya aktı hesab olunan Üçtərəfli Bəyanat imzalandı. Həmin bəyanata əsasən Laçının əksər əraziləri Azərbaycana döyüşsüz təhvil verildi. Bu, İkinci Qarabağ Müharibəsinin ən əhəmiyyətli nəticələrindən biri idi. Bu prosesdə prezident İlham Əliyevin rəhbərliyi ilə saat kimi dəqiq çalışan Azərbaycan diplomatiyası beynəlxalq səviyyədə möhkəm iradə göstərərək Laçın dəhlizi mübahisələrində həlledici söz sahibi olduğunu isbatladı. Laçın şəhəri, Zabux və Sus kəndləri kimi “dəhliz”in üstündəki ərazilər nəzarətimizə keçdi, Xankəndi-Gorus marşrutu dəyişdirildi, ardınca Həkəri çayının sahilində Azərbaycan Sərhəd-Keçid Məntəqəsi quraşdırdı. Təcavüzkar İrəvanın əli və ayağı Xankəndidən kəsildi. Qapana qısdırılmış seperatçılar uzun müddət müqavimət göstərə bilmədilər.

Məhz İlham Əliyevin Milli Lider kimi göstərdiyi əzm nəticəsində Xankəndidə Azərbaycan bayrağı ucaldı!

Bəli, Laçın şəhərinin azad edilməsi Qarabağ müharibəsindəki tarixi qələbəmizin simvolik və strateji hissəsidir. Şəhərin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası və müharibənin strateji məqsədlərinə çatması baxımından mühüm bir addımdır. Laçının azad edilməsi, yalnız hərbi müvəffəqiyyətin deyil, həm də diplomatik və siyasi uğurun bir göstəricisi olaraq beynəlxalq aləmdə Azərbaycanın müstəqil və güclü mövqeyini təsdiqləyən bir faktor oldu. Bu amil həmçinin müharibədən sonrakı dövrdə bölgədəki yeni siyasi və iqtisadi reallıqların formalaşmasına təkan verdi.

Laçının azad olunmasından sonra Qarabağda, o sıradan rayonun özündə quruculuq işləri böyük vüsət aldı. Şəhərin bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi və sosial-iqtisadi inkişaf məqsədilə həyata keçirilən təşəbbüslər Azərbaycan cəmiyyətində Laçın cazibəsi, Laçın aurası yaratdı.

Bəli, azad Laçın hazırda Azərbaycanın mədəni həyatında da yeni bir dövr açıb, regionda əmin-amanlığın, rifahın və inkişafın simvoluna çevrilib. Bu ərazilərin yenidən qurulması, turizmin inkişafı, yerli iqtisadiyyatın canlandırılması, bölgənin təbii və tarixi zənginliklərinin qorunması istiqamətində atılan addımlar, Laçını Azərbaycan üçün əvəzolunmaz bir məkana çevirir.

Hazırda o məkanı görən hər kəs Teodor Ruzveltin nə qədər haqlı olduğunu bir daha təsdiq edirlər: "Böyük uğurlar böyük mübarizə olmadan qazanıla bilməz"!

Laçın günü- BÖYÜK MÜBARİZƏ GÜNÜ DEMƏKDİR!

Taleh ŞAHSUVARLI