Qələbəmizi bağışlamırlar! "Azərbaycan" formulu və AGİL modeli - ANALİZ

Qarabağ savaşlarında şəhid olan soydaşlarımız barədə məqalələrin Wikipediadan silinməsi sıradan bir olay deyil. Bu, uzun illərdir Azərbaycana qarşı aparılan ideoloji və informasiya təxribatlarının növbəti mərhələsi, milli kimliyimizə qarşı açıq demarşdır.

Qələbəmizi bağışlamırlar!

Bir xalq olaraq müstəqillik uğrunda apadığımız mübarizəni, torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda canımızdan keçməyə hazır bir şəkildə savaşmağımızı, regionda lider dövlət inşa etməyimizi, iqtisadi, sosial, mədəni baxımdan sürətlə tərəqqi etməyimizi, hər cür xarici təsir, təhdid, təzyiq qarşısında dik duruşumuzu bizə bağışlamırlar!

Tək suçumuz AZƏRBAYCAN olmaq, AZƏRBAYCANLI olmaq, Cənubi Qafqazın ən güclü dövlətçilik identifasiyasına malik proqressiv xalqı kimi iradəmizi tarix səhnəsində ortaya qoymağımızdır.

Yuxarıdakı cümləni bir daha oxuyun xahiş edirəm, dünyadakı bir-birinə zidd qüvvələrin bizə münasibətdə bir araya gətirən, uzlaşdıran formul məhz budur.

Tarixi şüur problemi ən çox maraq göstərdiyim sahələrdən biridir. Odur ki, bütün səmimiyyətimlə və məsuliyyətimlə yazıram: coğrafiyamızda dəmirin kəşfi ilə başlayan nəhəng tarixi prosesin yaratdığı “Dəmir yumruq”la simvollaşan AZƏRBAYCAN FORMULU məhz prezident İlham Əliyevin hakimiyyət dövründə və onun yüksək liderlik bacarıqları sayəsində sistemləşdi, strukturlaşdı və fəaliyyət proqramımızın, gələcək quruculuğumuzun əsas moduluna çevrildi.

Hədəf alınan, sıradan çıxarılması üçün müxtəlif istiqamətlərdə və formalarda strateji planlar qurulan məhz AZƏRBAYCAN FORMULUdur.

Azərbaycan formulunun canı, cövhəri milli şüurumuz və həmrəyliyimizdir. Təhdidlər ölkəmizdəki siyasi, sosial, mədəni və iqtisadi birliyi zəiflətmək, ictimai fikir müəssisəmizi sarsıtmaq yolu ilə passionar enerjimizi zamana sovurmaqdır. Bunun üçün hansı istiqamətlərdə üzərimizə gəlirlər, bircə-bircə baxaq.

Milli kimlik mübahisələri ötən əsrin əvvəllərində və sonları üçün labüd proses idi. “Azərbaycan” adı ilə meydana çıxmış ilk Cümhuriyyətimiz intellektual bir toplumun əsəri deyildi. Dövrün sürətlə dəyişən geopolitik dəngələri fonunda “siz kimsiniz” sualının qarşısına vahid təqdimatla çıxmaq obyektiv şəkildə mümkün olmurdu. Baxmayaraq ki, böyük Mirzə Cəlil hələ 1917-ci ildə “Azərbaycan” məqaləsini yazmış və “biz kimik” sualına cavabı möhürləşdirmişdi. SSRİ-nin dağılması ərəfəsində meydana çıxan impulsiv siyasətçilər gələcəyə münasibətdə sosioloji və strateji baxış ortaya qoya bilmədikləri üçün “Azərbaycan” məqaləsinini qayəsindən kənarlaşıb Mirzə Cəlilin tənqid və etiraz etdiyi tiplərə döndülər. Ulu Öndər Heydər Əliyev öz misilsiz siyasi dühası və tarix şüuru ilə məsələni yenidən çözdü və Azərbaycanı milli, mədəni və siyasi kimlik areal kimi konstitusiyalaşdırdı. Bununla belə, əgər diqqət edirsinizsə, bilərəkdən və bilməyərəkdən son nəticədə Azərbaycanın milli, mədəni və siyasi areal olmasını şübhə altına alan müzakirələr, bir toplum olaraq daxili inteqrasiyamızı zədələyən qeyri-elmi tezis və arqumentlərlə konstitusiyamıza görə, Azərbaycan dövlətinin təməlini təşkil edən xalqın vahidliyi doktrinasına qarşı cəbhələr açılır.

Bu cəbhələrin açılmasında məqsəd ölkəmizdə etnik və dini təfriqələr salmaqdır. Bizim ənənəvi cəmiyyətimizdə nə etnik, nə də dini təfriqə üçün ciddi baza mövcud deyil. Ölkəmizdə tarixən mövcud olmuş etnik azlıqların nümayəndələri ilə əsas çoxluğu təşkil edənlər arasında həyat tərzi qarşıdurması olmadığı kimi, dini və coğrafi identifikasiya fərqi də yoxdur. Odur ki, Azərbaycan formuluna təhdid daha çox ölkəmizə ixrac olunan qeyri-ənənəvi dini cərəyanlardan- milli və dini planda sosial genlərimizi yenidən modifikasiya etməyə cəhd göstərənlərdən gəlir. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar barədə açıq mənbələrdə yer alan məlumatlara qısaca göz atanda bu təhlükə qabarıq şəkildə özünü göstərir. Qeyri-ənənəvi sektalar arasında gedən “polemikalar”, onların qənaət öndərlərinin kəsdiyi “ehkamlar” Azərbaycanın dünyəvi dövləti və cəmiyyəti üçün riskli kolliziyalar yaradır.

Radikal ideologiyalar və onların ərsəyə gətirdiyi terrorçu qruplar bu gün Azərbaycanda mərkəzi hakimiyyətin güclülüyü, hüquq-mühafizə orqanlarının sayıqlığı və çevikliyi sayəsində cəmiyyətdə arzuladıqları səviyyədə qorxu yaya, basqı törədə bilmirlər. Lakin partiya sədri, millət vəkili Fazil Mustafanın timsalında ölkəmizin tanınmış ictimai-siyasi xadimlərindən birini güllələyərək öldürməyə cəhd göstərirlərsə, deməli, sekulyar Azərbaycana qarşı təhdidlər heç də latent fazada deyil. Azərbaycanda “Kərimə dövləti” yaratmağı planlaşdıran və ifşa olunan qrup da elə rəsmi ittihama görə, tanınmış ictimai xadimlərin həyatına qəsd etməyi planlaşdırırdı. “Kərimə”çilərin qara siyahısında tanınmış jurnalist Mirşahin Ağayev, keçmiş Təhsil naziri Misir Mərdanov da vardı. Bu iki ismin ortaq özəlliyi milli ziyalı olmalarıdır.

Milli simalara qarşı davamlı və planlı şəkildə aparılan gözdənsalma, etibarsızlaşdırma kampaniyaları Azərbaycana qarşı sistemli fəaliyyət proqramlarının mühüm tərkib hissəsidir, bunu illərdir yazıram. İctimai məzmunu, məşhurluğu olan, xaricdən maliyyələşən şəbəkələrdən uzaq duran və kütləni iğtişaşlara sürükləməyə yönəlmiş çox saylı presidentlərdə psixoloji təzyiqə tab gətirib dövlətin ali mənafelərindən çıxış edənlərə qarşı ən əsas “ittiham”, yumşaq desək, “hakimiyyətin adamı” olmaqdır. İlk baxışdan bu, sıradan bir “sosial qıcıq” kimi görünə bilər, ancaq illərlə linçə, hədələrə, şantajlara məruz qalan bir siyasi analitik olaraq öz şəxsi təcrübəmdən çox yaxşı bilirəm ki, əsas məqsədləri vətəndaşları dövlətə qarşı qoymaq üçün hazırlanan avantürist planların qarşısında ən böyük sədd olan milli fikir müəssisəsini sıradan çıxarmaqdır. Diqqətinizi bir nüansa çəkim. Bu gün hakimiyyəti ardıcıl müdafiə edən 10 mötəbər xəbər saytının baş redaktorlarının ortalama yaşı 48-dir. 1991-ci ildə yenidən müstəqillik qazandığımızı yada salsaq və baş redaktorların ortalama yaşından müstəqillik yaşımızı çıxsaq, bu, o deməkdir ki, ictimai rəyin formalaşmasına bilavasitə təsiri olan məsul şəxslər məhz müstəqil Azərbaycanın yetirmələridir. İndi özünüz düşünün, həm “KQB ziyalıları”nın, həm də mənşəyi şəffaf olmayan pullarla səhərdən-axşama sosial şəbəkələrdə aqressiya aşılayanların milli imzalara qarşı ortaq nifrətinin əsasında nə dayana bilər? İstənilən dövlətin və hakimiyyətin bir intellektual müdafiə xətti var. Niyyətləri məhz onu yarmaq, ictimai fikir müəssisəsini dövlətdən qoparmaqdır!

Azərbaycana qarşı açılan informasiya, daha dəqiqi, dezinformasiya müharibəsində internet resursları, sosial şəbəkələrdən sosial dirənişimizi sındırmaq üçün istifadə olunur. Xaricdən yayımlanan youtub proqramlarının, daxildəki “ekranı tlklayın” yalvarışı qulaq deşən əlləm-qəlləm Tik-Tokerlərin, “Facebook”da bir gündə 10 sahə üzrə uzmanlıq edənlərin cəmiyyətimizi primitiv mövzulara necə yönləndirdiyini, zənnimcə, uzun-uzunadı izah etməyə gərək yoxdur. Ancaq bütün bunlar cəm halında ictimai fikir müəssisəmizin indiyə qədər üzərində geniş dayanmadığı bir problem üzə çıxarır- hər gün minlərlə hesabdan sosial dirənişimizə qəsd edilir. Sosial dirəniş- bir mühitin, yaxud cəmiyyətin təzyiqə və ya dəyişikliyə davamlılığıdır. Dirənişli cəmiyyət baş verən dəyişikliklərə və stresə müsbət cavab verir.

İkinci Qarabağ savaşında qazandığımız tarixi qələbə sosial dirənişimizi yüksəltdi, həm fərdi, həm də ümumi planda özgüvənimizi artırdı. Müharibəyə hazırlaşmaq, savaşa daxil olmaq, hərbi əməliyyatlar aparmaq, şəhid xəbərləri alan bir cəmiyyətdə ruh düşkünlüyü yaranmasına imkan verməmək, düşmən üzərində qələbə çalaraq yüzillər boyu müstəmləkə kimi istismar edilmiş bir regionda yeni geopolitik reallıqlar yaratmaq, heç şübhəsiz, çətin və mürəkkəb prosesdir. Bu prosesi İlham Əliyevin liderliyi ilə bir xalq olaraq biz yaratdıq, biz apardıq, biz sonuclandırdıq. İndi bu qələbənin qazanılmasında iştirak edən heç kimi- nə ölümüzü, nə dirimizi, nə də liderimizi bağışlayırlar. Deviant siyasi texnologiyalarla hədəfə alınan sadəcə müzəffər Ali Baş Komandan, onun ailəsi, komandası, tərəfdarları, ordusu, xalqı, dövləti deyil, xalqı və dövləti var eləmiş, lideri üzə çıxarmış tarixi paradiqmadır. Bu paradiqmanı dəyişmək üçün ən əsas vasitə Azərbaycanı yenidən separatizm və irredentizmlə üz-üzə qoymaqdır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı irredentist iddia var. Bu iddia ləğv edilmədən Azərbaycanı Ermənistanla Sülh Sazişi imzalamağa vadar etmək, üstəlik, “qalın, vətəndaşlığımızı qəbul edin, bütün hüquqlarınız qorunacaq” təklifimizə rəğmən müharibə cinayəti olaraq pasportunu daşıdıqları Ermənistana köçmüş erməniləri yenidən Qarabağa qaytarmaq istəyirlər.

Azərbaycan formuluna qarşı istənilən fəaliyyətin arxasında xarici təsir və müdaxilə var. Cidanı çuvalda gizlətmək, məxməri inqilab etmək həvəsi ilə ənənəvi müxalifətin narıncı köynək geyinməsindən tutmuş qeyri-sistemli müxalifət fəallarının “məmələrə azadlıq” şüarı ilə seksual inqilab üçün soyunmalarına qədər seçkiqabağı, seçkiortası, seçkisonrası proseslərdə qaşıxaçlı üzüklər taxmış barmaqları görməmək mümkün deyil. Barmaq sahibləri dəstəklədikləri “inqilabçılar”ın bir yaralı barmağı sarımağa belə qabiliyyətləri olmadıqlarını məgər bilmirlərmi? Əlbəttə, o qədər sadəlövh deyillər! Bəs, onda NED kimi fondlardan yüzmilyonlarla pul ayırmaqla, əksər hallarda qeyril-leqal yollarla Azərbaycana keçirməklə nəyə nail olmağa çalışırlar? İnqilab- hər zaman sosial təkamülə qarşıdır! Bəli, inqilab hər zaman qısamüddətli hədəflərə, sosial təkamül uzaq perspektivə hesablanır. Deməli, külli məbləğdə pullar inqilabçı ola bilməyəcəklərin inqilab etməsinə deyil, məhz milli düşüncə böhranı yaratmalarına xərclənir.

Bu böhrandan isə, siyasi nihilizm doğuzdulur. Keçən il oktyabr ayının 15-də prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı və xalqa səsləndi. Ertəsi gün ölkəmizdə fəaliyyət göstərən 23 siyasi partiya müraciət imzalayaraq dövlət başçısı ilə siyasi həmrəylik nümayiş etdirdi. Müraciətə iki partiya- AXCP və Müsavat imza atmamışdı. Azərbaycan bayrağının Xankəndidə dalğalanması dövlətimizin konstitutsion əsaslarının möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və suverenliyin tam təmin olunması deməkdir. Sözügedən partiyalar milli həmrəylik bəyannaməsinə imza atmamaqla faktiki olaraq konstitusiya quruluşuna, ərazi bütövlüyünə və milli suverenliyə qarşı çıxmış oldular. Bu, artıq siyasi hakimiyyətə deyil, dövlətə müxalif olmağın açıq göstəricisi idi. Dövlətə qarşı müxalifətçilik üç əsas təhdid yaradır:

- Bu cür qrupların fəaliyyəti birbaşa və ya dolayı yolla dövlətin müstəqilliyini və suverenliyini zəiflədir;

- Dövlətə qarşı çıxışlar sosial-siyasi nihilizmi dərinləşdirir, bu da ölkənin daxili stabilliyinə zərbə vurur.

- Nəhayət, belə qruplar xarici güclərin təsiri altında ölkənin geosiyasi mövqeyini məhdudlaşdırır.

2022-ci ilin dekabrın 12-dən başlayan və 138 gün davam edərək Azərbaycanın dövlət müstəqilliyinə, suverenliyinə, unitarlığına misilsiz töhfə verən Şuşa-Laçın yolundakı aksiyanı Tofiq Yaqublunun timsalında Milli Şura düşərgəsinin “biabırçılıq” adlandırmasını Ermənistan, Braziliya, Uruqvay, ABŞ, Kanada, Fransa və digər Avropa Birliyi ölkələrinin xarici işlər nazirliklərinin bəyanatları ilə necə üst-üstə düşdüyünü xatırlasaq, yuxarıdakı üç təhdidin birgə tipik nümunəsini görəcəyik.

Bütün bu risk yaradan tendensiyalara rəğmən, yaxın 25 il ərzində Azərbaycan formulunu daxildən sarsıtmaq mümkün deyil, xarici təhdidlərə qarşı isə son dərəcə böyük potensialımız var. Bu potensial ilk növbədə prezident İlham Əliyevin Azərbaycan dövlətinin institutsional yaddaşına çevrilmiş təcrübəsi, xarizması və strateji viziyasıdır. Bu inamımızı Talkott Parsonun “AGİL modeli” əsasında apardığımız təhlillər yaradır. İlham Əliyevin siyasət kursu Azərbaycanı qlobal dəyişikliklərə (geopolitik dəngələrə, Covid19 kimi pandemiyaların gətirdiyi şərtlərə) sürətlə uyğunlaşdırır, gələcəklə bağlı strategilarla cəmiyyətimizə hədəf qazandırır, sosial sistemin müxtəlif seqmentləri arasında koordinasiya yaradır. Odur ki, nizamın saxlanılması ilə yanaşı, bu böyük şansdan rasional şəkildə yararlanaraq nizamın davamlı olması barədə də düşünməliyik. Söhbət ailə və təhsil sistemi vasitəsilə milli və mədəni dəyərlərin yeni nəsillərə ötürülməsindən, ənənələrin qorunmasından gedir. Süni intellektin bütün cəmiyyətləri yenidən dizayn edəcəyi 2050-ci illərdən sonra gələcək nəsillərin Azərbaycan formuluna tam anlamda sahib çıxmasını istəyiriksə, formalizmi bir kənara qoyub, təhsil sistemimizi gecikmədən yenidən qurmalayıq.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru