Mədəniyyət paytaxtı Laçın: İftixar və məsuliyyətin 10 maddəsi

İşğaldan azad olunmuş Laçın şəhəri MDB-nin “mədəniyyət paytaxtı” elan olundu. Son dərəcə sevindirici xəbərdir. 28 il erməni işğalı altında qalmış bir bölgəmizin vaxtilə SSRİ-yə daxil olmuş 9 dövlətin mədəniyyət siyasətində mərkəz halına gəlməsinin əhəmiyyətini, zənnimcə, xüsusi izah etməyə ehtiyac yoxdur. Nəzərə alanda ki, MDB üzvlərindən biri də elə Laçını 1992-ci ildə işğal etmiş Ermənistandır, o zaman bu qərarın İrəvan üçün gözdağı olduğu ortaya çıxır. Odur ki, Laçının mədəniyyət paytaxtı kimi Azərbaycana gətirəcəyi dividentləri 10 maddədə sadalayaq.

  • Beynəlxalq tanınma: Laçının MDB-nin mədəniyyət paytaxtı statusunu qazanması Şərqi Zəngəzurun dünya miqyasında tanınmasına, uzun illər adı beynəlxalq aləmdə “dəhliz” kimi hallanan bir bölgənin sırf Azərbaycan ərazisi kimi yenidən tanıdılmasına imkan yaradacaq.
  • İşğaldan azad olunmuş ərazilərin siyasi əhəmiyyətinin artırılması: Laçının mədəniyyət paytaxtı statusu işğaldan azad edilmiş torpaqlarımızın milli və beynəlxalq səviyyədə siyasi əhəmiyyətini gücləndirəcək.
  • Qarabağın yenidənqurma prosesinə dəstək: Bu status şəhərin infrastrukturu və iqtisadiyyatı üçün yenidənqurma prosesini sürətləndirir, həmçinin bölgənin sosial və mədəni həyatını canlandırır. Laçına qayıdış prosesinin tərkib hissəsi olan quruculuq və abadlıq işləri mədəni müstəvidə stimullaşdırılır.
  • Erməni işğalının nəticələrinin beynəlxalq sərgilənməsi: Laçın işğal altında olduğu dövrdə kənd və qəsəbələr, o cümlədən mədəniyyət abidələri və infrastruktur darmadağın edilib. Laçına göstəriləcək maraq ermənilərin işğal dövründə törətdiyi bu dağıntıları beynəlxalq aləmə çatdırmaq və onların vandallıq aktlarını ifşa etmək üçün əlverişli platforma yaradacaq.
  • Mədəni diplomatiya: Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi Azərbaycanın “yumşaq gücü”nü və mədəni diplomatiyasını gücləndirəcək və işğalçı Ermənistana qarşı əməkdaşlıq və mədəni mübadilə imkanlarını artıracaq.
  • Tarixi və mədəni irsin qorunması: Laçın Azərbaycanın qədim mədəniyyət beşiyidir və bu status şəhərin mədəni irsinin bərpası və beynəlxalq səviyyədə tanınması üçün əhəmiyyətli addımdır. Laçının ən mühüm xüsusiyyətlərindən biri də budur ki, buradakı tarixi alban məbədləri heç zaman erməniləşməyib və bu günümüzə alban irsi kimi çatıb. Bu fakt ermənilərin Cənubi Qafqazdakı saxta tarixinin ifşasında böyük əhəmiyyətə malikdir.
  • Mədəni tədbirlərin təşkil olunması: Mədəniyyət paytaxtında beynəlxalq səviyyədə festivallar, konsertlər, konfranslar keçiriləcək. Bu isə mədəniyyətlərarası dialoqu inkişaf etdirir.
  • Multikulturalizm və etnik müxtəlifliyin qorunması: Laçının bir neçə kəndində işğaldan öncə etnik kürdlər yaşayıb. Onlar yerli əhalinin əsas hissəsi kimi işğaldan əziyyət çəkiblər, müharibələrdə Azərbaycan üçün canlarından keçiblər. Odur ki, bu ərazi multikulturalizmin və etnik müxtəlifliyin qorunmasının, eyni zamanda Azərbaycanın tolerantlıq ənənələrinin tanıdılması baxımından vacibdir.
  • Turizmin inkişafı: Laçın artıq yerli turizm üçün cəlbedici məkandır. Mədəniyyət paytaxtına çevrilməsi şəhərin turizm potensialını artıracaq və iqtisadi inkişaf üçün yeni imkanlar yaradacaq.
  • Ekoloji problemlərin vurğulanması: İşğal dövründə Laçında təkcə sosial infrastruktur deyil, həm də ekoloji sistem ciddi şəkildə zərər görüb. Meşə massivləri məhv edilib, təbii sərvətlər istismar olunub. Laçının mədəniyyət paytaxtı statusu işğaldan qaynaqlanan ekoloji problemləri beynəlxalq arenada qaldırmaq və bərpa prosesinə qlobal diqqət cəlb etmək baxımından vacibdir.

Taleh ŞAHSUVARLI