Yeni siyasi konfiqurasiya: Müxalifətin tarixi iflası, hakim partiyanın böyük məsuliyyəti

Sentyabrın ilk günü Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının növbəti dəfə parlaq qələbə qazanacağı heç kimdə şübhə doğurmur. Seçki prosesinə 125 dairə üzrə təxminən min nəfərə yaxın qeydə alınmış namizəd qatılıb. Bu isə o deməkdir ki, YAP-ın hər namizədinə qarşı statistik baxımdan orta hesabla 9 nəfər siyasi iddiaçı çıxış edir. Seçki prosesini analiz etdikdə bir neçə önəmli tendensiya özünü qabarıq biruzə verir.

Qeyri-sistemli müxalifət namizədi kimi dəyərləndirilə biləcək qrupların nümayəndələri bu seçkilərdə cüzi gözə dəyir. Əvvəlki seçkilərə namizəd kimi qatılan bitərəf və populyar namizədlərin çoxu hazırda yenidən marafona qoşulmayıblar. Ənənəvi müxalifət partiyalarından AXCP seçkilərdə iştirak etmir, Müsavat isə üzvləri və funksionerləri prosesə qatılsa da, liderlərinin namizədliyini irəli sürməyib.

SİSTEMDƏNKƏNAR MÜXALİFƏT SEÇKİDƏN KƏNARDA

"Sistemdənkənar müxalifət" termini Azərbaycanda da leqal siyasi sistemdən kənarda fəaliyyət göstərən müxalifət qruplarını ifadə edir. Bu qruplar, adətən, rəsmi müxalifət partiyalarından daha radikal mövqelərə sahib olurlar və siyasi proseslərə rəsmi kanallar vasitəsilə daxil olmaqdan çox, topluma alternativ yollarla təsir göstərməyə çalışırlar.

Rəsmi tanınmama: Sistemdənkənar müxalifət qrupları, adətən, rəsmi qeydiyyatdan keçmir və daha çox illeqal dərnəklər kimi fəaliyyət göstərirlər.

Fəaliyyət metodu: Bu qruplar, fəaliyyətlərini əsasən internet, sosial media və vətəndaş cəmiyyəti platformaları adı altında həyata keçirir. Onlar qarşıdurma yaratmağa meyilli etiraz aksiyaları və digər tədbirlər təşkil etməklə gündəmə gəlməyə çalışırlar.

Məqsəd və ideologiya: Sistemdənkənar müxalifət qrupları daha çox hər hansı bir ölkəyə təzyiq göstərməyə çalışan beynəlxalq çevrələrin maraq və dəyərlərinə xidmət edirlər.

Liderlik: Sistemdənkənar müxalifətin liderləri adətən gənclər, QHT fəalları, jurnalistlər və elmi institutların parlaq akademik karyeraya sahib olmayan əməkdaşlarından ibarətdir. Onlar rəsmi müxalifət liderlərindən fərqli olaraq, daha radikal mövqelər tutur və alternativ fikir liderləri kimi tanıdılırlar.

Azərbaycanda sistemdənkənar müxalifət qrupları Gürcüstan və Ukraynada məxməri inqilab layihələrinin həyata keçməsindən sonar genişlənməyə başladı. Həmin layihələrin mərkəzində rol almış gənclər təşkilatlarının, media quruluşlarının, diskussiya klublarının Azərbaycan versiyası yaradıldı, təkcə siyasi hakimiyyəti deyil, bütövlükdə cəmiyyətin dəyərlər strukturunu hədəfə alan feministlər və sosial şəbəkə aktivistləri formalaşdırıldı. NIDA Vətəndaş Hərəkatı, Meydan TV, Toplum TV, “Abzas media” ətrafında toplanmış marginal və aqressiv qruplar bəlli bir müddətdən sonra öz “mübarizə simaları”nı təqdim etdilər, amma onların heç biri alternativ ictimai obraza çevrilə bilmədi.

Bunun ən başlıca səbəbi sosial stiqma ilə bağlıdır. Leqal müxalifətə nisbətən daha radikal və qeyri-ənənəvi yanaşmaları ilə tanınan bu qruplar, cəmiyyətdə sosial stiqmatizasiya ilə üzləşdilər. Bu, onların ictimai dəstək qazanmasını mümkünsüz etdi. İkincisi, sistemdənkənar müxalifət qrupları, internet və sosial media vasitəsilə fəaliyyət göstərdiyindən real məkana daxil ola bilmədilər.

