Bilmək istəyirik: Ermənistan özünün və Cənubi Qafqazın gələcəyini necə görür?

Erməni mənşəli müəllif Qriqor Atanesiyanın “Erməni fəlakəti: Kiçik xalq kompromis yox, müharibəni seçdi” məqaləsini son dərəcə diqqətlə oxudum. Məqalə “UnHerd” kimi azad düşüncəli insanların platformasında yayımlandığından sosial şəbəkələrin Azərbaycan seqmentində də bir çox intellektuallar tərəfindən maraqla qarşılanıb- lehinə və əleyhinə arqumentlər səsləndirilib. Bununla belə, bəzi tezis və terminlərini mənim də bölüşdüyüm məqalədə ən başlıca suala cavab yoxdur: Cənab Atanesiyan və mənsub olduğu xalq özlərinin və Cənubi Qafqazın gələcəyini necə təsəvvür edir? Sualı daha da konkretləşdirək: Ermənistan və erməni toplumu beynəlxalq hüququn “uti possidetis juris” prinsipinə əməl etməyi (yəni SSRİ dövründəki sərhədləri ilə kifayətlənməyi) düşünür, yoxsa qonşu dövlətlərə ərazi iddialarını davam etdirməyi, revanş arzusu ilə yaşamağı planlaşdırır?

Bu suala sərrast və dolğun cavab verməyən hər hansı analizin obyektiv və sülh üçün faydalı ola biləcəyi şübhəlidir. Sülhpərvər görsənmək Azərbaycan və Ermənistan arasındakı son dərəcə mürəkkəb bir konfliktin arxa planını, dinamikasını və nəticələrini təhrif etməyə əsas yaratmır. Həmçinin istənilən münaqişənin dinc vasitələrlə həllini təşviq edən beynəlxalq hüquq normaları baxımından cəlbedici olan “kompromis” terminindən dolayısı ilə Azərbaycanı ksenofobiyada ittiham etmək üçün yararlanmaq da səmimi təsir bağışlamır.

Müəllif sözünə belə başlayır ki, “bir minillikdən sonra ilk dəfədir ki, Dağlıq Qarabağda erməni qalmayıb”. Çox təəssüf ki, bu tezis elə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını körükləyən şovinizmin ideoloji baxışlarını əks etdirir. İndi 21-ci əsrdir. Bizim dövrümüzdə pozitiv elmi bilik dini məbədlərdən artıq bir neçə əsrdir ki, ayrılıb. Pozitivizmin banisi Auguste Comtenin zamanında (1798-1857) Azərbaycan türklərinin Cavanşir tayfasına mənsub xanların ərazisi olan Qarabağ uğrunda Qacarlar imperiyası və Çar Rusiyası kəskin rəqabət aparırdılar. 1828-ci ildə bu iki imperiya arasında Türkmənçay Sülh Müqaviləsi imzalandı. Ermənilər Qarabağa həmin müqavilənin şərtlərinə əsasən İrandan köçürülüblər. SSRİ dövründə Azərbaycanın ayrılmaz (SSRİ və Azərbaycan SSR konstitusiyasına əsasən) tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər öz köç tarixlərini təmtəraqla qeyd edib, hətta 150 il öncəki miqrasiyalarının şərəfinə abidə də ucaldıblar.

Fotoda: 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Qarabağa gəlişinin 150 illiyi münasibəti ilə ucaldılmış abidə

1836-cı ildə rus çarı I Nikolay fərman verərək tarixi Qafqaz Albaniyasının Həvari Kilsəsini (yeri gəlmişkən, bu kilsə diofizit idi) monofizit Erməni Kilsəsinə tabe etdirdi. Erməni Eçmiədzin kilsəsi rus çarının sayəsində təxminən 1500 illik tarixə malik köklü dini icma üzərində hakimiyyət qurdu və onun bütün keçmişini silməyə çalışdı. Bütün bu cəhdlər dini ideologiyalara xas bir şəkildə erməni toplumuna doqma kimi qəbul etdirildi. Öz ideoloji doqmalarını pozitiv elmin süzgəcindən keçirməyən və tarixin əsl həqiqətləri ilə üzləşmək istəməyən toplumların təsəvvüründəki gələcək modeli isə naqis olmağa məhkumdur.

Bu da tam birmənalı şəkildə məlumdur ki, ötən əsrin 80-ci illərinin sonlarında Qarabağ münaqişəsinin başlama səbəbləri Qriqor Atanesiyanın qeyd etdiyi formadan çox uzaqdır. 20 fevral 1988-ci ildə Azərbaycan SSR-nin tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni mənşəli deputatları “Ermənistana birləşmək haqqında” qərar qəbul etmişdilər. Həmin qərar Ermənistan SSR Ali Soveti tərəfindən təsdiqlənmişdi. Bu, SSRİ tərkibindəki suveren (formal da olsa) bir dövlətin- Azərbaycanın ərazi bütövlüyünə açıq və qəbulolunmaz qəsd idi. Nəticədə həmin “qərarlar” SSRİ tərəfindən də tanınmadı. “Qırmızı imperiya”nın süqutundan sonra müstəqillik qazanan Azərbaycan Birləşmiş Millətlər Təşkilatına ərazi bütövlüyü sual altına alınmadan qəbul olundu. Daha sonrakı illərdə isə, beynəlxalq hüquqa istinad edən dövlət və təşkilatlar hər fürsətdə Qarabağın Azərbaycanın suveren əraziləri olduğunu vurğuladılar. Azərbaycan və Ermənistan BMT üzvlüyünə eyni vaxtda qəbul olunmuşdu. Lakin məhz bu hadisədən sonra Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü şiddətləndirmiş, Qarabağda yaratdığı və dəstəklədiyi “qondarma respublika”nın sərhədlərini işğalçı müharibə ilə genişləndirmişdi.

