“The Economist”in avatarı- Ali Ka(rim)li - ANALİZ

AXCP sədrinin şəklinə “The Economist”in səhifələrində rast gələndə özümə verdiyim ilk sual belə oldu: məgər Əli Kərimli ingilis dilini bilir yaxud belə mükəmməl bilir?

18 yaşımdan jurnalistika ilə məşğulam, kontent-analiz metoduna da kifayət qədər bələdəm. Əli Kərimli kimi xarici dil bilməyən, bilsə belə, dil bacarıqları mənim kimi B2 səviyyəsini aşmayacaq bir müəllifin beynəlxalq mediada dərc olunan bu tip yazılarının Azərbaycan dilində yazılmasının və daha sonra yüksək səviyyədə redaktə olunmasının labüdlüyünə şübhə etmirəm.

Başqa sözlə, əgər bu məqalənin əsl müəllifi Əli Kərimli olsaydı, orijinal mətn Azərbaycan dilində yazılmalı, peşəkar bir tərcüməçi və ya Süni İntellekt tərəfindən ingilis dilinə çevrilməli, tərcümə olunmuş versiyası həssaslıqla redaktə olunmalı idi. Məqalədə Süni İntellekt izləri- sərt quruluş, texniki monotonluq və ya hərfi tərcümənin yaratdığı kontekstdən kənarlaşma yoxdur. Məqalənin TƏRCÜMƏDƏN SONRA REDAKTƏ OLUNMADIĞI göz qabağındadır. Siz məndən daha yaxşı bilərsiniz, Azərbaycan dili ilə müqayisədə ingilis dilində daha çox zaman var. Ana dilimizdə yazılmış mətnlərin ingiliscəyə tərcüməsində zaman uyğunlaşdırılması dərhal hiss olunur. Lakin “The Economist”dəki məqalədə bu cür redaktə əlamətləri sezilmir.

Bu şübhələri qənaətə çevirən bir nüans da var. Fərz edək ki, Azərbaycanın hər hansı bir jurnalistinin, ictimai fəalının, siyasətçisinin, tutalım, İndoneziyada nəşr olunan “Kompas” qəzetində məqaləsi dərc olunub. Müəllif İndoneziya dilini bilmir. Mətn tərcümə olunub. Nəşr barədə müəllif sosial şəbəkədə izləyicilərini məlumatlandırmaq istəyir. Bu zaman “məqalənin tərcüməsini təqdim edirəm” yazmaz, mətnin orijinalını, Azərbaycan dilindəki əsas versiyasını təqdim edər, elə deyilmi?

Gəlin, daha məsələni uzatmayaq və “The Economist”dəki məqaləni linqivistik təhlil etməyi, Azərbaycan dilindən ingiliscəyə tərcümə olunub-olunmamasını, yaxud birbaşa ingilis dilində yazılıb-yazılmamasını müəyyənləşdirməyi Süni İntellektdən rica edək.

Süni İntellekt əmindir ki, sözügedən məqalə Azərbaycan dilindən tərcümə olunmayıb:

“Bu məqalə birbaşa ingilis dilində yazılmışdır. Mətnin dil strukturu, ifadə tərzi və qrammatik düzgünlüyü bunu açıq şəkildə sübut edir. Heç bir tərcümə izinə rast gəlinmir, cümlə strukturları və frazalar ingilis dilində təbii axıcılıqla qurulub. Xüsusilə publisistik və akademik terminologiyanın düzgün istifadəsi mətnin birbaşa ingilis dilində yazıldığını göstərir”.

Bəli, Süni İntelekt vasitəsi ilə də təsbit etdiyimiz kimi, bu məqalənin əsl müəllifi AXCP sədri Əli Kərimli deyil. Sadəcə, onun şəklindən və imzasından istifadə olunub, “qonorar” əvəzinə də avatara “Azərbaycanın əsas müxalifət lideri” tərifi vurulub.

“Azərbaycan müxalifətinin lideri” ölkəmizdə parlament seçkilərinin “bu ilin əvvəlində” keçirildiyini yazır. Özünün təqdim etdiyi tərcümədə də belədir, ingiliscə mətndə də: “Earlier this year Azerbaijan held parliamentary elections…” 9-cu ay- sentyabr nə zamandan “ilin əvvəli” sayılır? Qos-qoca müxalifət lideri Azərbaycanda parlament seçkilərinin ilin əvvəlində, yoxsa ikinci yarısında keçirildiyini xatırlamaya, xronologiyada bu qədər kobud səhv buraxa bilərmi? Özünü xarici güclərin anti-Azərbaycan kampaniyasının avatarı səviyyəsinə endirmiş bir siyasətçidən, əlbəttə, 27 sentyabr- Anım Günü ərəfəsində Vaşinqtonu konstitusiyasını dəyişdirməsi üçün Ermənistana təsir göstərməyə çağıran bir yazı gözləmirik, əlbəttə.

O da bizə bəllidir ki, "The Economist" jurnalının "By Invitation" rubrikasında yayımlanacaq mövzular və müəlliflər adətən aylar öncə müəyyən olunur, ciddi redaksiya planlaşdırmasından keçir. Əli Kərimlinin yayımlanan məqalənin məzmunu göstərir ki, AXCP sədrinə planlaşdırmadan kənar- xüsusi təkid və sifarişlə yer ayrılıb. Görünür, məqaləni ötürənlər bir nüansa diqqət yetirməyiblər- "The Economist" dünyada media və iqlim dəyişikliyi mövzusunda monitorinq aparan QHT-lərin və vətəndaş cəmiyyəti institutlarının petrol sənayesi şirkətlərinin reklamlarını yaymaqda, ekoloji həssaslığın inkişafına mane olmaqda ittiham etdiyi bir quruluşdur. Bəs, necə oldu ki, özü anti-ekoloji redaksiya siyasətində ittiham olunan bir media quruluşu Azərbaycan rəsmilərinin yaşıl düşüncədə səmimiyyətini “qəfil” sorğulamaq qərarına gəldi?

