Mehriban xanım Əliyeva və Zəfər mədəniyyəti - TƏHLİL

İşğaldan azad edilmiş bölgələrə yolu düşən gənc nəslin nümayəndələri adətən soruşur: “Dünyadakı ermənilərın hamısını Qarabağın, Şərqi Zəngəzurun bir dərəsinə toplasan, dərənin tən yarısı boş qalar, neynirmişlər bu qədər ərazini”? Hə, bir də cavab gözləmədən bir sual da əlavə edirlər ki, bu hündürlükdə dağları necə işğal edə biliblər? Sonuncu sual qarşısında boynumuz bükükdür. Əlbəttə, qarşılığında nə isə deyə, haqlı-haqsız səbəblər göstərə bilərik. Qos-qoca Osmanlı imperiyasının çöküşünü mətbəə məsələsinə bağlamaq mümkündürsə, Azərbaycanın hər daşı, hər qayası bir səngər olan dağlıq və dağətəyi ərazilərinin işğalını da min dərədən su gətirib “tarixi zərurət” adlandırmağa bəhanələr tapmaq olar. Amma daha yaxşı olar ki, başımıza gələnlərə bəhanələr üzərindən deyil, keçmişimizdən asılılığın yaratdığı paradiqmalardan çıxış edərək qiymət verək.

Britaniya alimi Eduard Taylor mədəniyyəti “biliyi, inancı, sənəti, hüququ, əxlaqı, adətləri, fərdlərin bacarıq və vərdişlərini ehtiva edən şəbəkə” hesab edirdi. 20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsinin, İrəvanı, Göyçəni, Zəngəzuru əldə etmələrinin arxasında bizim sosium olaraq şəbəkələşmə- təşkilatlanma problemlərimiz dayanıb. Belə bir acı tarixi təcrübəyə malik olan toplumun ötən əsrin sonlarında ermənilərin qarşısında mütəşəkkil müqavimət sərgiləyə bilməməsi, monofizit kilsəyə torpaq və zaman uduzması milli mobilizasiya amili ilə bağlı idi. Bizim- Azərbaycan xalqının üç önəmli xüsusiyyəti var və bu kompleks xüsusiyyətlərdən kənarda tam mobilizasiyamız mümkün deyil.

Əvvəla, biz dövlət identifikasiyası olan xalqıq. Dövlətimiz yoxdursa, digər heç bir müəssisə xalqı səfərbər etmək imkanına malik deyil.

İkincisi, bizim Dövlət- bizim Liderimiz, bizim Liderimiz-bizim Dövlətimizdir. Dövlət və Lider identifikasiyası yoxdursa, müsibətlərlə üzləşməyimiz qaçılmazdır.

Üçüncüsü, biz millətləşmə prosesini maarifçilik dalğasında keçmişik. Əgər bizim ictimai fikir müəssisəmiz Dövlət və Liderlə vəhdət təşkil etməzsə, sosial məyusluğa düçar olacağıq.

Ermənilərin isə dövlət identifikasiyası yoxdur, onlar hətta bu gün də millətləşmə mərhələsini adlamayıblar və sekulyar düşüncə sisteminə malik deyillər. Qeyri-sekulyar düşüncə ərazi iddialarını mifologiyalaşdırır və geniş kütlələrə mənimsədərək siyasi strategiyaların mərkəzinə yerləşdirir. Eçmiədzin kilsəsinin Qarabağı Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək üçün səyləri də bu baxımdan istisna təşkil etmir. Buxarestdə doğulmuş və “I Vazgen” kimi məşhur olan erməni katilikosu Levon Palçyan xaricdəki ermənilərlə görüşmək üçün çıxdığı bir neçə aylıq səfərdən dönəndən sonra- 12 may 1956-cı ildə SSRİ Nazirlər Sovetinin sədri Nikoloy Bulqaninin qəbuluna getmişdi. Katalikos N. Bulqaninin timsalında SSRİ rəhbərliyinə təkilf vermişdi:

“Xaricdə bizdən dəfələrlə soruşurdular: "Niyə hələ də Dağlıq Qarabağ Muxtar Vilayəti, Naxçıvan MSSR və Axalkalaki bölgəsi məsələləri ədalətli həll olunmur? Bu bölgələr əsasən ermənilərlə məskunlaşıblar, lakin onlar hələ də Sovet Ermənistanının sərhədlərindən kənarda qalırlar."

Erməni kilsəsinin apardığı bu təbliğat Daşnaksütyun Partiyasının Yunanıstanın paytaxtı Afinada 1985-ci ildə keçirilmiş 23-cü konqresində konkret tələbə döndü. Moldova tədqiqatçısı, İkinci Qarabağ Savaşında qazandığımız tarixi zəfər münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə səmimi təbriklər ünvanlamış tarix elmləri doktoru Ruslan Şevçenkonun yazdığı kimi, həmin qurultayda erməni ideoloqları Azərbaycandan Dağlıq Qarabağ və Naxçıvanın, Gürcüstandan isə Axalkalakinin qoparılması barədə qərar qəbul etdilər. Bu qərarın yerinə yetirilməsində “Daşnaksütyun”a dəstək vermək məqsədi ilə 1987-ci ildə Ermənistanda “Qarabağ Komitəsi” yaradıldı. Cəmi bir il sonra- Azərbaycana qarşı ərazi iddiaları daha nümayişkaranə şəkildə səsləndiriləndə Ermənistan Nazirlər Sovetinin sədri D.Kirakosyan SSRİ DTK-nın rəhbərlərindən olan F. Bobkova bildirmişdi ki, onun respublikasına yeni ərazilər lazımdır, əks halda, torpaq yetmədiyi üçün ermənilər öz ölkələrini tərk edirlər! Heç də təəccüblü deyil ki, Ermənistan kommunistlərinin lideri olmuş Karen Dəmirçiyan da SSRİ-nin birinci şəxsi M.S. Qorboçova “Qarabağın Ermənistana birləşdirilməsindən başqa” Azərbaycanla yaranmaqda olan münaqişənin heç bir həll yolunu görmədiyini söyləmişdi.

Bu gün az-çox düşünmək imkanı olan hər kəs başa düşür ki, Azərbaycana qarşı ərazi iddiaları irəli sürən və müxtəlif yollarla silahlanan erməni tsexakronizminin qarşısına çıxmağa ötən əsrin sonlarında cəmi bir şansımız olub- Ulu Öndər Heydər Əliyevi hakimiyyətə qaytarmaq! Əlbəttə, tarix “keşkə” ilə başlayan cümlələri sevmir. Ancaq bu da bir danılmaz faktdır ki, irredentizmi Ermənistanın varlıq məsələsinə çevirən keşiş-daşnak zehniyyəti Qarabağı Azərbaycandan qopara bilməyəcəkləri siqnalını məhz Heydər Əliyevlə qarşılaşdıqdan sonra aldı. Levon Ter-Petrosyan erməni cəmiyyətinin ən intellektual simalarından biri olmaqla yuxarıda sözünü etdiyimiz “Qarabağ Komitəsi”nin liderlərindən idi. 1991-ci ilin noyabrında Ermənistan prezidenti oldu və Azərbaycan torpaqları məhz onun dövründə işğal edildi. Azərbaycan hakimiyyətinin başında məhz Heydər Əliyevlə qarşılaşdıqdan sonra Ter-Petrosyan anladı və öz xalqına bəyan etdi ki, Qarabağı Azərbaycandan qoparmağın heç bir yolu, üsulu yoxdur! Ermənistanda hakimiyyət böhranına yol açan bu məşhur bəyanat Hovannes Kaçaznunin “Daşnakların edə biləcəyi bir şey yoxdur” mövqeyinin sanki tarixi təkrarı idi.

Bu həqiqəti Ermənistana və onun hamilərinə həzm etdirmək üçün bizə daha bir neçə on il, üstəlik, oğul- sözün bütün mənalarında- Əliyevin hayların başı üstündə “Dəmir yumruq” silkələməsi lazım idi. İlham Əliyev bu müddətdən Azərbaycanı mobilləşdirmək- işğalın səbəbini aradan qaldırmaq, tarixdən neqativ asılılığımızı zərərsizləşdirmək üçün məharətlə istifadə etdi. Nikola Makiavellinin məşhur aforizmindən çıxış etsək, İlham Əliyev savaşdan qaçmağın mümkün olmadığını dəqiq bilirdi, ancaq onu düşməndən tam üstün olacağımız günlərədək ertələdi. Həqiqət budur ki, öz sosial-mədəni məkanımızı və identifik təcrübələrimizi kontekstuallaşdırmadan Zəfərə nail ola bilməzdik. Bu gün tarixi bir qələbənin qürurunu yaşayırıqsa, otantik mədəni-intellektual dəyərlərimizi böhrandan necə çıxardığımızı mütləq nəzərdən keçirməliyik. İcazənizlə, bu prosesi “kültürəl innovasiya” adlandıraq: düşmənə qalib gəlmək üçün ordumuzun sistemləşməsinə, güclənməsinə, müasirləşməsinə zərurət olduğu kimi, işğala məruz qalan cəmiyyət olaraq dəyərlər müstəvisində də yeni anlaşmaya varmamız lazım idi. Bu konsensusu formalaşmasında dövlət başçısının xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkə prezidentinə əsl sirdaş və silahdaş oldu.

Mehriban xanım ilk növbədə Azərbaycanın davamlı inkişafının mədəniyyətə çevrilməsi prosesinə böyük təhfələr verən layihələr gerçəkləşdirdi. Birinci xanımın başçılığı ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə və xaricdə həyata keçirilən çoxsaylı layihələr çağdaş Azərbaycanın mədəni peyzajları olmaqla yanaşı, yeni sosial-iqtisadi münasibətlər sistemi üçün mənəvi açar rolunu oynayırdı. Sosialist sisteminin çökməsi ilə iqtisadi strukturu darmadağın olmuş, Birinci Qarabağ savaşında üzləşdiyi məğlubiyyətlə demoqrafik böhrana düşmüş, çeşidli sosial ziddiyyətlərin tüğyan etdiyi bir ölkədə inkluziv cəmiyyət quruculuğu həm də yeni mədəni təşəbbüslərdən keçirdi. Məhz bu cür təşəbbüslər sayəsində sosial bütövlük təmin olunur və ictimai harmoniya güclənirdi. Yada salaq: Prezident Əliyevin hakimiyyət illərində doğulmuş gənclər 44 günlük vətən savaşında və ondan sonra keçirilən hərbi əməliyyatlarda misilsiz qəhrəmanlıq dastanı yazdılar. Prosesin genişlənməsi ölkəmizdə yeni bir zərurət meydana çıxardı. Yeniliklərə açıq düşüncə sistemi və idarəçilik arasında inteqrasiya, necə deyərlər, zamanın tələbinə döndü. Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin olunması ilə bu inteqrasiya sürətləndi. İkinci Qarabağ savaşında formalaşan vətəndaş həmrəyliyi mədəniyyətin milli təhlükəsizlik müstəvisində nə qədər funksional olduğunu bariz şəkildə ortaya qoydu. Hakim komanda üzvlərinin tarixi mirasa, ölkənin yerləşdiyi coğrafiyaya bağlı təhdidlərə və qlobal çağırışlara reaksiyasını şəkilləndirən mədəni viziya diplomatik sferada da ölkəmiz üçün ciddi üstünlüklər yaratdı. Azərbaycanlı kimliyini dünyada tanıtmağı, bir çox dövlətlərin rəsmi Bakı ilə münasibətlərini istiləşdirməyi, yeri gələndə, ərazi bütövlüyümüzün təmin olunmasına qarşı çıxanlara “yumşaq güc” göstərməyi qarşısına məqsəd qoyan mədəni diplomatiya bütövlükdə respublikamızın dünyada müsbət imicinin formalaşmasına son dərəcə qiymətli töhfələr verdi. Bu baxımdan Mehriban xanım Əliyevanın UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi gördüyü böyük işlər barədə ayrıca tədqiqatlar aparılmasına lüzum var.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və məcburi köçkünlərin yurdlarına qayıdışı İkinci Qarabağ savaşında qazanılan tarixi zəfərin məntiqi yekunudur- bu, mübahisəsizdir. Lakin “Zəfər” dedikdə yalnız hərbi uğurlar başa düşülməməlidir, xalqımız öz müzəffər liderinin bayraqdarlığı ilə düşmən üzərində həm də mənəvi, mədəni, ideoloji qələbə qazanıb. Ona görə də, tarixi qələbə milli mədəni intibahın yeni bazasını təşkil edir. Birinci vitse prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq dövlət başçısı ilə birgə işğaldan azad olunan bölgələrə səfər edir, orada yaşayış evlərinin, məktəblərin, incəsənət mərkəzlərinin, yaradıcılıq evlərinin açılışına qatılır. Bütün bunlar heç də sıradan protokol tədbirləri deyil, milli intibahın əsas şərtlərindən biri olan insan kapitalının inkişafını təmin edəcək təşəbbüslərdir. İşğaldan azad edilmiş bölgələrdə yeni azərbaycanlı nəsillərinin yetişdirilməsinə dövlətin indidən qoyduğu nəhəng maddi və ideoloji sərmayədir.

