Vasif Qafarovun kitabı və saxta ziyalıların gerçək alimə hücumu

Tarix elmləri doktoru Vasif Qafarovun “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” adlı kitabı iyun ayında çap edilmiş, elə o ərəfədə Qərbi Azərbaycan İcmasında müzakirəsi də təşkil olunmuşdu. Həm icma, həm də müəllif tərəfindən tədbirə dəvət alsam da, o günlərdə Bakıdan kənarda olduğumdan təqdimatda iştirak edə bilməmişdim. Kitabı əldə etməyimə və yüngülvari nəzərdən keçirməyimə baxmayaraq haqqında ayrıca məqalə yazacaq qədər diqqətlə oxumamışdım. Bu günlərdə oxudum və isti-isti rəyimi Facebook sosial şəbəkəsindəki hesabımda da yazdım.

Ötən əsrin əvvəllərində Cənubi Qafqazda baş verən ictimai-siyasi və geopolitik proseslərlə bağlı toplam mindən çox sənəd, stenoqram, tədqiqat, kitab, publisistik və elmi məqalə oxumuşam. Bir çox hallarda pozitiv elmin prinsip və metodlarına əsaslanmayan və müəllifin ideoloji baxışını sübut etməyə çalışan araşdırmalar ikrahıma səbəb olub. Kifayət qədər mürəkkəb bir dövrə münasibətdə filoloji yanaşmaların ön plana çıxmasına, qarşımıza Azərbaycan Xalq Cümhuriyyətinin gerçək tarixinin deyil, sentimental-mifoloji təqdimatının qoyulmasına və uydurma qurucu-lider əfsanələrindən özünə karyera, “ziyalı imici” düzəldən sövdəgərlərə imkanım yetdikcə etiraz etmişəm. Keçmiş olduğu kimi öyrənilməli, tarixin bir elm kimi standartları çərçivəsində araşdırılmalıdır. Bu baxımdan qətiyyətlə və tam səmimiyyətlə deyə bilərəm ki, Vasif Qafarov örnək bir tədiqat aparıb, samballı bir kitab ərsəyə gətirib. Həm faktların toplanması və işlənməsi, həm də elmi sistemlilik və aydınlıq baxımından mükəmməl bir əsərdir. Azərbaycan tarix elminin belə bir tədqiqatçı, belə bir müəllif qazanmasına son dərəcə sevinməklə yanaşı, Vasif Qafarovu nümayiş etdirdiyi alim vicdanına, səriştəsinə və cəsarətinə görə ürəkdən təbrik edirəm.

Kitabın nəşrinin ideya müəllifi və Ön sözünün yazarı hüquq elmləri namizədi, Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevdir. Bir dəfə İkinci Qarabağ Savaşı ilə bağlı Hərbi Prokurorluqda keçirilən tədbirə dəvət almışdım, orada Xanlar Vəliyev tarixi baxımdan çox samballı bir çıxış etmişdi. Mənə də söz vermişdilər və orada dediyim fikri yenidən səsləndirmək istəyirəm: “Xanlar Vəliyev, mənim nəzərimdə, tədbirə Hərbi Prokuror kimi gəldi, yaddaşımda tarixçi kimi qaldı”. Bəli, ön söz müəllifi rəyində bir çox maraqlı məsələlərə, xüsusən də ermənilərin Cənubi Qafqazda 19-cu əsrdən etibarən kütləvi şəkildə məskunlaşmasına toxunur və ciddi faktlar təqdim edir. Xanlar Vəliyevin rus tarixçisi və ədibi V.L.Veliçkodan, erməni müəllifi B.İşxanyandan, rus tədiqatçısı N.Şavrovdan və digərlərindən bu yöndə gətirdiyi iqtibaslar 1918-ci ildə Ermənistanın əslində bir “diaspor dövləti” kimi təşəkkül etməsini ortaya qoyur. Xanlar Vəliyev çox haqlı şəkildə qeyd edir: “Vasif Qafarov bu monoqrafiyada Prezident İlham Əliyev tərəfindən İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi və Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılması məsələsi ilə bağlı səsləndirilən fikirlərin tarixi həqiqət olduğunu dövrün ilkin arxiv sənədləri əsasında sübuta yetirir və elmi cəhətdən əsaslandırır”.

Həqiqətən də kitabda mənbəyə və fakta əsaslanmayan heç bir mülahizə yoxdur. Müəllifin peşəkarlığı ondadır ki, o, çoxsaylı mənbələr və faktlar arasında, necə deyərlər, özünü itirməyib, onları əsl tədqiqatçı seçiciliyi ilə çeşidləyib, sistemləşdirib, obyektiv bir araşdırma üçün prinsipal səciyyə daşıyan bilgilərə üstünlük verib. Eyni zamanda, tarixçi araşdırılan dövrdə hadisələrin necə cərəyan etdiyinə qarışmadan, baş verənləri neytral bir şəkildə təsvir edir. Nəhayət, hadisələr həm xronoloji, həm də maraqlı tərəflərin mövqelərinin çatdırılması baxımından elə qruplaşdırılıb ki, oxucu nəyin nə vaxt, harada, niyə, kimlərin iştirakı ilə və necə baş verdiyini, hansı nəticələr doğurduğunu aydın şəkildə izləyə bilir.

Bu kontekstdə Batum konfransının təşkili və gedişatı haqqında Vasif Qafarov elmi ictimaiyyətə son dərəcə qiymətli faktlar təqdim edir, dinamik tarixi şəraitə və mövqelər müxtəlifliyinə geniş nəzər yetirir. Türkiyə və Zaqafqaziya Seymi heyətləri arasındakı, o cümlədən heyətlərin daxilindəki ziddiyyətlər fonunda dövrün milli, hərbi, siyasi, diplomatik və digər bu qəbildən olan fundamental problemləri çözülür. Bu da ondan irəli gəlir ki, müəllif tarixi müqayisə və tarixi genetik kimi geniş yayılmış elmi metodlarla yanaşı, tipologiya və aktuallaşdırma sayaq tədqiqatçıdan xüsusi məharət tələb edən metodlar da tətbiq edir.

Tədiqatın ana məğzi budur ki, Osmanlı dövlətinin təşkil etdiyi Batum konfransında Cənubi Qafqazda erməni dövlətinin formalaşdırılması ideyası siyasi-hüquqi zəmin əldə etdi, təşəkkül tapdı və Azərbaycan Xalq Cümhuriyyətinə məxsus olan və ya məxsus olmalı olan torpaqlar hesabına genişləndi. Vasif Qafarov erməni dövlətinin yaranması, paytaxt əldə etməsi və yeni ərazi iddiaları ilə çıxış etməsi prosesini konkret mənbə və faktlara istinad edərək araşdırır, heç kimi ittiham etmədiyi kimi, heç nəyi də “malalamır”. Elmi titullar və ya “ziyalı” statusu arxasında gizlənənlərin Azərbaycan tarix elminin bu parlaq yeni nəsil nümayəndəsinə və samballı tədqiqatçısına qarşı kin-küdurətinin arxasında da elə bu məqam dayanır- Vasif Qafarovun gerçək elm adamlığı nümayiş etdirməsi!

Çalışma ilə bağlı heçmi tənqidim yoxdur? Var! Əsərin əhəmiyyətinə və mahiyətinə xələl gətirməsə belə, müəllif yazır: “Azərbaycan Milli Şurası parlament funksiyasını həyata keçirirdi, yəni hökumətin imzaladığı müqavilə, saziş və razılaşmalar Milli Şurada təsdiq edildikdən sonra qanuni qüvvəyə minə bilərdi.” Çox təəssüf ki, uzun illərdir Azərbaycanda Xalq Cümhuriyyətinin parlament tipli respublika olması barədə heç bir elmi əsası olmayan fikir formalaşdırılıb. Bu cür fikirlər hüquq tarixçiləri tərəfindən də gen-bol tirajlanır. Lakin AXC parlamentar yox, Məclis-Hökumət tipli - konvensional sistem idi. Odur ki, AXC hakimiyyətinin fəaliyyətinə qiymət verərkən parlamentar sistemin özəlliklərindən çıxış etmək hüquqi baxımdan səhv nəticələr doğurur.

