- Redaktor masası
- 18:32
- 1 253
COP da Bakıda, top da!- Qərbin “Attila sindromu”
Erməni mediası dərin depressiya içindədir. Bakıda keçirilən COP29- İqlim Konfrasının ən yüksək səviyyədə baş tutması, obrazlı desək, dünyanın Azərbaycanla nəfəs alması Cənubi Qafqazdakı süni dövlətin bütün niyyətlərini puç edib. Azərbaycan qlobal istiləşmə ilə bağlı dünyanı gözləyən təhlükəyə qarşı fəaliyyət planı tutarkən, COP29 kimi planetin ən nəhəng tədbirinə layiqincə ev sahibliyi etmək üçün ən xırda detallarına qədər nəzərə alınmış konfrans təşkil edərkən erməni kilsəsi, hakimiyyəti, diasporası yenə barbar xəyalları qurub, öz cılız və çirkin maraqlarını bəşəriyyətin ümumi azadlığına və təhlükəsizliyinə qarşı qoyublar. Ermənistan adlı kvazi respublikanın COP29 kimi qlobal və strateji sammitdə iştirak etməyə mənəvi haqqı olmadığı kimi, İrəvanın üzü beynəlxalq ekoloji hüquq və humanitar təşəbbüslər qarşısında da qapqaradır.
Ermənistan 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Qarabağda saysız-hesabsız ekoloji cinayətlər törədib: kənd, qəsəbə və şəhərləri xarabaya çevirib, meşələri kəsib, çayların axarını dəyişib və su hövzələrini çirkləndirib, anbarlardan su buraxmamaqla quraqlıq yaradıb, əkinə yararlı torpaqları şoranlaşdırıb, buz kimi bulaqları qurudub, qanunsuz mədən hasilatı apararaq yerin altına da, havaya da böyük zərər vurub. İndi Azərbaycan bircə-bircə bunların hesabını sorur Ermənistandan. Səmimi və obyektiv olsaydı, Avropa Şurası, Avropa Birliyi, ABŞ və digər Qərb dövlətləri də ən azı Ermənistanın ekoloji terrorunu qınayar, COP29 tirbunasından Cənubi Qafqazı ekoloji fəlakətə sürükləyən erməni vandalizminə qarşı mövqe sərgiləyərdilər.
Fəqət Ermənistana “gözün üstündə qaşın var” deyən yoxdur. Qarşılığında dünyanın diqqətinin COP29-a cəmlənməsindən sui istifadə edərək Azərbaycan əleyhinə qaralama kampaniyası aparılır. Erməni institutları bu kampaniyanın əsas təşkilatçısı olduqlarını danmır, hər fürsətdə “fəxrlə” dilə gətirir, ABŞ və Avropadakı rüşvətxor siyasətçilərə, xirtdəyəcən korrupsiya içində olan qurumlara, psixopat fəallara, transmilli media quruluşlarına nüfuz edərək Azərbaycanı imicinə sapdırmağa çalışdıqlarını etiraf edirlər. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, xalqına qarşı bağışlanmaz cinayətlər işləmiş çətə liderlərini və üzvlərini Bakı həbsxanalarından xilas etmək üçün apardıqları kampaniya nəticəsiz qaldıqca depressiyaya düşür, panika keçirir və daha da aqressivləşirlər. Bakıda saxlanılan “Lyoşa” ləqəbli erməni vaxtilə iki azərbaycanlı əsirə- qardaş və bacıya hansı işgəncələr verib, birini təsdiqlənmiş məlumatlara əsasən deyim. İnsanlıq adına ləkə olan həmin məxluq əsir düşmüş qardaşı öz doğma bacısını zorlamağa məcbur etmək istəmiş, bunun üçün ona verilən ağır işgəncələrə dözməyən qardaş əlinə keçən dəmir parçasını qullanaraq intihar etmişdi. İndi həmin erməniləri “məsum” elan edib məhkəmədən və cəzadan qurtarmaq istəyirlər. ABŞ və Avropanın məlum siyasətçiləri utanmadan, bütün insani və vicdani refleksləri, dəyərləri yox sayıb Bakıdan həmin erməni manyaklarını geri almağa çalışırlar. Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin yaydığı bəyanatla tanış olanda, adamın ayağı yerdən üzülür. Bu qədər qərəzli, bu qədər insafsız, Azərbaycana və azərbaycanlılara qarşı bu qədər nifrətlə açıqlama yayanlarla eyni planetdə yaşamaq utancdır!
Problemin mahiyyətinə doğru varmaq məcburiyyətindəyik. Ötən əsrin 80-ci illərinin ortalarında SSRİ-nin dağılmasını sürətləndirmək məqsədi ilə erməni diasporunun imkanlarından istifadə edərək ABŞ, Fransa, Kanada, Yunanıstan kimi dövlətlər Qarabağ münaqişəsinin başlanmasına rəvac veriblər. “Dənizdən-dənizə Ermənistan” ideiyasını meydana çıxaran da “Vilson planı”dır. Osmanlı ərazilərində və Azərbaycanın tarixi torpaqlarında Qaradənizə çıxışı olan erməni dövlətinin yaradılması məhz Vilsonun doktrinası idi. Azərbaycan 44 günlük müharibədə öz ərazilərini işğaldan azad edərək Cənubi Qafqazdan yeni reallıq yaradıb. Bu reallıq qarşısında köhnə streotiplərini dəyişə bilməyən, maliyyə mənbələrindən məhrum olan, xristian təəssübkeşliyi ilə müsəlman bir dövlətin tərəqqi yoluna daş yumalamaq istəyənlər, türk adı gələndə daş atıb başını tutanlar qələbəsini Azərbaycana bağışlamaq istəmirlər. Bu gün hədəfə alınan məhz Azərbaycanın tarixi zəfəri, müstəqil inkişaf modeli və potensialıdır. Prezident İlham Əliyev Qərbin gözünə Attila kimi, Alp Arslan kimi, Sultan Mehmet kimi, Şah İsmayıl kimi, Nadir şah kimi, Atatürk kimi, Heydər Əliyev kimi, xaçlı yürüşlərini dayandıran Səlahəddin Əyyubi kimi görünür. “Attila sindromu”ndan əziyyət çəkən Qərb dünyasının Frenk Pallone kimi buqələmun isimlərinin əsl dərdi nə Azərbaycanda insan haqlarıdır, nə də bir zamanlar müharibə cinayəti olan qanunsuz məskunlaşdırma nəticəsində Qarabağa yerləşdirilmiş, yaxud işğalçı ordu mənsubu kimi Azərbaycan ərazisində “yurd salmış” ermənilərin aqibəti. Onları əndişəyə salan 30 illik işğal buxovundan qurtulmuş Azərbaycanın dünyadakı məzlum xalqların və neokolonizmdən əziyyət çəkən zəif dövlətlərin maraqlarının ifadəçisi olması- Qərbin müstəmləkəçilik siyasətinə qarşı İlham Əliyevin Azərbaycan adına geopolitik bir missiyadan çıxış etməsidir. Məyus olmağa məhkumdurlar: COP-da Azərbaycandadır, top da!
Dünya yenidən şəkillənəcək. İraqa sabitlik, sülh, firəvanlıq gətirə bilməyən ABŞ, illərdir Türkiyəni öz sıralarına almayan Avropa Birliyi, Suriyanın, Ukraynanın ərazi bütövlüyünə təminat verə bilməyən BMT öz geopolitik cazibələrini çoxdan itiriblər, kimsənin umurunda deyillər. Beynəlxalq arxitektura təmir edilməli, yenidən qurulmalıdır. Qoşulmama Hərəkatının, İslam dünyasının və Türk Dövlətlərinin təmsilçisi olaraq Azərbaycan yeni dünya nizamında BMT Təhlükəsizlik Şurasını əvəz edəcək qurumda yer almalıdır. Buna həm iddia etməli, həm də hazır olmalıyıq. Çox yaxın zamanlarda qonşuluqda yeni fırtınalar qopacaq. Güney Azərbaycanlılar “olmaq və olmamaq” dilemmasından keçəcəklər. Aqibətləri təkcə özlərindən yox, həm də bizdən, bizim hazırlığımızdan asılıdır. Oyunu kim başlayırsa başlasın, final fitini biz çalmalıyıq. Bizim bir millət olaraq ən böyük marağımız və hədəfimiz Qərblə deyil, Şərqlə- Arazın o tayında əsir qalan Azərbaycanla bağlıdır.
Taleh ŞAHSUVARLI