Yəhudi mənşəli sovet kulturoloqu, sonradan Estoniyada fəaliyyət göstərmiş Yuri Lotman deyirdi:

“Mədəniyyət yaddaşdır. Buna görə də o, tarixlə bağlıdır və həmişə insanın, cəmiyyətin və bəşəriyyətin mənəvi, intellektual və ruhani həyatının davamlılığını nəzərdə tutur”.

Mehriban xanım Əliyevanın istər rəsmi, istərsə də ictimai-siyasi fəaliyyətinin ana xəttlərindən birini, fikrimcə, azərbaycanlı yaddaşının bərpa edilməsi və yenilənməsi təşkil edir. Bəli, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın zəngin mədəni irsini daşıyan ərazilərdir. Tarixi abidələrin, məscidlərin, muzeylərin bərpası, mədəni həyatın yenidən qurulması bu ərazilərdə milli kimliyin yenidən dirçəlməsinə xidmət edir. Təcavüzkar Ermənistan ordusunun və silahlı çətələrininin torpaqlarımızdan qovulması hələ tam anlamda işğala son qoyulması deyil, işğalı bitirən məhz bu milli dirçəliş, məhz bu mədəni tərəqqidir.

Taleh Şahsuvarlı

Müəllif haqqında: Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Orta təhsilini Bakı şəhəri, Yasamal rayonundakı 20 saylı orta məktəbin və BDU-nun Tarix fakültəsinin nəzdində təşkil olunan Respublika Tarix Liseyində alıb. “Fəlsəfə tarixi” ixtisası üzrə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistr pillələrini bitirib. Həmçinin eyni universitetin Hüquq fakültəsində ali təhsil alıb. Amerika Birləşmiş Ştatlarının San Diaqo şəhərində yerləşən Vətəndaş Diplomatiyası Akademiyasında “İctimai siyasət” üzrə xüsusi kurs keçib. 2018-ci ildən AzNews.az analitik-informasiya portalının Baş redaktorudur. “Baş leytenant” rütbəsində İkinci Qarabağ Müharibəsində iştirak edib, iki medalla təltif olunmuş müharibə veteranıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yeni Azərbaycan Partiyasının fəalıdır.