Cənab Atanesiyan öz məqaləsində Ermənistanın təcavüzkar siyasətinə və işğal etdiyi Azərbaycan ərazilərinə toxunmadan yalnız “erməni xalqının faciələrini” ön plana çəkir. Məqalədə, zənnimcə, əsas qəbahət budur ki, müəllif Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin hüquqi, tarixi və əxlaqi əsaslarını görməzdən gəlir. Halbuki, Ermənistanın məsuliyyətinin və sülh prosesinə yaratdığı sistemli maneələrin coğrafiyası yalnız Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda işğal olunmuş ərazilərini əhatə etmir. Bəli, Azərbaycan 30 il boyunca işğala məruz qalıb. İşğal dövründə Qarabağın yaşayış massivləri yerlə-yeksan edilib. Təbii sərvətlərimiz qanunsuz istismar olunub. Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalan azərbaycanlılar bu müddətdə dünyadan sadəcə ədalət umub. BMT-nin bu yöndə çıxardığı 4 qətnamənin tələblərini yerinə yetirməyə heç kim həvəs göstərmədiyindən ədaləti Azərbaycan özü bərpa edib. İndi bütün bu yaşananların səbəblərini “qarşılıqlı” hesab etmək, süni balans yaratmaq ədalətə, həqiqətə və sülhə xidmət deyil. Bu cür fəndlər Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla Sülh Sazişini imzalamaqdan yayınmaq üçün gətirdiyi bəhanələrdən mahiyyətcə çox da fərqlənmir.

Rəsmi Bakının Ermənistana təqdim etdiyi Sülh Sazişi layihəsi beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Bu gün Ermənistan Konstititusiyasında Azərbaycana və digər bölgə ölkələrinə qarşı açıq ərazi iddiaları var. İstənilən sülh sazişi beynəlxalq müqavilədir. Beynəlxalq müqavilələr isə, nə Azərbaycanın, nə də Ermənistanın konstitusiyalarından üstün qüvvəyə malik deyil. Odur ki, regionda dayanıqlı sülhün əldə olunması üçün Ermənistan revanşist qüvvələrin istinad edə biləcəyi daxili hüquqi bazasını tam ləğv etməlidir. Azərbaycanın bu təklifinə cavabında Ermənistanın Baş naziri “beynəlxalq müqavilələrin qanunlardan üstünlüyünü” söyləyir. Ermənistan lideri bununla özünü konstitusiya və qanun arasındakı fərqi bilmirmiş kimi aparır. Səbəbi sadədir: bəzi regional və qlobal miqyaslı akterlərdən stimul alan Ermənistan hökuməti vaxtı uzatmaq, uzanan vaxtı silahlanmaya sərf etmək niyyətindədir.

Azərbaycanın Qarabağ savaşından qalib ayrılması qaçılmaz sonluqdur. Azərbaycan iqtisadi, demoqrafik və modernizm nöqteyi-nəzərindən Cənubi Qafqazın lider ölkəsidir. Ölkəmizin paytaxtı Bakı və dostumuz Gürcüstanın Batumi şəhərləri regionda tarixi və geopolitik paradiqma yaradır. Bu paradiqmanı doğru oxuya bilməyən daşnak zehniyyəti Ermənistanı məyusluğa uğradıb. Lakin Ermənistanın hələ də şansı var ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən marşrutun (ekspertlər onu çox vaxt “Zəngəzur dəhlizi” adlandırırlar) açılmasını tezliklə təmin etsin. Bu, Ermənistanın həm özü, həm də Cənubi Qafqaz üçün yeni səhifə açması anlamına gəlir. Belə bir siyasi iradəni ortaya qoymaq üçün Pribaltika ölkələrinin 30 ildə keçdiyi yola baxmaq kifayətdir. Latviya, Litva və Estoniyanın təcrübəsi bir daha göstərir ki, Cənubi Qafqaz ölkələri əsas sərmayəni silaha deyil, insana qoymalıdırlar. Elə bu səbəbdən də Azərbaycanın əksər siyasi analitikləri “biz nə qədər qədimik” yox, “biz nə qədər yeniyik” sualına cavab axtaran erməni düşüncəsi ilə tanış olmağı səbirsizliklə gözləyir. Hələlik belə bir təmayül Ermənistanda nəzərə çarpmır.

Ermənistan İkinci Qarabağ Savaşında məğlub olmasının məsuliyyətinə şərik axtarır. Eyni qaydada, yaratdığı yeni reallıqla regiona sülh gətirməyi hədəfləyən Azərbaycana müstəqil tərəf müqabili olmaq istəmir. Yenə vasitəçi, yenə hami axtarır. Ancaq təcrübə göstərdi ki, qlobal güclərin maraqlarının toqquşduğu Cənubi Qafqaz kimi regionlara sülhün himayəçilik institutlarının xonçasında gəlməsi qeyri-mümkündür.

Eynilə ABŞ filosofu Ralf Uold Emersonun dediyi kimi: “Özünüzdən başqa kimsə sizə sülh gətirə bilməz”!

Taleh Şahsuvarlı