Ənənəvi müxalfətin üzdə olan fiqurları meydan hərəkatı müstəvisində cəmiyyətin içindən çıxmış və öz çaplarında “mübarizlik hekayəsi”nə malik idilər. Azərbaycan cəmiyyətinə yad həyat tərzi və Qarabağ münaqişəsi kimi milli heysiyyət məsələsində sülhpərvər libasda təslimçilik aşılayan “sistemdənkənarlar” isə, hər addımları ilə özlərinə qarşı ictimai inamsızlıq yaradıblar. Onların kəmfürsət radikalizmi fonunda iqtidara loyal, ənənəvi müxalifətlə mənsubyyət bağını qırmış bitərəf və populyar namizədlər protest elektoratı üçün daha cəlbedici görsənirdi.

BİTƏRƏFLƏR HANSI TƏRƏFDƏDİR?

2015 və 2020-ci ildə keçirilmiş parlament seçkilərinə bitərəf namizədlər xüsusi maraq göstərmişdilər. Həmin illərdə qeydə alınmış namizədlərin statistikasını təhlil edəndə onların hakim partiyanın yüksək ranqlı funksionerlərinin namizəd kimi irəli sürüldüyü dairələrdə deyil, daha çox bitərəflərin qazana biləcəyi elektoral areallara üz tutduqlarını asanlıqla müəyyən edə bilərik. Bu təşəbbüslər daha çox seçki təcrübəsi toplamaq, tanınmaq, ən yaxşı halda “bəxtini sınamaq” məqsədi güdürdü. Zira, bitərəf, amma populyar iddiaçılar 1 sentyabrda keçiriləcək seçkilərdə namizəd olmağa həvəs göstərməyiblər. Bu da ilk növbədə onların öz qələbələrinə inamsızlığından irəli gəlir. Çünki YAP-ın birbaşa və dolayısı ilə dəstəklədiyi namizədlərlə real rəqabət aparmağa, güclü kampaniya qurmağa bitərəf namizədlərin təşkilati və maliyyə resursları əksər hallarda kifayət etmir. Üstəlik, keçmiş təcrübələr göstərib ki, bitərəf namizədlər əslində siyasi platformaların rəqabətinə mane olublar, seçki prosesinə inam yaratmaq əvəzinə, onu zəiflədiblər.

ZAMAN RADİKALLARA QIRMIZI KART GÖSTƏRİR

Azərbaycanda əsas müxalif siyasi qüvvələri iki əsas seqmentə bölmək olar.

  • Ənənəvi müxalifət

Əli Kərimlinin sədri olduğu AXCP və İsa Qəmbərin başqanlığına yenidən qayıtdığı Müsavat, prezidentliyə keçmiş namizəd Cəmil Həsənlini çətir kimi başının üstündə saxlayan Milli Şura müxalifətin ənənəvi və radikal cinahını təşkil edir.

AMİP, ADP, KXCP kimi partiyalar ənənəvi müxalifət təşkilatları olsalar da, hakimiyyətlə diaoloq aparmağa üstünlük verdiklərindən ənənəvi müxalifət tərəfindən daşlanırlar.

  • Parlament müxalifəti

Bu düşərgə VHP, ƏHD, BQP, “Real” kimi parlamentdə təmsilçiləri olan təşkilatlrdan ibarətdir. Hazırda bu partiyalar seçkilərdə iştirak edir və mandatlarının sayını çoxaltmaq üçün mübarizə aparırlar. Bununla belə, sözügedən partiyaların heç biri parlamentdəki yerlərin əksəriyyətini tutmaq iddiası ilə çıxış etmir, ən yaxşı halda ƏHD partiyasının timsalında müxalif fraksiya yaratmağa can atdıqlarını bəyan edirlər.

1 sentyabr seçkilərinin siyasi atmosferi əslində nəzəri cəhətdən AXCP və Müsavat üçün əlverişli fürsətlər yaradırdı. Sistemdənkənar müxalifətin ifşa olunduğu, qanunsuz maliyyə kanallarının hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı, bitərəf və populyar potensial namizədlərin marafona qoşulmaqdan çəkindikləri, parlament müxalifətinin isə ən yaxşı halda bir neçə mandat uğrunda mübarizə apardığı bir dövrdə “iqtidarı dəyşmək” iddiasında olan radikal partiyalara geniş seçki meydanı açılırdı. Bununla belə, AXCP və Müsavat çeşidli bəhanələr göstərərək YAP-la real seçki mübarizə aparmaqdan yayındı. Ancaq irəli sürülən arqumentləri saf-çürük etdikdə bir daha məlum olur ki, “siyasi təqiblər”, “seçki sisteminə inamsızlıq” kimi şablon tezislər nə həmin partiyalar haqqında “taktiki geri çəkilmə” təəssüratı yaradır, nə də mərhum Elçibəy hakimiyyətinin aparıcı fiqurlarının bu gün “kontr elita” kimi sıradan çıxdığını ört-basdır edə bilir.

(Ardı var)

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru