- Redaktor masası
- 23 Oktyabr 15:43
- 11 690
Beynəlxalq hüquq müstəvisində Qərbi Azərbaycanlıların qayıdış haqqı
İndiki Ermənistan Respublikasının ərazilərindən zorla qovulmuş qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq hüquq müstəvisində bir sıra fundamental prinsip və normalara əsaslanır. Bu hüquq insan haqları üzrə beynəlxalq miqyasda hamılıqla qəbul edilmiş sənədlərin məğzini təşkil etməklə yanaşı, beynəlxalq adət hüququnda da geniş yer tutur. Ermənistanın hüquqşünasları və ekspert dairələri hər nə qədər Qərbi Azərbaycanlıların qayıdış haqqını şübhə altına almağa çalışsalar da, beynəlxalq hüquq bütün 20-ci əsr boyu doğma yurdundan zorla deportasiya edilən soydaşlarımızın geriyə dönüşünü birmənalı şəkildə dəstəkləyir.
Qərbi Azərbaycanlıların qayıdış hüququ ilk növbədə BMT-nin 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsaslanır.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsi hər kəsin ölkəsini tərk etmək və geri qayıtmaq hüququnu tanıyır. Bu prinsip irqi, milli, dini ayrıseçkilik və münaqişələr nəticəsində qaçqın düşmüş şəxslərə xüsusi olaraq şamil edilir. Qərbi azərbaycanlılar daimi yaşayış yerlərindən zorla məhrum ediliblər və onların yurdlarına qayıtmaq hüquqları bu bəyannamə ilə geniş şəkildə müdafiə olunur.
Digər mühüm bir sənəd- ICCPR “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”dır.
Bu paktın 12-ci maddəsinə görə, hər bir şəxsin öz vətəninə qayıtmaq hüququ var:
“Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz”
Bu sənəd 1966-cı ildə qəbul edilmiş və bir çox dövlət, o cümlədən keçmiş SSRİ də bu sənədə qoşulmuşdu. Ötən əsrin ortalarında və 1988-ci ildə tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlılar Ermənistan SSR vətəndaşı olublar. Onların zorla deportasiya edilməsi və geri qayıdışlarına əngəl törədilməsi bu hüququnun kobud pozulmasıdır. 1988-ci ildən bəri qərbi azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququnun heç bir əsas olmadan məhdudlaşdırılmasına İkinci Qarabağ Savaşından sonra real zəmin yaranıb.
Qərbi azərbaycanlıların qayıdış hüququna Qaçqınlar haqqında 1951-ci ildə qəbul edilmiş Cenevrə Konvensiyası və konvensiyanın 1967-ci il Protokolu da təminat verir.
Bu konvensiya və protokol insanların zorla yer dəyişməyə məcbur olmasını, qaçqın statusu və qayıdış hüquqlarını tənzimləyir. Ermənistandan qovulmuş azərbaycanlılar öz doğma torpaqlarından məcburi şəkildə çıxarıldığından və milli mənsubiyyətlərinə görə təqib olunduqlarından bu konvensiyanın müddəaları onların qayıdış hüququnu qətiyyətlə dəstəkləyir. Konvensiyada göstərilir ki, qaçqınların öz ölkələrinə könüllü olaraq və təhlükəsiz şəraitdə qayıtmaq hüququ vardır. Bu hüququn reallaşması üçün Ermənistan vaxtilə icra etdiyi etnik təmizləmə siyasətindən geri çəkilməlidir.
Etnik təmizləmə beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər kateqoriyasına aiddir. İnsanlıq əleyhinə cinayətlərə dair Ermənistanın qoşulduğu Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunda göstərilir ki, əhalinin zorla qovulması və deportasiyası beynəlxalq hüququn ağır pozuntularından biridir. Bu mənada Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ beynəlxalq cəmiyyət tərəfindən dəstəklənməli və onların öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması təmin edilməlidir.
Ermənistanın beynəlxalq öhdəlikləri də bunu tələb edir.
Ermənistan bir respublika olaraq insan hüquqlarını qorumaqla bağlı üzərinə götürdüyü öhdəliklər götürüb. Rəsmi İrəvan həmçinin etnik və dini azlıqların hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Bu çərçivədə azərbaycanlıların hüquqlarını təmin etmək Ermənistanın müzakirəsiz borcudur.
Yada salmaq lazımdır ki, etnik və dini mənsubiuyyətinə görə, insanları zorla yerdəyişməyə məcbur etmə halları ilə bağlı bir çox BMT sənədi mövcuddur. Bu sənədlər də qaçqın və məcburi köçkün statusunda olan insanların qayıdış hüququnu müdafiə edir. Deməli, Qərbi azərbaycanlıların Ermənistan ərazisinə qayıdış hüququ həm də bu qətnamələrə əsaslanır.
Taleh ŞAHSUVARLI