Tarixi zəfərlərimizin İLHAM mənbəyi - TƏHLİL

15 oktyabr 2003-cü ildə Yeni Azərbaycan Partiyasının rəsmi namizədi olaraq İlham Əiyev ilk dəfə Azərbaycan prezidenti seçildi.

İlham Əliyevin prezidentliyə namizəd kimi ən nəzərə çarpan özəlliyi bu idi ki, o, meydanlarda deyil, dövlət təşkilatında liderə çevrilmişdi. Açıq siyasət nöqteyi-nəzərindən sözügedən amil həm təbii şəkildə bir sıra suallar doğurur, həm də rəqiblərinin onun əleyhinə cəmiyyəti manipulyasiya etməsinə şərait yaradırdı.

Heydər Əliyevin dövründə ölkədə çox güclü müxalifət təşkilatları və onların orbitində çoxsyalı QHT-lər, media quruluşları, digər ictimai-siyasi şəbəkələr vardı. AXCP, Müsavat, AMİP, ADP, ALP, ASDP və digər müxalifət partiyalarının rəhbərləri ya meydan hərəkatında formalaşmış, ya da mövcud hakim komandanı narazı qismində tərk etmişdilər. AXC-Müsavat iqtidarının və Heydər Əliyev hakimiyyətinin keçmiş yüksək ranqlı fiqurlarının siyasi fəaliyyətinə Qərb donorları, Türkiyədəki müəyyən dairələr böyük məbləğdə pullar ayırır, İran və Rusiyadan da maliyyə yardımları gəlirdi.

Bununla belə, müxalifət öz resurslarını birləşdirə, vahid lider, funksional komanda, effektiv strategiya və proqramlar təqdim edə bilmirdi. Beynəlxalq dairələrin təşkilatçığı ilə baş tutan müxalifət liderlərinin “London görüşləri”ndə partiyalar vahid namizəd təqdim edə bilmədi. Protest elektoratına daha çox nüfuz edən Müsavat partiyasının başqanı İsa Qəmbər isə Türkiyənin hakim çevrələrini inandıra bilmədi, ABŞ səfərindən əliboş qayıtdı. Keçmiş hakimiyyətin ikinci şəxsi- parlament spikeri olan İsa Qəmbərə qarşı bir illik AXC-Müsavat iqtidarı dövrü ilə bağlı cəmiyyətin geniş spektrində böyük narahatlıq və təpkilər vardı.

İsa Qəmbər iqtidarı Elçibəy iqtidarından nə ilə fərqlənəcəkdi?

Ölkə yenidən xaosa, anarxiyaya, iğtişaşlara və qiyamlaramı sürüklənəcəkdi?

Qarabağ savaşında yeni ərazilər itiriləcək, “demokratiya” şüarları ilə dövlətin əsasları sarsıdılacaqdımı?

Bütün bu suallar qarşısında İlham Əliyev xalqa daha rasional və daha cazibadar modellər təklif edirdi. O, sabitliyi qorumağı, Heydər Əliyevin xalq tərəfindən son dərəcədə böyük ölçüdə dəstəklənən daxili və xarici siyasətini davam etdirməyi, hər bir azərbaycanlının prezidenti olmağı vəd edir, hakim elitanın bütövlüyünü təmsil edirdi. Nəticədə xalqın ortaq zəkası və iradəsi hakimiyyətin zirvəsinə İlham Əliyevi daşıdı.

Əksinə olsaydı, nə baş verərdi?

Əvvəla, Heydər Əliyevin 10 illik iqtidarı dövründə böyük iradə və zəhmət hesabına formalaşdırdığı dövlətçilik ənənələri qırılacaqdı.

İkincisi, Azərbaycan bir respublika olaraq ideoloji böhrana yuvarlanacaqdı. Tarixi təcrübə göstərir ki, “Rəsulzadə-Elçibəy yolu” deyilən abstrakt siyasi düşüncə Azərbaycanın inkişaf modelinin əsaslarını yarada bilmir.

Üçüncüsü, cəmiyyətdə çox ciddi sosial-iqtisadi ziddiyətlər üzə çıxacaqdı.

Dördüncüsü, ölkə geopolitik güclərin poliqonuna çevriləcəkdi.

Beşincisi, eynilə 1992-ci ildə olduğu kimi, formalaşacaq oxlokratik iqtidar gənc müstəqil dövlətin heç bir fundamental problemini çözə bilməyəcək, hakimiyyət iflasa uğrayaraq cəmiyyəti total depressiyaya salacaqdı.