Azərbaycan son 15 ildə bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. “Avroviziya” mahnı yarışması, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər bu kimi tədbirlər ərəfəsində Azərbaycana qarşı eyni tezislər üzərində qurulmuş informativ və ideoloji basqılar həyata keçirilir. Bu məqsədlə xüsusi emalatxanalar yaradılır, şəbəkələr qurulur, prosesi qaralamaq, Azərbaycanı təhdid və təzyiq altında saxlamaq üçün media və sosial şəbəkələrin gücündən gen-bol istifadə olunur. 2020-ci ilə- İkinci Qarabağ Savaşına qədər bu cür kampaniyaların motivi bir qədər fərqli idi. İddia olunurdu ki, Azərbaycan beynəlxalq tədbirlərə sərmayə qoyması, özünü dünyaya “mədəni ölkə” kimi təqdim etməsi, əslində, Ermənistana qarşı müharibə hazırlığına xidmət edir. Bu cür tezislər informasiya ilə işləyən hər kəsdə əminlik yaradırdı, anti-Bakı kampaniyalarının arxasında Azərbaycanın öz ərazi bütövlüyünü bir gün bərpa etmək ehtimalından əndişə keçirənlər dayanır. Yenə həmin dalğa, həmin koordinat! Kərimlinin adından yayılmış məqalənin qalan bütün mesajlarını boş verin, onların heç mətnin hazırlandığı ABŞ Dövlət Departamentinə bağlı laborotiyalardakı eksperiment siçovulları üçün də bir çürük qoz qədər dəyəri yoxdur.

Məqalənin hazırlanmasında üç əsas məqsəd var:

1. Qərbin Azərbaycan və Ermənistan arasındakı Sülh prosesində iştirakının vacibliyini əsaslandırmaq;

2. Azərbaycanı Sülh Sazişini imzalamaqdan yayınan tərəf olar təqdim etmək;

3. Azərbaycanın müstəqil siyasət yürüdərək Ermənistanı sülhə məcbur etməsini “Rusiaya meyillənmək” kimi göstərmək.

Əvvəla, Azərbaycanda uşaqdan böyüyə hər kəs çox yaxşı bilir ki, ABŞ da daxil olmaqla kollektiv Qərb Azərbaycanla Ermənistan arasında ədalətli, dayanıqlı və işlək sülh sazişinin imzalanmasına deyil, erməni irrendizmini ayaqda saxlayan məzmunsuz bir müqavilə ortaya çıxmasında maraqlıdır. Son günlər Kanada xarici işlər nazirliyinin bəyanatları, Fransa prezidenti Emmanuel Makronun BMT-dəki çıxışı, ABŞ-ın USAİD vasitəsi ilə Ermənistana yardımları artırması bunun ən bariz isbatıdır.

İkincisi, Azərbaycan Sülh Sazişi imzalamaqdan yayınmır, Ermənistana Azərbaycana qarşı Konstitusiyasında əks olunmuş ərazi iddialarını ləğv etməyi təklif edir. Prezident İlham Əliyevin bu tələbi son dərəcə haqlıdır. Çünki Azərbaycan və Ermənistan arasındakı Sülh Sazişi beynəlxalq müqavilə olacaq, beynəlxalq müqavilənin isə adi qanunlardan fərqli olaraq, Konstitusiyadan üstün hüquqi qüvvəsi yoxdur. Başqa sözlə, Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları ortadan qaldırılmadan imzalanacaq Sülh Sazişinin hüquqi ciddiyəti olmayacaq.

Üçüncüsü, “Qərbin dəstəklədiyi islahatların” İraqı, Əfqanıstanı, Suriyanı, Ukraynanı nə günə, hansı hala saldığını azacıq düşünmək qabiliyyəti və milli heysiyyəti olan hər kəs yaxşı bilir. Co Bayden gedərayaq özünü “sülh müjdəli Cəbrayıl” kimi görürsə, öncə öz “qanadlar”ını Ukrayna ilə Rusiya arasında körpüyə çevirsin. Azərbaycanın Ermənistanı sülhə məcbur etməsinə əngəl olmaq, Ermənistanı silahlandıraraq yeni münaqişəyə cəlb etmək istəyənlərin Əli Kərimlinin avatarı ilə Bakını şantaj etməsi kimi əməllər artıq keçmir- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sayəsində, hansı avazın hansı kitab olduğunu öyrənmişik.

Nəhayət, Əli Kərimlinin avatarından istifadə edən müəllifin terminologiyaya bir daha diqqət edək: “Qərb də Azərbaycan və Ermənistan arasında sülhü təmin etməkdə maraqlıdır”. Azərbaycan haqlı olaraq hesab edir ki, o öz ərazilərini 30 illik işğaldan öz iradəsi, öz gücü ilə azad edib. 44 günlük müharibə və ondan sonra keçirilən əməliyyatlarla Azərbaycan Cənubi Qafqazda geopolitik balansı dəyişərək öz liderliyini təsbit edib. İndi Cənubi Qafqazın hərbi lideri kimi Azərbaycan regionda sülhün təminatçısı kimi ilk növbədə özünü görür. Bəli, biz Cənubi Qafqazda sülh istəyirik, ancaq bu sülhü təmin etməyi heç kimdən xahiş etmirik, heç kimə də Azərbaycana diktə etmək ixtiyarı vermirik!

Taleh ŞAHSUVARLI