- Redaktor masası
- 14 Sentyabr 00:59
- 8 171
Ermənistanda konstitusiya üstündür, yoxsa beynəlxalq müqavilə?- HÜQUQİ ŞƏRH
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan deyib:
“Beynəlxalq müqavilələr, o cümlədən Sülh Müqaviləsi ratifikasiya edildikdən sonra Ermənistan Respublikası onun daxili qanunlardan üstünlüyünü təmin etməyə borcludur”.
Paşinyanın bu açıqlaması sadə dildə o deməkdir ki, Azərbaycanla Sülh Müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasının dəyişməsinə ehtiyac yoxdur, o sadə səbəbə görə ki, müqavilə ratifikasiya olunduqdan sonra, Ermənistan qanunlarından yüksəkdə dayanacaq.
Əlbəttə, kifayət qədər aktual məsələdir və hüquq təhsili olmayan insanlar üçün hətta xeyli cəlbedicidir də. Madam Azərbaycanla Ermənistan arasındakı sülh sazişi ratifikasiya olunduqdan sonra Ermənistanın qanunlarından yüksəkdə dayanacaq, o zaman Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb etməklə işi nədən yoxuşa sürükləsin?
Çox təəsüf ki, bu manipulyativ “lavuşka”ya düşən sadə və hətta təcrübəli hüquqşünaslar da var. Məqsədim nə onlarla mübahisə etmək, nə də Nikol Paşinyana beynəlxalq hüquq dərsi keçmək deyil. Sadəcə, söhbət açılmışkən, “Azərbaycan nədən Ermənistanın Konstitusiyasının dəyişməsi Sülh Sazişinin imzalanması üçün qırmızı cizgi hesab edir” sualına hüquqi şərh vermək faydalı olar.
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
Bu sahədə hazırda iki başlıca akt mövcuddur, onlardan birincisi- “Müqavilələr hüququ haqqında” 1969-cu il Vyana Konvensiyası mövzumuz baxımından istinad nöqtəsidir. Sözügedən Vyana Konvensiyası 23 may 1969-cu ildə Vyana şəhərində imzalanıb, 27yanvar 1980-cı il tarixində qüvvəyə minib. Bu Konvensiyaya qoşulmaq barədə 2 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası ayrıca qanun qəbul edib. Konvensiyada “vicdanlılıq” əsas prinsiplərdən biri kimi vurğulanır, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş bir çox məşhur prinsipləri sadalayır.
Beynəlxalq hüquq nəzəriyyəsindən və o cümlədən sözügedən konvesiyadan bilirik ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq Sülh Sazişi “iki dövlət arasındakı müqavilə” kimi “beynəlxalq razılaşma” sayılacaq.
Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsində “Beynəlxalq aktların hüquqi qüvvəsindən bəhs olunur. Həmin maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Bu maddədən çıxan birmənalı nəticə odur ki, Azərbaycan Respublikası öz Kontitusiyasına zidd olan heç bir müqavilə bağlaya bilməz, əgər bağlayarsa, qanunlardan fərqli olaraq, konstitusiya və referendumla qəbul edilən aktlar beynəlxalq müqavilələrdən daha üstün hüquqi qüvvəyə malikdir. Bu da Azərbaycan parlamentinə tam səlahiyyət verir ki, imzalanmış beynəlxalq müqavilədə Azərbaycan Konstitusiyasına zidd məqamlar aşkar olunduğu təqdirdə, həmin razılaşmanı ratifikasiya etməsin.
Eyni tələb Ermənistan Respublikası Konstitusiyasının 5-ci maddəsində də əks olunub. Həmin maddədə Ermənistanda hüquq normalarının iyerarxiyası belə müəyyən olunur:
1. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir.
2. Qanunlar konstitusiya qanunlarına, tabeliyində olan normativ hüquqi aktlar isə konstitusiya qanunlarına və qanunlara uyğun olmalıdır.
3. Ermənistan Respublikası tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilələrin normaları ilə Ermənistan Respublikasının qanunları arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin normaları tətbiq edilir.
Bu maddəyənin qısaca mənası budur ki, Ermənistan Respublikasının beynəlxalq müqavilələri onun qanunlarının tərkib hissəsidir. Əgər beynəlxalq müqavilə ratifikasiya olunduqdan sonra Ermənistan qanunları ilə ziddiyyət təşkil edərsə, beynəlxalq müqavilənin müddəaları tətbiq olunur. Lakin bu, yalnız adi qanunlara münasibətdə tətbiq edilir, KONSTİTUSİYAYA DEYİL!
ZƏRURİ QEYD: Bu maddəyə görə, Ermənistan öz qanunlarına zidd müqavilə imzalaya bilməz, lakin sonradan aşkar olunan və ya qəbul olunan hər hansı qanundakı maddə beynəlxalq müqaviləyə zidd olarsa, bu zaman beynəlxalq müqavilə əsas götürülməlidir. Lakin qanunlardan fərqli olaraq, beynəlxalq müqavilənin Ermənistan Konstitusiyasından üstün siyasi qüvvəsi yoxdur!
Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinə əsasən “dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi Milli Məclisin səlahiyyətinə aiddir. Eyni səlahiyyətə Konstitusiyasının 116-cı bəndinə görə, Ermənistan parlamenti malikdir.
“Müqavilələr hüququ haqqında” Vyana Konvensiyasında “ratifikasiya”, “qəbuletmə”, “təsdiqetmə” və “qoşulma” dedikdə vəziyyətdən asılı olaraq dövlətin beynəlxalq planda müqavilənin onun üçün məcburiliyinə razılığını ifadə etdiyi, müvafiq adlı beynəlxalq əməl başa düşülür.
Konvensiyada həmçinin qeyd edilir ki, beynəlxalq müqavilə imzalayan Tərəf müqavilənin yerinə yetirilməməsinə bəraət olaraq daxili qanunvericiliyinin müddəalarına istinad edə bilməz. Bu qayda 46-cı maddəyə xələl gətirmədən qüvvədədir.
Beləliklə, hər hansı müqavilənin daxili hüquqa istinadən yerinə yetirilməməsi Konvensiyada qadağan edilir, ancaq istisna hal müəyyən olunur. Həmin istisnanı nəzərdən keçirək:
46. 1. Pozuntunun aşkar şəkildə olmadığı və dövlətin daxili hüququnun xüsusi əhəmiyyət kəsb edən qaydasına aid olmadığı təqdirdə, dövlət müqavilənin onun üçün məcburiliyinə razılığının dövlətdaxili hüququnun müqavilələr bağlamaq səlahiyyətinə dair hər hansı müddəasının pozulması nəticəsində ifadə edilməsi faktına onun razılığının etibarsızlığına əsas kimi istinad edə bilməz.
46. 2. Aşkar şəkildə olan pozuntu dedikdə bu məsələdə adi təcrübəyə uyğun olaraq və vicdanla davranan hər bir dövlət üçün obyektiv olaraq aydın olan pozuntu başa düşülür.
Buradan çıxardığımız nəticə budur: əgər pozuntu aşkar, yəni obyektiv şəkildə aydın olarsa və dövlətin daxili hüququnun xüsusi əhəmiyyət kəsb edən qaydasına aid olarsa, o zaman razılaşmanı etibarsızlıq məsələsini qaldıra bilər. Burada söhbət artıq ratifikasiya olunmuş beynəlxalq müqavilələrdən gedir.
Ermənistan Konstitusiyasının 168.3 maddəsinə görə, Ermənistan Konstitusiya Məhkəməsi “beynəlxalq müqavilə ratifikasiya olunana qədər onda təsbit edilmiş öhdəliklərin Konstitusiyaya uyğunluğunu” müəyyən etməlidir. Ermənistan Konstitusiya Məhkəməsi məşhur “Sürix Protokolları” ilə bağlı verdiyi qərarda bu baxımdan “diqqətəlayiq” təcrübə ortaya qoyub. Bu təcrübəni də nəzərə alaraq Azərbaycanın Ermənistandan nə tələb etdiyini bir daha yada salaq.
Məlum olduğu kimi, vaxtilə Azərbaycan SSR-nin tərkibində mövcud olmuş DQMV-nin Xalq Deputatları Sovetinin erməni mənşəli deputatları öz səlahiyyətlərini aşaraq, Azərbaycan SSR-nin və SSRİ-nin konstitusiyalarına zidd olaraq Ermənistana birləşmək haqqında “qərar” qəbul etmiş, həmin qərar Ermənistan SSR Ali Soveti tərəfindən dəstəklənmiş, DQMV Ermənistan SSR-nin “tərkibinə daxil edilmişdi”. Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsində bu “birləşmə qərarı” dövlət müstəqilliyinin əsası sayılıb, Konstitusiyasında isə Bəyanatın müddəları “milli məqsəd” elan edilib. Bundan savayı, Ermənistan Konsitusiyasının gerbləri haqqındakı 21. 3 bəndində də Azərbaycana və bizimlə yanaşı Türkiyə və Gürcüstana ərazi iddiası mövcuddur.
Bu maddələr aradan qaldırılmadan Azərbaycanla imzalanmış Sülh Sazişi, başqa sözlə, ikitərəfli beynəlxalq müqavilə:
- Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən qəbul oluna bilməz;
- Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilsə belə, Ermənistan parlamentində ratifikasiya edilə bilməz;
- Ermənistan parlamentində ratifikasiya edilsə belə, Ermənistan Konstitusiyasından üstün hüquqi qüvvəyə malik ola bilməz.
- Ermənistan Konstitusiyasından üstün hüquqi qüvvəyə malik olmadığı üçün Vyana Konvensiyasının 46 bəndinə əsasən istənilən zaman etibarsız sayıla və ləğv edilə bilər.
Odur ki, Nikol Paşinyanın açıqlaması hüquqi baxımdan savadsız, sülhpərvərlik baxımdan vicdansız, beynəlxalq münasibətlər baxımından riskli səciyyə daşımaqla Azərbaycan tərəfindən əsla qəbul oluna biməz.
Get, Ermənistanın Konstitusiyasını dəyiş, Nikol!
Taleh ŞAHSUVARLI