İqtidarda möhkəmlənmək İlham Əliyev üçün heç də asan olmadı. Dəfələrlə daxili və xarici təhdidlərlə, təzyiqlərlə üzləşdi, çevriliş planları ilə qarşılaşdı.

2005-ci ildə keçirilən parlament seçkilərində gənc dövlət başçısına qarşı “məxməri inqilab” layihəsinə start verildi. İlham Əliyev böyük təmkinlə, məharət və qətiyyətlə planın qarşısını aldı. Dünyanın hər yerində dövlətin və sabitliyin təminatçı təbəqəsi olan “Orta Dirək” rəngli ssenari qarşısında dim-dik duraraq hakimiyyətin içərisindəki bəzi qüvvələri siyasi müxalifətlə birləşdirmiş Sorosa tarixi qulaqburması verdi.

İlham Əliyevi yenməkdə israr edənlər 8 il sonra üzünü Şimala çevirdilər. Rusiyadakı azərbaycan mənşəli milyarderlərin maliyyəsi, Fətullah Gülənin xeyir-duası, erməni diasporlarının Qərbdəki kripto mərkəzlərinin aktiv dəstəyi ilə Azərbaycanda “yeni ziyalı hərəkatı” pərdəsinə bürünmüş qeyri sistemli müxalifətlə leqal müxalifət “Milli Şura” adı altında birləşdirildi. Bu proses bir neçə gerçəklik üzə çıxardı:

- İlham Əliyev bir siyasi lider və prezident olaraq Azərbaycan dövləti ilə eyniləşib;

- Azərbaycan ictimai fikir müəssisəsinin bütün milli isimləri İlham Əliyevi dəstəkləyir.

- Marginallaşmış müxalifət partiyalarının və liderlərinin İlham Əliyevin qarşısına çıxmağa heç bir siyasi və intellektual resursu yoxdur, milli maraqlarımıza qarşı əsas təhlükə mənbəyi qeyri-sistemli müxalifət qruplarıdır.

2020-ci ilin payızında Azərbaycanın dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirməsinin, rəngli inqilab layihələrinin üstündən xətt çəkməsinin, sosial təkamül anlayışı ilə hərəkət edərək özünəməxsus inkişaf modeli qurmasının məntiqi yekunu olaraq İlham Əliyevin sərkərdərliyi tarixi zəfər qazandıq. Bu misilsiz qələbə nəticəsində dövlət müstəqilliyimiz ayağıdakı ağır buxovdan qurtuldu, Azərbaycan üçün və Azərbaycanla bağlı tamamilə fərqli reallıqlar yarandı. Bu reallıqlar fonunda Azərbaycanın lideri kimi İlham Əliyevin missiyasını təhlil edəndə gözlərimizin önündə əsl siyasi şəxsiyyət dayanır.

İlham Əliyev ilk növbədə Azərbaycanın müstəqilliyinin daxili dinamikasını formalaşdırır.

İkincisi, İlham Əliyev Azərbaycanın xarici siyasətində çoxvektorluq prinsipini əsas götürərək ölkənin iradəsini və qərarlarını beynəlxalq səviyyədə qəbul etdirir.

Üçüncüsü, İlham Əliyev Azərbaycan xalqının və dövlətinin tarixdən neqativ asılılıqlarını aradan qaldırır.

Dördüncüsü, İlham Əliyev özündə Azərbaycan dövlətinin institutsional yaddaşını ehtiva edir.

Beşincisi, İlham Əliyev Azərbaycanın gələcək modelinin qarantı kimi çıxış edir.
Bütün bu parametrlərə malik olmaq üçün insanın qeyri-adi xarakteri, iradəsi, intellekti, yaddaşı, enerjisi, əzmi, doğuşdan gələn keyfiyyətləri olmalıdır- bunlar bəllidir.

Ancaq məndən “İlham Əliyevin Azərbaycanda ürəyində hakimiyyət keçmiş, keçən və keçə biləcək qalan siyasətçilərdən ən başlıca fərqi nədir” deyir deyə soruşsanız, ən qısa cavabım belə olar: O, öz ideyalarına və prinsiplərinə heç bir halda xəyanət etmir, daim güvən aşılayır, istənilən qərarının reallaşma prosesini ciddi şəkildə kontrol edir və praktik təsirləri nəzərə alaraq hədəfə yenidən yönləndirir, zamanı qabaqlamağı bacarır!

Taleh Şahsuvarlı,
AzNews.az analitik-informasiya portalının baş redaktoru