Sona doğru bir oxucu kimi tədqiqatın mövzusu ilə bağlı öz mülahizələrimi səsləndirim. Vasif Qafarovun araşdırması bir oxucu kimi məndə bu qənaət yaradır ki, Batum konfransında erməni məsələsi ilə bağlı bir neçə çözüm variantı ortaya çıxıb:

- “Çibanı kökündən təmizləmək”- erməni siyasi iddialarının tam çökdürülməsi;

- Bir hissəsi Osmanlıya ilhaq edilmiş Cənubi Qafqazda Azərbaycan və Gürcüstan Konfederasiyası, ermənilərə müəyyən haqlar tanınması, amma federasiya kimliyi tanınmaması;

- Bir hissəsi Osmanlıya ilhaq edilmiş Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın müstəqil dövlət olması, amma ermənilərə muxtariyyət və müstəqil dövlət qurmaq imtiyazı tanınmaması;

- Osmanlının nüfuz dairəsində olacaq Cənubi Qafqazda ermənilərə mərkəzi Gümrü olan “kiçik kanton” yaradılması, Osmanlı, Azərbaycan və Gürcüstan arasında sıxışdırılması və siyasi təzyiq altında saxlanılması;

- Mərkəzi İrəvan olmaqla, daha öncəki variantdakı qədər kiçik və təsirsiz olmayan erməni dövlətinin formalaşdırılması.

Bəs, necə oldu ki, hərbi, diplomatik, siyasi üstünlüyün Osmanlıda, demoqrafik və təsir gücünün azərbaycanlılarda olduğu bir dövrdə və konfransda ermənilər üçün ən ideal, bizim üçün ən neqativ variant gerçəkləşdi?

Baxın, əzizlərim, 30 ildən çoxdur ki, yazılan, tirajlanan və formalaşdırılmış savadsız və səbatsız kütlə ilə cavablandırılması az qala yasaq edilmiş sual məhz budur. Nəzərə alanda ki, mayın 28-də “hökumət” olmaq məsuliyyətini öz üzərinə götürmüş Erməni Milli Şurası Ermənistanın dövlət müstəqilliyini dünyaya elan edə bilmir və bunun üçün İrəvanın AXC tərəfindən onlara rəsmən “güzəşt” edilməsi qərarını gözləyirdi, bu sual daha da aktuallaşır.

Ermənilərin necə müstəqil olduqlarının tarixini Vasif Qafarov belə yazır:

“Mayın 28-də gecə yarısı Erməni Milli Şurası Ermənistanı müstəqil respublika, özünü isə respublikanın ən ali hakimiyyət orqanı elan etməyi və Batuma müstəqil Ermənistan adından bir heyət göndərməyi qərara aldı. ... Bununla belə, Erməni Milli Şurası qəbul etdiyi bu qərarı yerinə yetirib Ermənistanın müstəqilliyini elan etmədi. Mayın 29-da axşam Daşnaksütyun partiyasının bürosu, Tiflis Mərkəzi Komitəsi, sabiq Seymin daşnak üzvləri və Erməni Milli Şurası üzvlərinin birgə təcili iclası keçirildi. ... Lakin yenə də müstəqillik elan edilmədi. Çünki öncə erməni dövlətinin hansı ərazi hüdudlarında elan edilməsi məsələsi həll edilməli idi.”

Və... Ermənistan öz dövlət müstəqilliyini dünyaya məhz AXC Milli Şurasının 29 may 1918-ci tarixində keçirilən iclasında qəbul edilən qərarla İrəvanı rəsmən özününküləşdirəndən bir gün sonra elan etdi. Vasif Qafarov tədqiqatında həmin bəyanatın mətnini təqdim edib:

“Cənubi Qafqaz siyasi birliyinin dağılması və Gürcüstan ilə Azərbaycanın öz müstəqilliklərini elan etmələri ilə yaranan bu yeni siyasi vəziyyətdə Erməni Milli Şurası özünü erməni vilayətlərinin və ermənilərin ən böyük səlahiyyətli orqanı elan edir. Bəzi ciddi vəziyyətlər səbəbi ilə erməni milli hökumətinin yaradılması bir neçə günlüyə təxirə salınmışdır. Bu zaman ərzində Milli Şura hökumətin siyasi işlər və erməni vilayətlərinin idarə edilməsi ilə bağlı bütün səlahiyyətlərini öz üzərinə götürür”.

İrəvanın ermənilərə verilməsini “tarixi zərurət” hesab edənlər bu bəyanatı dönə-dönə oxumalıdırlar. Hətta dövlət müstəqilliyi elan etdikdən sonra belə dərhal hökumət qura bilməyən bir etnosa Azərbaycanın tarixi şəhərinin güzəştə gedilməsinin arxasındakı siyasi-diplomatik iradəsizliyi, qətiyyətsizliyi, təcrübəsizliyi anlamaq üçün!

Taleh Şahsuvarlı,

AzNews.az analitik-informasiya portalının baş redaktoru