Türkiyəni sarsıdan Narın cinayəti: Başqa bir versiya da var

Türkiyədə baş vermiş Narın cinayəti Azərbaycanda da böyük rezonans doğurub. Gerçəkdən insanlıq adına böyük bir rəzalətdir. Hər nə səbəbdən olursa-olsun uşaqların öldürülməsi bütün bəşəriyyyətin vicdanına qəsddir. Çox təəssüf ki, cinayətin motivi, iştirakçıları və bilavasitə qatil hələ də üzə çıxarılmayıb. Bildiyiniz kimi, Türkiyənin Ədliyyə naziri də digər rəsmilərlə birlikdə hadisənin baş verdiyi Dovşantəpə kəndinə getdi, cinayətin bütün detalları ilə araşdırılacağını, cinayətkarların layiqli cəza alacaqlarını söylədi. Bu, əlbəttə, olayı izləyən hər bir insanın arzusudur.

Mən həmişə bu fikirdəyəm ki, istənilən cinayət işi ilə bağlı istintaqın nəticələrini, məhkəmə prosesini və hökmünü gözləmək lazımdır. Bunun xaricində irəli sürülən heç bir iddia- hətta doğru olsa belə - hüquqi qüvvəyə malik deyil, cinayətdə iştirak etdiyi güman olunan şəxslərin etirafları da heç bir halda məhkəmə araşdırması olmadan yetərli sübut sayılmır.

Qardaş Türkiyə mediası hadisəni artıq neçə həftədir ki, gündəmdə saxlayır və gerçəkdən kifayət qədər peşəkarlıq sərgiləyərək araşdırmalar aparır, narahat olmuş ictimai vicdana xitab edən materiallar hazırlayır, olayın ən müxtəlif yönlərini müzakirə proqramlarında saf-çürük edirlər. Bir neçə gündür ki, bu cür süjetləri və müzakirələri ürəkağrısı ilə mən də izləyir, həm hüquq, həm də media prizmasından müəyyən nəticələr çıxarmağa çalışıram.

Bilmirəm, səhv edirəm ya yox, amma gəldiyim qənaət budur ki, Narın cinayətinin arxasında daha böyük cinayətlər dayanır.

Mediada yer alan xəbərlərə görə, cinayət öncəsi vəziyyət belədir: Güran tayfası toya hazırlaşır. Tayfanın bütün fərdləri toy hazırlığı içindədir, kimi pal-paltar alır, kimisi dəvətnamə paylayır. Hazırda şübhəli bilinərək həbs olunmuş "Amca" tayfada söz sahibidir, ondan başqa hər kəs toy işləri məşğuldur. Narını hadisə günü anası Quran kursuna göndərir, amma o, təxmin edildiyindən daha tez evə gəlir. Kənd məktəbinin kamerasındakı son görüntüsündən sonrakı aşağı-yuxarı 1 saat ərzində o qətlə yetirilir və aparılıb dərədə dəfn olunur. Daha sonra itkin düşməsi barədə polisə məlumat verilir, axtarışlar başlayır və bu müddətdə əşirət dəfələrlə toplantı keçirir.

Mediada səslənən ən güclü ehtimala görə, Narının əmisi və anası arasında intim münasibətlər vardı, kursdan qayıdıb bu münasibətə şahid olan qızcığazı atasına xəbər verməsin deyə aradan götürdülər. Ancaq bu versiyada bir neçə "daş" yerinə oturmur- Narının böyük qardaşı və tayfanın digər fərdlərinin əmiyə qahmar çıxan davranışları.

Kənd, medida sıx-sıx vurğulandığına görə, sıradan bir Anadolu köyü deyil, bir qism sakinlərinin bahalı maşınları, böyük əraziləri, brend geyimləri, yüksək məbləğlərin yatırıldığı bank hesabları mövcuddur, digər qism isə birincilərdən maddi asılıdır. Və bu pulların mənbəyi məlum deyil. Mənbəyi naməlum olan bu cür nəhəng paralar adətən narkotik, silah və insan qaçaqmalçılığından qazanılır. Olayın baş verdiyi Diyarbəkir bölgəsində bu cür illeqal işlərin geniş yayıldığı məlum. Odur ki, olayla bağlı daha bir versiya araşdırılmalıdır.

Narın zorla göndərildiyi Quran kursundan evə döndü, evdə anası, böyük qardaşı, əmisi, sonradan "etirafçı" olacaq qonşusu, bəlkə də daha bir neçə həmkəndlisi, qohumu ilə yanaşı FƏRQLİ BİR və ya BİR NEÇƏ İNSAN GÖRDÜ. Bu insan(lar) qızcığazın onu görməsindən əndişə duydu, cinayət şəbəkəsinə daxil olmayan atasına xəbər verəcəyini düşündülər. Şahidin aradan qaldırılmasına göstəriş verildi. Göstəriş yerinə yetirildikdən sonra əvvəlcə cinayətin izlərini itirməyə çalışdılar, olayın rezonans doğurması ilə müxtəlif manipulyativ versiyaları medianın gündəminə daxil etməklə suç şəbəkəsini gizlətməyə, hadisəni "əxlaqsız məişət münasibətləri" zəmininə endirməyə cəhd göstərdilər.

Bu versiya araşdırılacaqmı, araşdırılmayacaqmı, bilmirəm, tam həqiqət olduğunu da iddia etmirəm. Amma mediaya sızan məlumatlardan çox açıq aydın görünür ki, bütün əşirət və köy cinayəti gizlətməyə çalışır, bu isə işin arxasında əsla məişət məsələləri ilə izah edilməyəcək böyük bir maraq olduğunu göstərir.

Taleh Şahsuvarlı