Parlament seçkiləri üç kontekstdə- ANALİZ

  • TARİXİ KONTEKST

- Siyasi sabitlikdən demokratik tərəqqiyə

1 sentyabrda keçirilən parlament seçkiləri Azərbaycanın siyasi inkişafında mühüm hadisədir. İstənilən seçki istər sosioloji, istərsə də siyasi baxımdan geniş araşdırma və təhlil üçün kompleks məlumatlar bazası üzə çıxarır, cəmiyyətin həm “dib dalğaları”ını, həm də dövlət ierarxiyasının zirvəsindəki təmayülləri nəzərdən keçirməyə ciddi ipucları verir. Bütövlükdə, son parlament seçkiləri ölkəmizdə uzun müddətli siyasi sabitliyin demokratik tərəqqiyə çevrilməsi istiqamətində irəliyə doğru atılmış vacib addımlardan biri sayılmalıdır. Heç kimə sirr deyil ki, sabit siyasi mühitin mövcudluğu səmərəli idarəetmə sisteminin qurulmasına və cəmiyyətin demokratikləşmə prosesinə töhfələr sistemi yaradır. Səsvermələrin ictimai-siyasi legitimliyi üzə çıxarması və dövlət idarəetməsində təmsilçilik prinsipinin gücləndirməsi ölkənin “gələcək modelləri”ni sistemləşdirir.

- Qarabağın qanunvericilik müstəvisində reinteqrasiyası

Dünənki səsvermə Azərbaycanın 44 günlük İkinci Qarabağ savaşından və onu tamamlayan hərbi əməliyyatlardan sonra keçirilən ilk parlament seçkilərinin finalı idi. Zənnimizcə, bu hadisəyə xüsusi diqqət cəmlənməlidir ona görə ki, işğaldan azad olunan bölgələr qanunvericilik səviyyəsində mərkəzi hakimiyyətə reinteqrasiya olundu, ölkənin elektoral xəritəsi yenidən formalaşdı. Bu seçkilər azad Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının Azərbaycanın siyasi həyatına qayıdışını təmin etdi, həmin ərazilərdə dövlət idarəçiliyinin bərpa prosesinə təkan verdi.

- Regional liderlik perspektivi

Dekabrda keçiriləcək bələdiyyə seçkilərini və parlamentin mövcud çağırışının fəaliyyətinə vaxtından əvvəl xitam veriləcəyi barədə “təsəlli proqnozları”nı nəzərə almasaq, qarşıdakı 5 ildə Azərbaycanda seçki olmayacaq. Bu fakt, ölkənin Cənubi Qafqazdan daha geniş arealda regional liderliyə doğru irəliləməsi üçün yeni perspektivlər vəd edir. Seçki təqviminin konstitutsion şəkildə müəyyən müddətə dondurulması, ölkəyə strateji hədəflərinə yönəlmək üçün əlavə vaxt və resurslar qazandırır.

  • ELEKTORAL KONTEKST

- Seçici aktivliyi nədən aşağı idi?

Son parlament seçkilərində seçici aktivliyinin aşağı olmasının bir neçə əsas səbəbi var. Bu səbəbləri izah etmək üçün 2005-ci ildəki parlament və bu ilin fevralındakı prezident seçkilərini yada salaq. Son prezident seçkilərinə vətəndaşlar Qarabağı düşmən işğalından azad etmiş İlham Əliyevə təşəkkkür günü kimi baxırdı. Elə bu səbəbdən də eyni seçici fəallığının göstərilməməsi başa düşüləndir. Yəqin xatırlayırsınız ki, 2005-ci ildə müxalifət “məxməri inqilab” modeli ilə hakimiyyətə gəlməyə cəhd edirdi. Lakin bu dəfəki parlament seçkiləri hətta nəzəri cəhətdən belə hakimiyyət dəyişikliyi perspektivi vəd etmirdi. Elə bu səbəbdən də protest elektoratı bu seçkilərdə aktiv iştirak etmədi. Tarixi iflasa uğrayan radikal müxalifətin isə, artıq dayanıqlı elektorata malik olmadığı çoxdan bəllidir. Bu arqumentləri AXCP-nin rəqabət qabiliyyətini itirdiyi üçün seçki prosesinə qatılmaması, seçkilərdə iştirak edən Müsavatın namizədlərinə isə ciddi elektoral marağın olmaması bir daha təsdiqləyir. Zira, ya zəlzələdən, ya da vəlvələdən protest elektoratının seçkilərə cəlb olunmaması hakim Yeni Azərbaycan Partiyasının elektoratında da motivasiya qıtlığı yaratdı və iqtidar partiyasının qələbəsinə şübhəsizlik seçicilərin səfərbər olunması baxımdan bir növ arxayınlıq yaratdı.

- YAP-ın qələbəsi

Yeni parlament YAP-ın parlaq qələbəsi ilə formalaşacaq. Bu, danılmazdır. Diqqət çəkən əsas tendensiya budur ki, hakim partiya namizədlər siyahısını formalaşdırarkən radikal dəyişikliklər etmədi, daha təmkinli bir yanaşma göstərərək, belə demək olarsa, “status-kvo”nu saxladı. Partiyanın siyasi vitrininində “kapital təmir” aparmaması YAP liderinin mövcud struktura etimadını göstərir. Bununla belə, təşkilatdaxili bir sıra yeniliklər aparılacağını da proqnozlaşdırmaq çətin deyil. Hər halda, son parlament seçkiləri YAP-ın öz üzvləri və tərəfdarları ilə siyasi-ideoloji mənsubiyyət bağlarının gücləndirilməsinə ciddi ehtiyac olduğunu üzə çıxarır.

- Yeni təmayüllər və majoritar qalalar

Səsvermədə istər YAP-dan, istərsə də digər partiyaların və bitərəflərin arasından bir çox yeni və peşəkar isimlər uğur qazandı. Xüsusən Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində, media və QHT sektorunda püxtələşmiş isimlər parlamentin yeni tərkibinin professionallıq əmsalını yüksəldir. Bundan əlavə, bəzi dairələrdə “majoritar qalalar” üzə çıxdı. İctimai rəydə “siyasi ailələrin varisliyi” kimi asossasiya olunan bu tendensiyadan sistemdənkənar müxalifət istifadə etməyə çalışdı və ictimai diqqəti daha çox həmin dairələrə topladı.

  • QUTUDAN ÇIXAN MESAJLAR

- Birinci mesaj: İqtidara tam etimad

Seçki nəticələrinin əsas mesajlarından biri, xalqın iqtidara olan tam etimadıdır. Bu, seçicilərin böyük əksəriyyətinin hakim partiyanın siyasətini dəstəkləməsi və ölkədə davam edən sabitliyi qorumaq istəyindən irəli gəlir. Qarabağ savaşında qazanılan zəfər, ərazi bütövlüyünün bərpası və iqtisadi islahatların davamlılığı, Prezident İlham Əliyevin rəhbərliyində olan hakimiyyətə olan elektoral inamı gücləndirir. Seçicilər, İlham Əliyevin və komandasının ölkənin inkişafını təmin edəcəyinə və strateji hədəflərə çatmaqda liderlik edəcəyinə inanırlar. Bu səbəbdən, seçkilərdə iqtidar partiyasına tam dəstək göstərildi.

- İkinci mesaj: İslahatlara davam

Seçkilərdən çıxan digər vacib mesaj, islahatların davam etdirilməsi ehtiyacıdır. Azərbaycan cəmiyyəti, sosial və iqtisadi sahələrdə aparılan islahatların nəticələrini görməkdədir və bu prosesin davam etdirilməsini istəyir. Seçicilər, mövcud hökumətin islahatlara yönəlik səylərini dəstəkləyir və bu islahatların ölkənin uzunmüddətli inkişafına töhfə verəcəyinə inanır. Xüsusilə, iqtisadiyyatın diversifikasiyası, təhsil və səhiyyə sahələrindəki yeniliklər, korrupsiyaya qarşı mübarizə və hüquqi sistemin təkmilləşdirilməsi kimi sahələrdə islahatların davam etməsi böyük əhəmiyyət kəsb edir. Bu mesaj, cəmiyyətin islahatların davamlılığını tələb etdiyini və bu istiqamətdə atılan addımların dəstəkləndiyini göstərir.

- Üçüncü mesaj: “Sosial lift”in qapılarının açılması

“Sosial lift”in qapılarının açılması seçkilərin vacib mesajlarından biridir. Bu, gənc və potensiallı kadrların dövlət idarəetmə sisteminə daxil olmasına şərait yaratmaq deməkdir. Cəmiyyət dövlət idarəçiliyində yeni, dinamik və peşəkar kadrların olmasını, xüsisən də bu kadrların idarəçiliyə arxa qapıdan deyil, publikaya açıq, əlçatat simalar arasından seçilməsini gözləyir. Dövlət başçısnı ictimai rəy qarşısında ardıcıl dəstəkləyən fiqurların görəvləndirilməsi dövlət idarəetməsinin effektivliyini artıracaq və ölkənin modernləşmə prosesinə təkan verəcək. Bu, həm də cəmiyyətin sosial ədalət və bərabər imkanlar prinsipinə əsaslanan bir gələcəyə olan istəyini ifadə edir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru