Levon Bağdasaryanın qazlaytinqi: Klerikal Ermənistanın bir hüquqşünasına cavab

İrəvan mediasına açıqlama verən erməni hüquqşünas Levon Bağdasaryan Azərbaycanın “feodal-klerikal ölkə” olduğu iddia edib. Tarix, sosiologiya, siyasət, hüquq və fəlsəfə ilə maraqlanan şəxslər üçün bu iddia olduqca absurddur. Uydurmalar üzərində özünə tarix “yaratmış” və SSRİ-nin dağılmasından sonra süni dövlət olmaqdan bir addım da qabağa gedə bilməyən ermənilərin bu yanaşması tipik “Qazlaytinq”/ “Gaslighting” nümunəsidir.

Zira, bu iddia həm obyektiv tarixə, həm də reallığa ziddir.

Azərbaycan xalqı ermənilərdən fərqli olaraq böyük dövlətçilik identifikasiyasına malikdir. Bu identifikasiya Türk Dövlət ənənələrinə əsaslanır. Bu ənənələrə bağlı bir şəkildə Azərbaycan Respublikasının meydana çıxması 20-ci əsrin əvvəllərində Çar Rusiyasında və bütövlükdə dünyada gedən proseslərin nəticəsidir. Məlum olduğu kimi, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyəti müsəlman dünyasında parlamentə malik ilk respublika idi və demokratik prinsiplərə söykənirdi. Ölkədə sosial vəziyyətindən, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün bərabər hüquqların təmin olunması dövlətin əsas məqsədi idi. 1920-ci ildə işğala məruz qalaraq Müsavat hökuməti süqut etsə də, respublika hüquqi müstəvidə yaşadı. “Müstəqil” Sovet Sosialist Respublikası kimi çıxış edən Azərbaycan daha sonra SSRİ-nin tərkibinə daxil edildi. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan modern siyasi institutlar və qanunvericilik sistemi qurdu. Hazırda Azərbaycan dünyəvi bir dövlət olaraq planetimizdə əsas multikultural cəmiyyət modellərindən biridir.

Feodalizm orta əsrlərdə hakim olmuş bir sistemdir. Feodal cəmiyyətlərdə zəngin sinfin nümayəndələri mal-mülkə sahib olur və kəndlilər onların irsi torpaqlarında işləyirdi. Bəli, Azərbaycan feodolizm dövrünü klassik Avropa ölkələrindən və Rusiyadan xeyli fərqli şəkildə olsa da, yaşayıb. Təsadüfi deyil ki, hazırda Ermənistanın paytaxtı olan və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının rəsmi qərarı ilə ermənilərə verilən İrəvan şəhəri də Azərbaycan türk feodallarının- xanların irsi mülkü olub. Azərbaycan xalqı Çar Rusiyasında inkişaf edən kapitalizmin, AXC dövründə milli burjuaziyanın və torpaq aristokratiyasının üstünlük verdiyi modernizmin, SSRİ dövründə sosializmin, müasir dövrdə liberal bazar iqtisadiyyatının sayəsində feodalizmdən kəskin şəkildə uzaqlaşıb. Bu, həm də Azərbaycan xalqının tarixi dialektikanın bir parçası olması deməkdir.

Lakin, ermənilərin Cənubi Qafqazdakı tarixində torpaq mülkiyyətçiliyi və zadəgan sinifi formalaşdırmaq ənənəsi mövcud olmayıb. Bu, ilk növbədə onunla bağlıdır ki, erməni kontingentinin əsas kütləsi Cənubi Qafqaza Türkmənçay Sülh Müqaviləsindən sonra yerləşib. 1441-ci ildən etibarən Cənubi Qafqazda fəaliyyət göstərən Eçmiədzin kilsəsinin mülk hüququ Azərbaycan türk feodallara məxsus idi. Eçmiədzin kilsəsi Cənubi Qafqazda son dərəcə kiçik dini icmanın ruhani mərkəzi rolunu oynayırdı və kilsənin rəhbərləri feodal türk dövlətlərinin təbəəsi olmağı, onların himayəsində sitayişlə məşğul olmağı özlərinə böyük şərəf bilirdilər. İstər sovet dövründə, istərsə də günümüzdə Çar Rusiyasının köçürmə siyasəti ilə gücləndirilmiş həmin dini icmaya saxta siyasi keçmiş yaratmaq üçün pozitiv elmin prinsip və metodlarına zidd olaraq hazırlanmış kitablar nəşr edilib. Bu “tədqiqatlar”la Alban, Sasani-Mehrani, Türk, Gürcü mənşəli feodal evləri qeyri-elmi metodlarla erməniləşdirilib. Xüsusilə Qarabağ və Zəngəzurda “erməni feodal tarixi” yaratmağa aramsız cəhdlər göstərilib. Bu işi görənlər elmi prinsip və metodları o qədər əhəmiyyətsiz sayıblar ki, mənşəcə Zəngəzura heç bir aidiyyatı olmayan “David” adlı soysuz bir nökərə “Bəy” titulu verərək onun quldurluq fəaliyyətini “ermənilərin azadlıq üsyanı” kimi təqdim etməkdən çəkinməyiblər. Bir sözlə, ermənilərin bir cəmiyyət olaraq həqiqi mənada feodalizmdən keçdiyini iddia etmək çətindir.

Erməni cəmiyyəti feodalizmdən keçə bilmədiyi kimi, kapitalizmə də yaxın düşə bilməyib. Bunun əsas səbəbi hazırkı Ermənistan Respublikasının ərazi, təbii sərvətlər, insan resursları baxımından kapitalist bir sistem ortaya çıxarmaq imkanında olmamasıdır. Kapitalizm üçün xammal, texnologiya, insan resursları və urbanizasiya lazımdır- ermənilər bu resursların heç birinə malik deyil. Odur ki, ermənilər kapitalizmin əsəri olan millətləşmə mərhələsini yaşaya, keçə və nəticədə müstəqil dövlət qura bilmədilər. Hazırkı Ermənistan Respublikası dövlətçilik identifikasiyasına əsaslanmayan kvazi respublika və siyasiləşmiş klerikal təşkilatdır.

Erməni kimliyi- Qriqoryan Kilsəsinə əsaslanır. Kilsə erməni cəmiyyətində təkcə dini təsisat deyil, həm də milli identifikasiya və sosial strukturun təşkilatçısı kimi çıxış edir. O, Ermənistan cəmiyyətində əsas siyasi aktordur. Müxtəlif tarixi dövrlərdə kilsə erməni cəmiyyətinin siyasi güc mərkəzi olub və siyasi qərarların qəbul edilməsində mühüm rol oynayıb. Bu gün də Ermənistan daxilində kilsə siyasətə birbaşa və ya dolayı təsir göstərməkdə davam edir.

Günümüzdə Ermənistan Respublikası rəsmi olaraq özünü “dünyəvi dövlət” elan etsə də, cəmiyyətin siyasi iradəsi Erməni Apostol Kilsəsinin təsiri ilə formalaşır. Ermənistanda hakimiyyətlə din institutu arasında sıx və qırılmaz əlaqələr mövcuddur. Ermənistanın Konstitusiyası kilsənin xüsusi statusunu tanıyır və bu, cəmiyyətdə dini təsirin daha da güclənməsinə şərait yaradır. Ermənistan ordusunda da kilsənin təsiri açıq şəkildə görünür- hərbi hissələrdə keşişlər fəaliyyət göstərir. Xristianlığın monofizit təlimini qəbul edən ermənilər digər xristian xalqlarından və kilsələrindən ayrılıb, daha qapalı və təcrid olunmuş bir dini icmaya çevrilib. Bu da erməni cəmiyyətində klerikalizmin təsirinin daim güclü qalmasına şərait yaradır. Çağdaş dünyanın tərəqqi prosesində gəldiyi ən önəmli nəticə dinin fəlsəfədən, elmdən, təhsildən, dövlətdən, hüquqdan, iqtisadiyyatdan, səhiyyədən və digər sahələrdən ayrılmasıdır. Bu gün Ermənistanda elm və təhsil tamamilə kilsənin təsirindədir. Məktəblərdə monofizit təlimə əsaslanan dərslər keçirilir. Bu, gələcək nəsillərin klerikal atmosferdə böyüməsinə səbəb olur.

Son olaraq, Levon Bağdasaryanın “şərh”i və ümumiyyətlə, klerikal Ermənistanda yayımlanan bu tip açıqlamalar Ermənistanın işğalçı zehniyyətini sığortalamaq, daxili problemlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Ermənistandan fərqli olaraq Azərbaycan öz tarixi ilə, siyasi və iqtisadi inkişafı ilə beynəlxalq səviyyədə tanınmış müstəqil və sekulyar dövlət kimi özünü təsdiq edib. İşğalçılıq siyasəti ilə tərəqqi prosesindən kənarda qalmış və 30 ilini havaya sovurmuş Ermənistan isə müasir dünya ilə ayaqlaşa bilməyən klerikal ölkə olmaqdan qurtula bilmir. Nəticədə erməni toplumunun psixologiyasında proyeksiya (özündə mövcud olan mənfi duyğu, düşüncə və ya davranışları başqalarına aid etmə) fenomeni üzə çıxır.

Levon Bağdasaryan məhz bu fenomenin kiçik, amma tipik nümunəsidir.

Taleh Şahsuvarlı,

AzNews.az analitik-informasiya portalının baş redaktoru